Qadin.NET / İlk görüşün uğurlu olmasının sirləri

İlk görüşün uğurlu olmasının sirləri

Görüşdüyün insanla ilk görüş son olmasın deyə nə etmək lazımdır? Onun diqqətini necə cəlb edə bilərsən? Onun üçün maraqlı ola bilərsənmi?

İlk görüşün uğurlu olması üçün psixoloq Qadın.Net-li xanımlarımızla bəzi sirləri bölüşəcək. 

Əyləncəli verilişlərin birində belə bir süjet hazırlanmışdır ki, qadınla kişi bir-birinə özləri üçün önəmli olan 3 sual verməlidirlər.

Kişi: Hansı mətbəxi daha çox xoşlayırsan? Hansı bürcdənsən? Hansı gülləri xoşlayırsan?

Qadın: Bankda nə qədər pulun var? Avtomobilinin markası nədir? Mənzilin şəhərin harasında yerləşir?

Əslində belədir. Bəzi qadınlar ilk görüşdə romantik qadındansa, bankda kredit şöbəsində işləyən, kişiyə kreditə pul verməyə hazırlaşan mütəxəssisə bənzəyirlər.

Münasibətlərə bu yöndən yanaşmaq kişini fikrindən geri dönməyə vadar edir!

Psixoloji tədqiqatlara əsasən, insanla söhbətin ilk dəqiqəsində onun haqqında müəyyən fikir formalaşır. Söhbətin davamında sənin həmin insanla bağlı fikrin ya təsdiq, ya da təkzib olunur.

Xoşlandığımız insanla bir neçə dəqiqə sonra görüşümüzün axırıncı deyil, axarıncı olması üçün nə etməliyik?

Adətən, bizim özümüz kimi düşünən insanlardan xoşumuz gəlir, belə insanlarla yola getmək də asandır. Onda belə çıxır ki, xoşumuza gələn insanın da bizi bəyənməsi üçün gərək biz də ona bənzəyək. Yəni fikirlərimiz üst-üstə düşsün. Amma bu o demək deyil ki, onun hər sözündən sonra "Doğrudur, tamamilə razıyam, mən də elə düşünürəm" deməliyik! Onunla adi qaydada söhbət edib, onunla həmfikir olduğunuzu bilməniz yetər. Lakin əksinə, fərqli olduğunuzu görsəniz, üzülməyin! Sizinlə fikirləri müxtəlif olan insan nəyinizə gərək? Maraqlarınız müxtəlifdirsə, söhbətləriniz də bir-biriniz üçün çox maraqsız olacaqdır.

Gəlin insanı tanımaq, nə qədər uyğun olduğumuzu bilmək üçün bəzi məqamlara diqqət yetirək.  

Danışacağımız mövzunu seçək:

Gələcək münasibətlərin davamlı olması üçün danışacağımız mövzu çox önəmlidir. Çünki bu mövzunun sayəsində onun üçün nə qədər maraqlı olub-olmayacağınız müəyyənləşəcəkdir.  Lakin unutmayın ki, ancaq öz maraqlarınızı düşünməməlisiniz.

 Onun dəyər verdikləri:

İlk görüşün uğurlu olmasının sirləri

Qarşınızdakı insanın nəyə daha çox dəyər verdiyini, inandığını bilsəniz, onun üçün çox maraqlı olacaqsınız. O, heyvanları qorumaq, insanlara kömək etmək, xeyriyyə işləri ilə məşğul olmaq və bu kimi digər şeylərə dəyər verə bilər.  Onun üçün daha nələrin önəmli olduğunu öyrənməyə çalışın.

Onun dəyər verdiyi şeylər arasında sizin də eyniliyiniz varsa, bir az da öz maraqlarınız haqda danışa bilərsiniz.

Misal üçün, o idman etməyi sevirsə, siz də idmana olan marağınızdan danışa bilərsiniz. 

Söhbəti canlandırın.

 

İlk görüşdə bir-birinizi yaxşı tanımadığınıza görə sıxıla bilərsiniz. Bu zaman sükutun çökməsinə yol verməyin. Söhbəti canlandırmağı bacarın. Verdiyiniz sualların cavabının ardınca “Niyə?”, “Nə üçün?”, “Nə vaxt?” kimi söhbəti davam etdirəcək suallar verə bilərsiniz (Əgər o, öz işi haqda danışırsa, siz ona niyə bu peşəni seçdiyi barədə sual versəniz, söhbətiniz davam edəcək, lakin siz ona "İşini sevirsən?" sualını versəniz, cavabında qısa “Hə” və ya “Yox” cavabını alıb, söhbəti bitirəcəksiniz).

Dinləməyi bacarın. 

 

Qarşınızdakı insan öz hisslərini açıq büruzə verirsə, sizin qapalı olmanız onun xoşuna gəlməyə bilər.  Bunun üçün onun hər etdiyini deyil, onunla oxşar olan hisslərinizi büruzə verə bilərsiniz.

Lakin bunu eyni vaxtda deyil, onu dinlədikdən sonra edə bilərsiniz.  Sözünü kəsmədən, diqqətlə dinlədiyiniz insanı daha yaxşı tanıya bilərsiniz.

Təkrar.

Onun son dediyi sözü təkrarən sual kimi işlədə bilərsiniz. Misal üçün: “Deməli, sən belə hesab edirsən ki, qadın işləməməlidir?”  

Söhbəti aydınlaşdırmağı bacarın.

Hər hansı bir sözü nə mənada işlətdiyini aydınlaşdırın. Misal üçün “Sən ...... bunu nəzərdə tuturdun?” “Sən ...... bunu deyirdin?”  kimi suallar verə bilərsiniz.

Müqayisə

Onun özü haqda yalnış bildiyi hər hansı fikri müqayisə edərək düzgün olduğunu desəniz, onun üçün daha da maraqlı olacaqsınız. Misal üçün, o, çox pis maşın sürdüyünü deyirsə, siz ona “Sən yolları çox yaxşı tanıyırsan, avtomobili yaxşı yerdə saxlaya bilirsən, bir az da diqqətli sürsən, əla sürücüsən” - deyə bilərsiniz.

Bütün bunları nəzərə alsanız, söhbətiniz daha maraqlı və davamlı olacaqdır.  Həqiqətən də uyğun olub-olmadığınızı hiss edib, rahat və sərbəst ola biləcəksiniz. Görüşdüyünüz insanı nəzərə alaraq öz maraq və istəklərinizdən danışsanız, siz həqiqətən də həmin insanın yaddaşında dünyanın ən maraqlı və məlahətli qadını olaraq qalacaqsınız.

 

 

 

27 sentyabr 2011
GO BACK