Qadin.NET / Milli geyimlərimizin tarixi

Milli geyimlərimizin tarixi

 

Milli geyimlərimizin tarixi

 

Azərbaycan xalqının tarixi və milli mədəniyyətilə bağlı əsas atributlarından biri də milli geyimlərdir. Bu növ ona görə unikaldır ki, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq geyimlərdə öz əksini tapıb.

Azərbaycan XVII əsrdə yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əyaləti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa rayonlarında da ipəkçilik istehsalı çox inkişaf etmişdi. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu. Geyimin stili onun yiyəsinin ailə vəziyyətini və yaşını əks etdirirdi. Subay qızların geyimlərı evli qadınların geyimlərindən fərqlənirdi. Cavan qızlar daha parlaq və qəşəng geyinərdilər.

Çəpkən - çiyinüstü, astarlı və yalançı qollara malik olan qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən və bir neçə növ ipək parçalardan tikilirdi.

Ləbbadə - çiyinüstü üst gödəkçəsidir. Bu geyim sırıqlı astarda olur, tirmədən, məxmərdən və başqa parçalardan tikilirdi. Güləcə - qadın çiyinüstü üst geyimidir. Bu geyim astarlı olur və tirmədən, məxmərdən tikilirdi.

Baharı - sırıqlı astarda qadın çiyinüstü üst geyimidir. Əsasən məxmərdən tikilirdi.

Kürdü - qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən tikilirdi, xəz dəri və sıx naxışlarla bəzədilirdi.

 

 

Eşmək - qadın sırıqlı üst geyimidir, tirmədən və məxmərdən tikilirdi. Bu geyimin yaxası, ətəyi və qolları safsar xəzdərisilə, qızılı şəbəkə torla və şəridlə bəzədilirdi.

Qadın bel üst geyimi - bir neçə tumandan, cütbalaqdan və çaxçurdan ibarət idi.

Şəhərlərdə qadınlar evdən çıxanda tumanın üstündən çaxçur geyərdilər. Kişi milli üst geyimi - üst köynək, arxalıq, qaba və çuxadan (çiyinüstü) ibarət idi. Bir və ya ikiyanlı arxalıqlar ipək, atlas, kişmir, mahud, satin və başqa parçalardan tikilirdi.

Qaba - kişi çiyinüstü üst geyimidir və əsasən tirmədən tikilirdi.

Çuxa - içi tüklü qoyun dərisindən tikilmiş düyməsiz, naxışlı şubadır.

Milli geyim dəstinə müxtəlif növlü baş geyimləri və ayaqqabılar daxil idi. Milli geyim dəstlərinə yerli zərgərlərin yaratdığı zərgərlik məmulatları aiddir. Qadın zərgərlik məmulatları onların tədbiqinə uyğun olaraq, baş, boyun, döş, bel, bilək hissələrinə bölünür. Ornamentin ən sadə ünsürlərinə - düz və sınıq xətlər, ziqzaqlar, dairələr, üçbucaqlar, kiçik romblar, nöqtə ornamentinə erkən bürünc (Azərbaycanda e.ə. III minilik) dövrünə aid saxsı qablar üzərində rast gəlmək olar. Bu, Azərbaycan xalqının qədim naxış qoyma sənətinin analoqudur. Azərbaycanda sənətkarlığın inkişafı haqqında burada müxtəlif dövrlərdə olmuş çoxsaylı tacirlər, səyahətçilər və diplomatlar çoxlu maraqlı faktları bildirirlər. İtaliya səyahətçisi Marko Polo (XIII əsr) Şamaxı və Bərdənin ipək məmulatlarının gözəlliyini vurğulayıb. İngilis səyahətçisi - tacirAntoniy Cenkinson (XVI əsr) yay iqamətgahının dəbdəbəsini təsvir edərək yazır: "Kral ipək və qızılla bəzədilmiş zəngin bir çadırda oturmuşdu, onun paltarı mirvari və qiymətli daş-qaşla bəzədilmişdi". XIX əsrin sonu - XX əsrin əvvəllərində naxış tikmələr üçün istifadə olunan parçalar yerli istehsala aid qanovuz, darayi və məxmər idi. Onlar Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Naxış tikmək üçün ipək, yun saplar və yerli istehsala aid möhürlü nişancıqlardan (metal lövhəciklər) istifadə olunurdu. Boyama zamanı bitkidən alınan boyaq maddələrindən istifadə edilirdi.

 

 

Naxış qoyulmuş məmulatlar ornamental motivlərin zənginliyi və rəngarəngliyi ilə seçilirdi. Azərbaycan naxışlarının ən çox sevilənmotivləri qızılgül, nərgiz, qərənfil, lalə, liliya (zanbaq) və meyvə ağaclarının (nar, heyva, alça) çiçəkləri, eləcə də müxtəlif formalı sünbül və yarpaqlar idi. Naxışların həndəsi şəkilli bəzəkləri düz və sınıq xətlər, ziqzaqlar, üçbucaqlar, dördbucaqlılar, altı və səkkizguşəli gülşəkilli bəzəklər, kiçik romblar, ulduzlar və rəmzi günəş təsvirlərindən ibarət idi. Naxışlarda quş təsvir etməyi xoşlayırdılar: bülbül, tovuz quşu, göyərçin, tutuquşu, hop-hop, qarğa, qırqovul, dişi bildirçin, kəklik və s. Çox tez-tez quş cütlüklərinin təsvirinə rast gəlinirdi - ən qədim və sevilən ornament motivi idi. Quşları adətən ya bir-birini sevən tərzdə, ya da dalaşmış şəkildə (məhəbbət və ayrılıq rəmzi) təsvir edirdilər. Heyvanlar aləmindən isə naxış tikmələrdə ən çox ceyranları, tısbağaları, ilan-əjdahaları, atları təsvir edirdilər. Məişət əşyalarından isə gülab üçün kiçik qrafinlər, daraq qutular, kosmetika üçün şüşə qablar, dolçalar və s. şəklində bəzəklərə rast gəlinir. Azərbaycanda məişətdə məşhur və geniş yayılmış tikmə növləri bunlar idi: "qızıl" tikmə, sıx naxışlı tikmə, tambur naxışlı, texnikada "quş gözü", parlaq bəzəklərlə tikmə, muncuqla, möhürlənmiş piləklərlə, "kökləmə" ("sırıma"), applikasiya, spiralşəkili tikmə və file üzərində iş. Tikmələrin geniş yayılmış növlərindən biri - "quş gözü" ağ və ya rəngli ipək sapla tikilir. "Kökləmə" tikməsinə araqçının, şabkulların (gecə papağı), namaz xalçalarının, eləcə də yun geyimin bəzədilməsi zamanı təsadüf olunur. Onu adi və su tikişiylə tikirdilər, astarla üz arasına nazik yun və ya pambıq qat qoyurdular. Mirvari və muncuqla tikmələr böyük maraq oyadır ki, onlarla ta qədimdən kostyum ünsürlərini, məişət əşyalarını və s. bəzəyirdilər. Parlaq bəzəklərlə tikmə - bəzəklərin parça üzərində rəngli ipək saplarla çəkilmiş rəsmin cizgiləri üzərində tikilməsidir. Applikasiya və spiral tikmənin nisbətən cavan üsullarıdır. Nadir hallarda təsadüf olunan file üzərində iş və mereyka (şəbəkəli haşiyə naxışı) daha sonra yayılıb və tətbiq dairəsi geniş deyil. Əl işinin bu növü daha çox salfet, dəsmal və üz üçün örtüklərin bəzədilməsi üçün səciyyəvidir. Və bu gün Azərbaycanın bir çox şəhərlərində tikmə sahəsində qədim məktəblər qorunub saxlanır, Azərbaycan ustalarının əl işləri beynəlxalq sərgi və muzeylərin ekspozisiyasını bəzəyirlər. Bütün növ tikmələrin daha qədimi - qızılı tikmədir. Əsas kimi çox möhkəm parçalardan istifadə olunurdu. Ən yaxşı material birrəng qırmızı, zoğalı, bənövşəyi və yaşıl rəngli məxmər idi. Həmçinin müxtəlif tonlarda olan nazik mahud, parça, tirmə, atlas və tumac dəridə tikilirdi.

 

 

Qızılı tikmə üçün qızılı və ya gümüşü saplardan istifadə olunurdu. Belə növ tikmə bir terminlə adlanırdı: güləbatın. Çox zaman qızılı tikməylə üst qadın geyimini, baş geyimlərini, ev məişət əşyalarını, at üçün bəzəkləri və daha xırda məmulatları bəzəyirdilər. Hətta belə bir adət vardı ki, gəlinin cehizinə qızılı tikməylə tikilmiş müxtəlif məişət təyinatlı əşyalar daxil edilirdi. Rəngli ipək saplarla tikilən naxışlar arasında daha çox yayılanı tambur tikiliş tikmə idi. Tambur tikmələrinin istehsal mərkəzi XIX əsrdə Şəki şəhəri olub. Tambur tikmələri üçün əsas rolu nazik yerli və ya xaricdən gətirilən qırmızı, qara və tünd - göy rəngli məxmər və mahud parça oynayırdı. Mürəkkəb və qəribə (qəşəng) naxış tünd fonda parlaq ipək saplarla tikilirdi.

Bir çox kişilər bu tətbiqi sənət sahəsində qeyri-adi ustalıq göstərmişdilər. Dəzgahda dartılmış parça üzərində sənətkar əvvəlcə rəsmin cizgi xətlərini tikir, sonra bütün içini doldururdu.

Tambur tikmələri üçün iynə "qarmaç" adlanırdı. Tambur tikmələri ilə qadın geyimləri, böyük yastıq üzləri, hamam xalçaları, örtüklər bəzədilirdi.

14 mart 2016
GO BACK