Ağıllı qadın çalışmalıdır ki, həyat yoldaşı ilə keçirdiyi vaxtı ən gözəl, mənalı və şirin keçirsin. Öz qadınlığını, incəliyini, zərifliyini və həssaslığını həyat yoldaşına göstərə bilsin. Çünki həmişə qadınından narazılıq və şikayət görən kişi onsuz da əvvəl-axır bezməlidir və xasiyyəti dəyişməlidir.
Təbii ki, bunları etmək o qədər də asan deyil. Buna hər bir qadının gücü yetməz. Bütün bunları eşitsə də, oxusa da, bilsə də yenə qadınlar həmişə eyni cür sualları verirlər; Ərim məni sevsəydi, məni evi idarə etməyə qoyardı. Mənim sözümə qulaq asardı, necə ki, rəfiqəmin əri həmişə onun sözünə hörmətlə yanaşır. Ailəsini, mənə hörmət etməyə məcbur edərdi . Mənim bütün xarakterlərimi incəliklə qəbul edərdi və başqa qadınlardakı gözəl xüsusiyyətləri sayaraq mənim hisslərimlə oynamazdı. Başa düşərdi ki, mənim mənzil işlərim, uşaqların tərbiyəsi, yeməyin hazırlanması, paltarların yuyulması və sairə kimi çox işim olur. Hərdən əsəbləşəndə və qışqıranda məni başa düşməli idi ki, mənim işlərim çox olduğundan bu vəziyyətə düşürəm. Mənim rəfiqələrim və məni tanıyanlar mənə qiymət verirlər, amma o məni qiymətləndirmir
Bütün qadınlar buna oxşar şikayətlər edirlər. Amma ağıllı qadın elə edə bilər ki, bütün məsuliyyətlər ərin üzərinə düşsün. Ərinə bir şeyi məsləhət etmək istədikdə ona, bəs belə etsək necə olar, bəlkə yaxşı olar - deyər. Əri bunu qəbul etmək istəməsə, artıq inciklik göstərməməli, onu məcbur etməməli, "onsuz da bilirəm mən dediyimin heç birini qəbul edən deyilsən" deməməli və tərslik göstərməməlidir. Çünki çox vaxt bu, kişilərin inadkarlığına səbəb olur və evin kişisi olduğu üçün heç bir sözə qulaq asmadan elə bildiyini etməyə məcbur edir. Qadın bezmədən və incimədən həmişə həyat yoldaşına yumşaqcasına və incəliklə məsləhət etməlidir və əri bunu ilk təklifdə qəbul etmədiyini hiss etdikdə, özünü razı kimi göstərməlidir. "Bilirəm ki, sən daha düzgününü seçəcəksən və ailəmiz üçün ən doğru seçim edəcəksən." - deməlidir.
Qadınlar ailə qurduqdan sonra bədənlərindəki mənfi dəyişiklikləri gördükdən sonra bu dəyişikliklərə təslim olurlar. Fikirləşirlər ki, artıq ərə getmişəm, olan-olub və keçən-keçib, ailəm var, uşaqlarım var, ev işlərim var, indidən sonra mən nəyə görə bəzənməliyəm və bədənimi normal (fiqura) saxlamalıyam?! Ağıllı qadın isə nə olursa olsun buna təslim olmalı deyil, iradəsini güclü saxlamalıdır və daim özünün gözəl və cazibəli qalmasına çalışmalıdır ki, ərini özündən qaçırmasın. Çünki sonunda uduzan varsa o da özü olacaqdır
Qadınlar deyirlər ki; biz evlənməmişdən əvvəl o məni elə sevərdi ki, mənimlə elə nəzakətli idi ki, həmişə mənə məhəbbətlə yanaşardı. Amma qadın demir ki; o özü həmişə incə rəftar edərdi, oğlana gözəl və cazibəli görsənmək üçün hər cür yollara əl atardı. Evləndikdən sonra isə artıq əvvəl etdiklərini etmir axı. Nişanlı olan vaxtlarında geyindiyi kimi, davrandığı kimi indi də əri ilə elə davransa bu olanlar baş verərmi heç?!