Bu gün çərşənbələrdən üçüncüsü- Yel çərşənbəsidir. Yel çərşənbəsi xalq arasında Külək çərşənbəsi kimi də çağrılır. Baharın gəlişi ilə havaların dəyişməsi, durmadan həzin küləklərin və mehlərin olması insan aləminə xoş təsir bağışlayır. Təbiətdə yazın ətri duyulmağa başlayır. Sanki mürgüdən oyanan külək dolaşaraq suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur. Məhz bu çərşənbə günü bütün evlərdə təmizlik işlərinə başlanılır. Xüsusən qadınlar, qızlar evdə tam mənada təmizliyə riayət etməyə başlayırlar. Hər bir xanım evindəki yorğan, döşəyi havaya atır və onun təzə gələn bahar nəfəsilə yenilənməsini, çıxan günəşin təsiri altında daha da təmizlənməsini istəyir. Həmçinin evlərdə hər tərəf silinib, təmizlənir, palazlar, xalçalar çırpılır, şüşələr, pəncərələr silinməyə başlanılır. Xanımlar artıq bayramın özü üçün tədarüklər etməyə başlayırlar. Onlar bişirəcəkləri şirniyyatlara lazım olan məmulatları indidən hazırlayırlar. Evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdır. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur. Məhz bu səbəbdən insanlar süfrədə şirin məmulatlardan ibarət xonca hazırlayırlar. Bu çərşənbədə də digərlərində olduğu kimi hamının qapısında, həyətində tonqallar qalanır.
Əziz Qadın.Netin dəyərli istifadəçiləri, çərşənbənizi təbrik edir, sizə uğurlar arzu edirəm.