Sevgimdən xəbərsiz.
Qəlbimə hakim olmaq istəyənlər var,
Qəlbimdən xəbərsiz.
Duyğularına sarılıb yatar tənha qadın. İsmətini istəyinə qalxan edər tənha qadın. Bayramlarda hədiyyəsini, xəstələnəndə dərmanını özü alar. Ruhu inlər, üzü gülər. Qəlbi yanar, gözləri atəşlənər. Qüssəsini bəlli etməz tənha qadın, dost-düşmən içində qüdrət mücəssəməsinə çevrilər. Zərif olar, zəif olmaz tənha qadın. Güclü olmağa məcburdur, çünki...
Şəxsiyyətinə sahib çıxar tənha qadın. Evini, həyatını alınmaz qalaya çevirər. İç dünyasını ətraf mühitdən təcrid edər. Daxili aləminə kimsə boylana bilməz. Öz dünyasında yaşayar tənha qadın. Mənəvi azadlığını əməllərində yox, düşüncələrində qoruyar. Yerişindən yerə minnət qoysa da, dünyanın yükünü çiynində daşıyar tənha qadın. Özü kimsəyə yük olmaz.
Sevinci artmaz, kədəri azalmaz tənha qadının. Çünki anındaca paylaşmağa məhrəm tapılmaz. Narahat yaşantılarına kimsə şərik çıxmaz. Kövrəlincə xatirələrinə dalar, xəyallarına tapınar tənha qadın. Özünə vəfalı həmdəm arayar. Çətin tapar. Mübariz görünər, ürkək olar tənha qadın. Həyatındakı boşluğu dünyanın heç bir sərvəti doldura bilməz. Xoşbəxtliyə varmaq üçün ömrünü xərcləyər, illəri qovar. Zaman keçdikcə anlar ki, dəyişən heç nə yoxdur, hər şey yerində qalıb. Bircə, onun gəncliyindən savayı.