Dini maarifə əsasən, mal və ruzinin insan ruhuna və canına təsiri vardır. O kəs ki, Allah deyən kimi yaşamaq istəyir - gərək ruzisini də halal yolla əldə etsin. Əks halda cəmiyyət süqut edər və haramzadələrin sayı artar.
İmam Cəfər Sadiqin (ə) nəzərinə görə, haram malın insanın övladına və gələcək nəslinə mənfi təsirləri vardır. Həzrət (ə) buyurur:"Haram qazancın təsiri övladda və nəsildə zahir olar".
Bu səbəbdəndir ki, Quran ayələri insanları halal ruzi qazanmağa dəvət edir və haram ruzini qadağan edir. "Ey iman gətirənlər, Allahdan qorxun və əgər imanınız varsa, sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl çəkin.
Və əgər belə etməsəniz (və sələmçiliyi davam etdirsəniz), onda Allah və Onun Peyğəmbəri tərəfindən olan müharibəyə yəqin edin (yəqin bilin ki, belə bir müharibə sizə üz tutacaqdır, haqq hökümət və ya partlayış həddinə çatmış cəmiyyət onu sizdən geri alacaqdır). Tövbə etsəniz isə, sərmayələriniz özünüzündür (aldığınız faizi geri qaytarın ki, belə olan surətdə) nə zülm edərsiniz, nə də zülmə məruz qalarsınız". ("Bəqərə" 278-279).
Allah Təala buyurur ki, insanın iman və təqvasının halal ruziyə təsiri vardır. "Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar(Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq". ("Əraf" 96).
İmam Sadiq (ə) halal ruzi barəsində buyurur: "O kəs ki, halal ruzi dalınca gününü yorulmuş və əldən düşmüş keçirərsə, gecəni günahları bağışlanmış halda keçirər".
Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, insan halal ruzi yeyər, başının üstündə mələk hazır olar və onun üçün bağışlanma istəyər o zamana qədər ki, yeməkdən ayrılar".
Beləliklə deyə bilərik ki, Allah insanlar üçün xüsusi qanunlar təyin etmişdir ki, onlardan biri də halal ruzi qazanmaqdır. Əgər bəndə halal ruzi ardınca olarsa, Allah günahlarını bağışlayar və onu behiştində sakin edər. Əks halda atəş əhlindən olar.
Milli.Az