Qadin.NET / Novruz adət-ənənəmiz

Novruz adət-ənənəmiz

Novruz bayramı ölkəmizin hər yerində qeyd olunur, çünki Novruz bizim milli bayramımızdır. Amma Novruz adət-ənənləri bölgədən-bölgəyə az da olsa fərqlənir. Bu xəbərimdə sizləri Culfa rayonunun Novruz adət-ənənəsi ilə tanış etmək qərarına gəldim.

Culfa rayonunda axır çərşənbə böyük təntənə ilə qeyd olunur. Axır çərşənbə hər il martın 20-21-dən əvvəlki çərşənbə günü qeyd edilir. Gün batandan sonra hər məhəllədə tonqal qalanır. Qoca, cavan, uşaq, bir sözlə evlərdə olan hər kəs tonqalın başına yığışır, hamı yanan tonqalın üzərindən hoppanır. Əgər hansısa qapıda, həyətdə tonqal qalanmazsa, bu, uğursuzluq rəmzi kimi başa düşülür.

Novruz adət-ənənəmiz

Tonqal yanıb qurtarana qədər hamı odun üzərindən tullanır və hər kəs evə gedir. Həmin gecə, yəni çərşənbə gecəsi evlərdə milli xörəklərimiz bişirilir, süfrələr bəzədilir. Hər kəs axşam yeməyini yedikdən sonra rayon mərkəzinə gəzintiyə çıxır. Rayonda axşam böyük bayram tədbiri keçirilir. Hamı bir-birini təbrik edir. Uşaqlar bir-bir qonşulara, qohumlara gedir və torba atırlar (Culfa rayonunda papaq atmaq əvəzinə torba atmaq deyirlər). Uşaqların torbalarına müxtəlif çərəzlər, şirniyyatlar, meyvələr qoyulur. Saat 23-24 arası atəşfəşanlıq olur.

Hamı rayon mərkəzinə axışır. Atəşfəşanlıqdan sonra hamı bir-birini təbrik edir və hər kəs evə qayıdır. Bayram günü isə, yəni martın 21-də rayon mədəniyyət evinin qarşısında böyük bayram tədbiri təşkil olunur. Bu dəfə isə hər bir bölgəmizdə olduğu kimi "Kosa" və "Keçəl" meydanda görünür.

Ətrafda Novruz abu-havası hiss olunur. Səmənilər bəzədilir, milli geyimli rəqqasələr milli rəqslərimizlə rəqs edir, Keçəl və Kosa oynayır və hamını şənləndirir. Rayon icra hakimiyyətinin başçısı bütün rayon camaatını təbrik edir. Tədbir 3-4 saat davam edir.

Bayram günlərində evlərdə bayram süfrələri bəzədilir. Paxlava, şəkərbura, qoğal, müxtəlif şirniyyatlar, çərəzlər, meyvələr, boyanmış yumurta, səməni, qovurğa bayram süfrəsinin rəmzləridir.

 

Novruz adət-ənənəmiz

Bayram günlərində hamı bir-birinin evinə gedir və bir-birini təbrik edir. Buna görə də, Novruz yeni gün, ruzi bərəkət, təmizlik, paklıq rəmzi sayılır.

Hər birinizin Novruz bayramını təbrik edirəm!!! 

15 mart 2016
GO BACK