Dünyanın ən gözəl və ən zərif məxluqu qadınlardır. O yerdə ki, qadın nəfəsi var, orada bir istilik var. Çox vaxt qadınlara zəif deyilir. Mən bununla razı deyiləm. Çünki ən ağır yük elə qadınların üstündə olur. Ailədə xoş atmosfer yaratmağı bilavasitə qadınla əlaqələndirirlər. Uşaqlar...Məişət qayğıları...Hətta hörmətli psixoloqlar kişilərin də "balaca uşaq" olduqlarını təkrar-təkrar xatırladırlarsa işimiz daha ağırdı. Deyirlər ki, əgər evdə qadın gülərsə sanki evin divarları da gülər. Bəs bu boyda qayğıların öhdəsindən gəlib eyni zamanda özümüzü yaxşı hiss etmək üçün nə edək? Axı biz də xoşbəxt olmaq istəyirik!
İnsan dünyaya gələndən komfort, istilik və xoş münasibət görmək istəyir. İlk anlar bütün bunları onun üçün valideynləri təşkil edir. Özünü dərk etməyə başlayandan sonra isə bütün bunlar onun həyatında öz təsirini göstərir: təhsildə, işdə, özünün mənəvi vəziyyətində, insanlarla ünsiyyətdə. Həmişə əhvalının yaxşı olmasını istəyərək dayanmadan xoşbəxtliyə can atır. Xoşbəxt olmağın birmənalı və dəqiq tərifi yoxdur, axı hərənin öz istəkləri, öz maraq dünyası var. Hər kəs xoşbəxtliyi bir şeydə görür. Lakin ətraflı baxdıqda xoşbəxtliyə çatmaq üçün bir neçə ümumi qaydalar tapıb məsləhətlər vermək olar.
1. Özünüz özünüzlə razılıqda yaşayın. Yəni hər şeyə görə özünüzü cəzalandırıb ümidsizliyə qapanmayın. Eyni zamanda səhvlərinizi də gözünüzdən qaçırmayın. Hər səhvdən nəticə çıxardıb onu bir də təkrarlamamağa çalışın.
2. İnsanlarla yaxşı rəftar edib hamıya imkan dairəsində əl tutmağa, kömək etməyə çalışın. Lakin heç bir zaman sizdən öz məqsədləri üçün istifadə etməyə imkan verməyin. Hərdən olur ki, ən yaxın adamlarımız belə bizim xeyirxahlığımızdan sui- istifadə edirlər.
3. Özünüzə zaman ayırın, yalnız xarici vəziyyətinizin gözəl olması üçün deyil, eyni zamanda daxili aləminizin gözəlliyi üçün də səy göstərin. Daima biliyinizi artırıb, inkişaf etməyə çalışın. Belə etsəniz pis şeylər haqqında düşünməyə vaxt da qalmayacaq. Arxanızdan sizi sevməyən insanlardan ibarət xor dəstəsi də olsa fkir verməyin.
4. Harada olmağınızdan asılı olmayaraq işdə, evdə, harada ki, siz vaxtınızı daha çox keçirdirsiniz, özünüzü rahat hiss edəcək şərait yaradın. Olduğunuz yerləri sizə əziz və dəyərli olan əşyalarla bəzəyin. Sizə xoş təəssürat yaradan insanlarla əlaqə saxlayın.
5. Özünüzə kiçicik də olsa hər gün sevinc bəxş edin. Sevdiyiniz geyimi geyinin, bəzənin, sizə yaxın olan insanlarla görüşün.Ən başlıcası heç kimdən, yoldaşınızdan, uşaqlarınızdan və qohumlarınızdan heç nə ummayın, hədiyyə gözləməyin. Özünüz onlara imkanınız daxilində hədiyyə verin.
6. Heç kimə sizin şəxsi həyatınıza qarışıb hisslərinizə təsir etməyə icazə verməyin.
7. Qadın kimi üstünüzə düşən vəzifələrinizi yaxşı öyrənin. İşlərinizi elə qurun ki, çox yüklənməyəsiniz. Və yaxud iş görərkən sevdiyiniz musiqiləri dinləyin, hərdən rəqs etməyi də unutmayın.
8. Özünüzə kəskin qadağalar qoyun. Məsələn: mübahisə etməyə. İnanın bu sizin əsəblərinizi qoruyacaq. Əgər mübahisə gündüz olsa evdən hara isə çıxın və yaxud oradan uzaqlaşıb bir işlə fikrinizi yayınırın. Mübahisə gecə olsa yerinizə tez girin və yatmağa çalışın. Özünüzü pis şeylər haqda düşünməməyə məcbur edin. İlk anlar bunları etmək sizə çox çətin olacaq.Sonra isə siz artıq buna vərdiş olacaqsınız və öz zəhmətinizin bəhrəsini görəcəksiniz.
9.Pis hisslərin qəlbinizə hakim olub kök atmasına imkan verməyin. Çox vaxt səbəbsiz yerə özünü bədbəxt etmənin səbəbi elə bu olur.
10.Həyatı sevin, insanları sevin.Hər doğan günəşdə,açılan çiçəkdə, quşların cəhcəhində, yağan qarda... Hər şeydə sevinmək üçün bir səbəb tapın. Çünki sən dünyanın zinəti olan qadınsan. Ürəyi şəfqətlə, mərhəmətlə dolu qadın. Hərdən qəlbimdən bir hayqırtı keçir:
Eyy... Dünyanı idarə edən liderlər! Bəsdir hər yeri qana bələdiz! Dünyanı bir günlük mənə verin! Qan tökülən yerdə gül əkəcəm, qoymayacam bir uşağın nahaq göz yaşı axsın, silahları yandıracam məhv edəcəm, acından dərisi qabırğalarına yapışmış uşaqlara yemək verəcəm. Mən pul hərisi deyiləm, dövlətim məhəbbət, varım sevgidir. Uşaqların sevincli gülüşüdür dövlətim. Torpaqlarda dalğalanan taxıl zəmisidir varım. Necə ki, evimdə hamının rahat olması üçün çalışıram, dünyamın da rahat olmasını istəyirəm. Axı, mən qadınam...