Qadin.NET / Anamın həsrəti....

Anamın həsrəti....

 

Anamın həsrəti....

 

 Bu gün niyəsə həsrət boğurdu məni. Anamdan ayrı keçən 7-cı ilim tamam oldu. Qürbət eldən asan deyil hər dəfə vətənə getmək. Məcbursan elə burda qəlbində həsrət çəkməyə. "Yoxdur onsuz bir günüm"- dediyim olurdu mənim də, amma hər günümü onsuz yaşayıram.

Ana hər bir qıza dayaqdır, bir yoldaşdır. Bir zamanlar ondan uzaq qalsam yaşaya bilmərəm deyə düşünərdim, amma baxın, 7 ildir yaşayıram ondan uzaqda. O qədər uzaqda ki, əlim də çatmır, yolum da. Bir zamanlar ondan öyrənərdim yemək bişirməyi, deyərdim "Sənsiz heç bir yeməyimin dadı olmaz". Amma 7 ildir onsuz bişirirəm yeməklərimi, dadı da öz yerində. Bir zamanlar məsləhət almaq üçün qaçardım anamın yanına, oturub qarşısında danışardım hər şeyi.  Deyərdim sən olmasan dərdimi  kimsəylə paylaşa bilmərəm mən, amma artıq 7 ildir  yoldaşımla paylaşıram. 

 Bu 7 illik uzaqlıq bir həsrətdir qəlbimdə. Hər gün  üzərinə daha bir damla əlavə olunur. Bir zamanlar anamın həsrətindən qəlbimdə böyük həsrət  dəryası  yaranar deyə qorxarkən,  artıq 7 illik uzaqlıq  yaradıb o dəryanı qəlbimdə mənim.

Heç asan deyil ondan uzaqda olmaq. Anan vətəndə yatarkən, sənin qürbətdə yatmağın. Heç asan deyil xəstə yatasan burda, başının üstündəsə  qayğıkeş ananı  görməyəsən. 

 7 illik bu həsrət mənə çox şey öyrədib. Həyatımdan dərslər almışam zaman-zaman.  Yaşıma yaş artdıqca anam olduğu kimi qalır.Heç asan deyil qəlbində dağ boyda həsrət çəkmək. Daha darıxmaqdan da o yana  keçib bu həsrət...

Bəs əgər bir gün vətənimə qayıtsam, görən tapa biləcəmmi onu elə qoyduğum yerdə? Görən tanıyarmı məni bir daha gözü önündə görəndə? Qucaqlayarmı yenidən "daş ürəkli" qızını? Sığal çəkərmi yenidən dizi üstə qoysam başımı? Ya sinəsinə uzansam, eşidə bilərəmmi yenidən ürəyinin döyüntüsünü?  Bəs boynuna sarılsam, o əvəzsiz ətrini yenidən hiss edərəm mi? 

 

Allah hər birinizin anasına can sağlığı versin, kimsə anasından uzaq düşməsin...

21 mart 2012
GO BACK