Biz özümüz olmadıq, olmuruq, olmayacağıq da… Çünki asılıyıq başqalarından… Yoxdur öz fikrimiz, qərarlarımız, seçimimiz… Az qalmışdır ki, yaşamağa da başqalarının istək və sifarişi, sözüylə davam edək…
Özümüz olmadıq, doğulduğumuz andan… Övlad olduq, danlandıq təbii olduğumuz zaman… Qadağalar gəldi bir-birinin ardınca… Başqalarına nümunə, fəxr və qürur mənbəyi olmaq üçün unutduq özümüzü, kimliyimizi… Onların çəkdiyi rəsimdəki, yazdığı əsərdəki baş qəhrəman olduq, fərdi olduq, ictimailəşdik, amma özümüz olmağı bacarmadıq…
Övlad olduq, valideyn dediyi kimi yaşadıq, düşündük onları, zərbə altına salmamaq üçün onları, adlarını, ailənin başını ictimaiyyətin seçdiyi qınaq dili ilə desək, “başını aşağı salmadıq”, onların arzuları ilə yaşadıq, onların aldıqları geyimləri geyindik, onların aldıqlarını yedik-içdik… Onların seçimləri ilə təhsil aldıq…
Hər kəs bizim yaxşılığımızı istəyirmiş, özümüzdən savayı… Sanki biz bilmirik, nəyə görə yaşayırıq, necə xoşbəxt ola bilərik…
Başqalarının məsləhəti ilə, seçdiyi yol ilə getdik, öz məsləhətimizi, ağlımızı, qəlbimzii dinləmədik, vicdanımızı susdurduq, özümüz ola bilmədik, öz yolumuzu gedə bilmədik…
Başqaları yanıldığından ittiham edə də bilmədik, dərs çıxarmadıq başqalarının yalnış söz və məsləhətlərindən, arzularından… Yenə başqaları istəyir, arzulayır deyə, yaşadıq…
Özümüz olmadıq uşaq bağçasında, qanunlar, qaydalar var idi deyə, gah tərbiyəçi, gah müəllimə danlayırdı, müqayisə edirdi bizi kiminləsə, alçaldırdı, tənqiddən təhqirə keçirdi ki, “adam” eləsin bizdən… Uşaq vaxtı da özümüz olmadıq…
Uşaq vaxtı valideynlərimizə, uşaq bağçasının əməkdaşlarına, qohumlara, qonşulara görə yaşadıq… Məhrum elədik özümüzü özümüz, uşaq olmaqdan…
Orta məktəbə getdik, yenə seçimi özümüz etmədik, yerimizə etdilər seçimi… Sevdiyimiz fənnləri belə qoymadılar sevməyə, yerimizə başqa fənnləri sevdirdilər bizə… Şagird kimi də özümüz olmadıq. Uşaqlar üçün cizgi filmləri, uşaq filmləri də bizi biz edə bilmədi, onlar da bizə başqası olmağı öyrətdi… Yenə də özümüz olmadıq…
Ali məktəbə girdik, öz seçimimiz olmadan, bizə başqaları seçdi ixtisasımızı, kim olmalı olduğumuzu, harada işləməli olduğumuzu… Ümumiləşdirildik, fərdi ola bilmədik, özümüz olmadıq…
Gündəmdə qalmaq üçün özümüz olmadıq… Taxdıq həyat boyu maskaları, oynadıq rolları, öncə övlad rolunu, sonra uşaq, şagird, tələbə, sonra mütəxəssis, sonra həyat yoldaşı, bacı-qardaş, ana-ata rolunda olduq, hər kəs olduq, özümüzdən savayı…
Özümüz ola bilmədik deyə, özümüzü də sevə bilmədik, işimizi sevmədik, insanları sevmədik… Hamı kimi olduq, hamının içində itib batdıq… Özü kimi olmağı bacaranları, seçilənləri damğaladıq ağır adlarla, uzaqlaşdırdıq, mənəvi cəhətdən təklədik, sürgün elədik…
Ailə qurduq, ərimiz, ər və öz ailəmiz necə görmək istədisə, elə olduq, göz yumduq hər şeyə, unutduq, udduq, yaxşılarla yaşayıb, pisləri unutdurdular bizə ki, yenə özümüz üçün yaşaya bilməyək, özümüz ola bilməyək…
Ana olduq, övladımız oldu, öz həyatımızdan, səhvlərimizdən nəticə çıxartmadıq, bizə yeridilənləri nəsilliklə ötürdük övladlarımıza, gələcəyimizə… Övladımız da bizim kimi özü ola bilmədi…
Özümüz olmalıyıq… Yetər artıq tabe olduq çoxluğa, başqalarına, yetər artıq rol oynadıq, yetər artıq susduq, maska taxdıq… Gizləndik, qorxduq! Özümüz olaq! Hər kəs özü olsun…
Günel Fərhadqızı