Dünya yeni yarananda bu qaydanın necə olduğunu bilmirəm, amma müasir dövrümüzdə bu ən gözəl adət və xoşbəxtlik sayılır. Gələcəkdə xoşbəxt olub olmayacağımızı bilmədiyimiz halda, hamımız ailə qurmağa can atır, bunu ən böyük səadət sanırıq. Məhz bu niyyətimiz bizi ata evimizi tərk edib yad bir evə doğmalaşmağa məcbur edir. Bu yeni ocaqda öz səadətimizi tapacağımıza elə inanırıq ki, o inamla hər çətinliyə dözürük. Təki bircə ailəli olaq.
Bu “evdəyişmə qanunu“, “ailə qurmaq“ və yaxud “ərə getmək“ şəklində ifadə olunur. Yəni dilimizdə bu birləşmələr bir- birinin sinonimi kimi işlənir. Mənim fikrimə gəldikdə isə bu iki anlayış bir-birinin tam əksi, yəni antonimidir (Heç kimi mənim kimi düşünməyə məcbur edə bilmərəm. Bu fərdi yanaşmadır).
Əgər “Səadət“ adlı bir nəzəriyyə yazılıbsa, ailə qurmaq bunun praktikası hesab oluna bilər. Bu praktikanı həvəssiz, könülsüz, müəllimlə razılaşmadan, pis qiymətlə həyata keçirmək isə artıq “ərə getmək“ hesab olunur. Məncə, ailə qurmaq deyəndə onun içində bütün yaxşılıqlar da gedir. Ərə getmək isə bu prosesin məcburi halda, adətdən boyun qaçırmamaq xətrinə həyata keçirilən formasıdır.
Ailə qurmaq – bütün ömrün boyu şirin qayğılarla ovunmaq, bu qayğıları qram-qram toplayıb sevinc yaratmaq, ərə getməksə- bir dünya arzularının anbaan məhv olmağını sükutla seyr etməkdir. Əgər sadəcə, ərə getmisənsə, deməli, sən yalnız “qadınsan otur yerində“ kimi ifadənin ağırlığı altında əziləcəksən. Əsil ailədə sevincinə sevinən, qəmini səninlə bərabər çəkən həqiqi dostlar yaşayırlar. Ərə gedənlərin isə bu məqamlarda heç kəsi olmur, bütün hisslərini tək yaşayır. Əsil ailədə dünyaya gələn övladlar ata-ananın bir – birinə bağlılığını daha da artırır. Sadəcə, ərə getmisənsə onda uşaq doğmağınla sənə ancaq ərinin nəslini artırmaq vəzifəsini öhdəsinə götürmüş biri kimi baxırlar. (Əgər bu qabiliyyətdən məhrumsansa onda səni qaytaracaqlar ata evinə) Bu cür anaların heç öz övladına belə analıq etmyə icazəsi olmur. Ana övladı üçün dayə rolunu oynayır, onu yedirir, altını təmizləyir və çimizdirir. Tərbiyəsinə isə anadan başqa hamı qarışır. Nənə, bibi və digərləri uşaqla əylənir, gəzməyə aparırlar. Uşaq da onları sevir, anasını isə xidmətçi kimi görür. Ana buna etiraz edə bilmir, çünki onda eşitdiyi “dədən evindən uşaq gətirməmisən“ sözləri olur. Ailə qurmusansa özünə təzədən valideyn tapmış olursan, ərə getmisənsə əksinə, öz valideynlərindən də uzaqlaşırsan. Çünki “gəlinin dədəsi evində nə işi var“ deyib səni oraya getməyə qoymayacaqlar. Ərə gedən qızlar ata- ana üçün ömürlük cəzaya məhkum edilmiş məhbus , əri üçün qul, uşaqları üçün dayə, qayınana üçün yad qızı, baldız üçünsə yalnız və yalnız düşməndir. Ərə gedən qız günün birində kiminsə qəzəbinə tuş gəlir, təhqir olunur və əvvəllər ziyarətə buraxılmadığı ata evinə qovulur. Ümidsiz şəkildə çölə atılır. Digər bir hal da mövcuddur. Bu cür müti qadın xəstələnib yatağa düşərsə qayğısına qalan olmaz, dünyasını dəyişsə belə yoxluğuna təəssüflənən olmaz. Onu əvəz edən başqa birinin tapılması isə o qədər də uzun çəkməz.
Əgər qadına evin bəzəyi, ona övlad kimi bir xoşbəxtliyi bəxş edən varlıq kimi, dəyərli bir şəxs kimi baxılırsa demək o qadın, ailə qurub. Bütün bu gözəlliyin əksini yaşayanlar isə, sadəcə, ərə getmiş hesab olunurlar. Elə bu pis tərəfləri nəzərə alaraq deyirəm:
- Qızlar, əvvəlcə tanıyın, sonra bütün hisslərinizlə bir-birinizə bağlandığınız və mənəvi yaxınlıq duyduğunuzla ailə qurun. Ürəyindən gəlinə hökmranlıq etmək və nəslini artırmaq istəyi keçənlərin, eyni zamanda yığdığı cehizi vaxtında verib dünyadan rahat köçmək arzusu ilə yaşayanların xətrinə diri ikən məhv olmağa doğru addım atmayın. Bir sözlə; qızlar, ərə getməyin, ailə qurun.
Pərvanə Bayramqızı