Qadin.NET / Biz qadınlar...

Biz qadınlar...

 


 

"Qohumun qohuma etdiyini əqrəb etməz" - deyə bir atalar sözü var. Mən bu sözü dəyişdirib, "qadının qadına etdiyini" - deyə başlamaq istəyirəm.

Belə ki, qaynana-gəlin problemi, evli şəxslə birlikdə olan qadınlarla problemlər... Bu misalları artırmaq mümkündür. Ağılıma bu sual gəlir: "Niyə bir-birimizə dəstək olmaq əvəzinə qarşı çıxırıq? Bunlar hansı psixologiya içərisində meydana gəlir? Bunun təməlində nələr var?". Çox düşünüb belə bir nəticəyə gəldim - özünə etibarsızlıq. Necə?

İş yerində qadınların bir-birlərinə dəstək olmadıqlarını, ondan daha yüksək vəzifədə işləyən bir kişini deyil, bir qadını qısqandıqlarını və arxasından dedi-qodu etdiklərini müşahidə etdim. Bu özünə etibarsızlıq deyil, bəs nədir? Maraqlanıram!.. Qadınların çox vaxt bir qadının idarəsi altında işləmək istəmədiklərini çox eşitdim.

Qadınlar şəxsi həyatlarını işlərində daha çox əks etdirirlər. Xoşbəxt olduqları zaman ətrafa qarşı daha müsbət baxa bilir qadınlar…

Bəlkə də qadınlar arasındakı rəqabət uşaqlıqdan başlayır. Freudun nəzəriyyəsinə baxdığımız zaman qız anasını özünə rəqib olaraq görür. Qız uşağı cinsi şəxsiyyətini qazanmağa başladığı andan etibarən ana ilə didişməyə və ataya yaxın davranmağa başlayır. Bir tərəfdən anaya bənzəməyə, digər tərəfdən ona rəqib olmağa çalışır.

Qaynana öz qaynanasından çəkdiklərini gəlininə çəkdirər. Gəlininin səhvlərini taparaq oğlunu onun üstünə göndərər. Oğlunu gəlini ilə paylaşa bilməz. Qaynana sanki heç gəlin olmamış kimi davranar. Ya da gəlin qaynanasını rəqib olaraq görər. Anasına göstərdiyi hörməti qaynanasına göstərə bilməz. Özünü başqa bir sahədə qəbul etdirə bilmədiyi və qabiliyyətlərini ortaya qoya bilmədiyi üçün bu sahədə özlərini isbatlama səyi içindədirlər. Keçmişdə var olan bu problem hələ sürməkdədir və gələcəkdə də sürəcəyə bənzəyir. Buna səbəb bəlkə də ön mühakimələrimizdir.

Bir gəlinin yaşadıqları

Mən həyat yoldaşımla deyil, ailəsiylə razılaşa bilmirəm. Mədəni baxımdan çox fərqliyik. Anası oğluna çox bağlıdır. Oğlunu yanından bir an olsun ayırmaq istəmir. Həyat yoldaşının sağ olmasına baxmayaraq, elə davranır ki, sanki oğlu onun ikinci əridir. Ən son yeni ildə mənim işim vardı və onlarla birlikdə ola bilməyəcəyimizi bildirdik. Heç nəyə baxmayaraq, problem olmasın deyə, qısa müddətə qonaq olduq. Bu kafi gəlmədi. İndi nə anasıyla, nə atasıyla, nə də bacısıyla iki aydır görüşmürəm. Bir ara depressiyaya düşdüm. Yeməkdən, içməkdən kəsildim. İndi daha yaxşıyam. Bu yaxınlarda həyat yoldaşımın anası "Barışaq" - deyə mesaj atdı. Mən yaxınlıq vermirəm. Məni "Bu məsafəni qaldırsan, sənin üçün yaxşı olar" - deyə təhdid etdi. Nə etməliyəm, bilmirəm.

Ön mühakimədən uzaq gəlinin qaynanası ilə əlaqədar fikirləri isə belədir

Qaynanamı sevirəm, çünki həm evlilik ərəfəsində, həm də evlilik dövründə məni heç incitmədi. Öz anamdan daha mehriban idi. Gəlin-qaynana münasibətləri sevgi və hörmətlə başlayan inam üzərinə qurulur. Uzun illər sürəcək möhkəm bir evlilik üçün bu çox əhəmiyyətlidir'. Bütün münasibətlərdə olduğu kimi, bir-birini dinləmək və anlamağa çalışmaq problemləri həll etmədə köməkçi olacaq.

Mənfi nümunələr ola bildiyi kimi müsbət nümunələr də mümkündür. Təbii ki, qadın həmrəyliyinin olduğu yerlər də var. Birlikdə paylaşılan dərdlər, çətinliklər, sevinclər… Qadınlar davamlı olaraq bir-biri ilə didişmir. Bəlkə də bir-birlərini çox yaxşı tanıdıqları və anladıqları üçün bu qədər problem yaşayırlar. Bu yazıda da məqsədim problemlərə səbəb olan düşüncə, duyğu və davranışlardan bəhs etməkdir. Sanılmasın ki, həmişə problem yaşanır.

Ətrafımızda bir çox nümunələrini gördüyümüz evli kişiylə birgə yaşayan qadınlar var. Əvvəllər evli olması əhəmiyyətli olmasa da, daha sonra onu paylaşmaqdan məmnun olmur və kişinin arvadını axtararaq "Ərin mənimlədir, səni yox, məni seçir" kimi ifadələrdən istifadə edərək, "dağdan gəlib bağdakını qovmağa" çalışır. Ya da qadın ərini bu mövzuda günahlandırmaq yerinə o dəqiqə digər qadınla döyüşə girir. Sanki bütün problem qadından qaynaqlanırmış kimi. Bölüşdürülə bilməyən kişi və iki rəqib qadın. Yenə bir tərəf digər tərəfə özünü isbat etməyə səy göstərir… Seçilən olmaq üçün hər cür yola əl atırlar. Əslində paylaşıla bilməyən kişi deyil. Əsas məsələ özünü isbat etməkdir. Bəyənilməkdir, istənməkdir.

Bütün günah o biri qadında olur, aldadılan qadın "Ərimi başdan çıxardı" - deyir. Məsuliyyəti o biri qadına yükləyir. O biri qadına qarşı hirsli olur, hərçənd, aldadan həyat yoldaşı bağışlanır. Bəlkə beləcə özünü və əlaqəsini nəzərdən keçirmək məcburiyyətində qalmır. Aldadılan qadın ərini qazanmaq üçün daha əvvəl ediləsi şeyləri bu hadisədən sonra etməyə çalışır. Onu itirəcəyini anladığı anda özünə baxmağa, əri ilə maraqlanmağa başlayır. O biri qadın ilə özünü müqayisə etməyə və onun haqqında məlumat əldə etməyə yönəlir. O biri qadının mənfi tərəflərini tapmağa çalışır.

O biri qadın da başlanğıcda hər şeyi ilə qəbul etdiyi insanı paylaşmaq və ikinci şəxs olmaq istəmir. Gecələri, ya da xüsusi zamanları təkbaşına keçirməkdən sıxılmağa başlayır. Digər tərəfi rəqib olaraq görür və onunla mübarizəyə girir. İlk olmaq üçün döyüşür. Bu döyüş hər iki tərəfin də müxtəlif oyunlara müraciət etməsinə səbəb olur. Hər iki tərəf seçilən olmaq istəyir.

Qadınlar çox vaxt olduqları mühitlərdə digər qadının nə geydiyini, özündən gözəl olub-olmadığını araşdırır. Qadınlardan ibarət olan yığıncaqlarda bir-birindən gözəl görünməyə diqqət göstərirlər. Ən gözəl paltarlarını geyməyə, ən gözəl aksessuarlarını taxmağa çalışırlar. Kişilərin olduqları mühitlərdə belə kişilər tərəfindən bəyənilmək digər qadınlar tərəfindən qısqanılmaqdır. Ön planda olmaq üçün böyük enerji sərf edirlər. Qadınlar niyə rəqabət aparır? Həmişə seçilən və bəyənilən olduqlarındanmı? Bəlkə də, kim bilir...

Bəlkə də qadınlar uşaqlıqdan etibarən ikinci planda olduqlarını hiss etdikləri üçün özlərini sübut etməyə çalışırlar?

P.S. Bir-birimizi rəqib görmək əvəzinə bir-birimizə dəstək olmalıyıq. Bunun üçün də fikirləşirəm ki, qadının əvvəl özünü tanıması və qəbul etməsi lazımdır. Qadın özünü qəbul etdiyi və özünə inandığı zaman başqa qadınla döyüşməkdən imtina edəcək. Özümüz özümüzə hörmət etdiyimiz zaman digər insanlar da bizə hörmət edəcəklər. Öz bacarıqlarımızı inkişaf etdirməliyik. Nələrə qadir olduğumuzu bilməliyik. Yazıq, əzilmiş qadın rolundan sıyrılıb, məhsuldar olmalıyıq. Özümüzü zəkamızla, işimizlə və başqa sahələrdə isbat etməliyik… Ən gözəl və ən doğru yarış insanın özü ilə apardığı yarışdır.

21 iyul 2011
GO BACK