Qadin.NET / İstehlak cəmiyyətinin psixoloji travmaları

İstehlak cəmiyyətinin psixoloji travmaları

 

İstehlak cəmiyyətinin psixoloji travmaları

İqtisadiyyat və biznesyönümlü təhsili olanlar istehlak cəmiyyəti termini ilə tanışdırlar. Qeyri-iqtisadi ixtisas sahibləri isə bu termini bilməyə bilər, amma hansısa məqalədə, xəbərdə də eşitmiş ola bilərlər. Bu yazı ilə bu terminin doğurdu vacib məsələlərə toxunmaq istərdim. Məqaləni hansısa elmi dərəcəli ekspert kimi deyil, ilk öncə sıravi, orta-statistik vətəndaş və ən əsası isə "sistem"-in bir hissəsi olmağa hələ təzə başlayan birisi kimi obyektiv olaraq yazmaq istəyirəm. Obyektiv reallıqdan hərəkət edib, planetar mövzulara toxunaq.

Orta məktəbdə keçirilən və 99% hallarda da nə oxunmayan, nə də lazımi mütəxəssislər tərəfindən tədris edilməyən "İqtisadiyyat" dərslərindən yadımda qalan yeganə pedaqoq izahatı budur: "İnsan daima nəyəsə ehtiyac duyur. O, hər gün nə isə istəyir. İnsan ehtiyacını qarşılamaq üçün isə iki seçim ilə üzləşir: o, ya bu ehtiyacı qarşılamalıdır, ya da onu içində boğmalıdır.". Bu izahat nə qədər qısa və kobud olsa da, özündə həqiqəti ehtiva edir. Müasir insansa bu iki seçimi çoxlu alt seçimlərə bölərək özünü istehlak cəmiyyətinin mürəkkəb torlarına bürüyüb. Ən əsası isə pedaqoq bu izahatı verərkən boğmaq sözünü cani-dildən deyirdi və hətta əllərini yumruq formasında da sıxırdı.

Orta-məktəbin kasad savadlı pedaqoqu insanı insan edən "Ehtiyaclar" mövzusunu izah edəndə başa düşmürdü ki, əlbəttə insanın imkanı olmadığı halda ehtiyacını ödəyə bilməyəcək, lakin daxilində "boğduğu" ehtiyacların cəmdəkləri elə insanın daxilində də qalacaq. Nəticədə bu cəmdəklər o qədər çoxalacaq ki, onun iy-qoxusu, zir-zibili insana cəhənnəm əzabı verəcək. Bu əzab həm onun özünə, həm də onun yaxınlarına işgəncə bəxş edəcək. Öz növbəsində buna bir çox ad vermək olar: psixoloji reaksiya və travmalar, şəxsiyyət böhranları, depressiya və ya qaraqabaqlıq.

 

İstehlak cəmiyyətinin psixoloji travmaları

İnformasiya cəmiyyətində onun hər bir üzvü hər gün informasiya bombardımanına məruz qalır. Hər gün milyonlarla insan səhər tezdən yuxudan oyandıqdan, gecə ağır, yorucu iş gününün sonunda şirin yuxuya gedənə qədər, müxtəlif məhsul və xidmətlər haqqında tonlarla məlumat qəbul edir. Onların arasında mütləq fərdi maraqlandıran, əvvəllər ehtiyacı olmadığı halda gördükdən və müvəqqəti istifadə etdikdən sonra onun ən əsas arzusuna çevrilən məhsul və xidmətlər çoxdur. Vətəndaşın artıq stimulu var. O, "A" məhsulunu istəyir. Deməli, hər şey çox sadədir: qiymətini öyrənir, ya maddi imkanı ona izn verir ki, onun alıb can sağlığı ilə istehlak etsin, ya da qiyməti haqqında məlumat alıb dilxor-dilxor onun dəyərini necə toplayacağı haqqında çıxış yolları fikirlərşsin. Buraya qədər izah etdiyim mərhələlər tamamilə normaldır və mənə elə gəlir ki nəyisə tənqid etmək və ya tərifləməyə ehtiyac yoxdur. Bundan sonra da buna bənzər bir şey etmək istəməsəm də, istehlak etmək istəyib, amma edə bilməyən insanın özünə və ətrafındakılarına vurduğu psixoloji zərbələr olduqca maraqlıdır. Əlbəttə ki, hər şey istəyin gücündən aslıdır. İstək nə qədər güclü olarsa və insan onu ödəyə bilməzsə özünəməxsus halda yaranan özünə və ətrafına qarşı aqressiyanın dərəcə və şiddəti də bir o qədər yüksək olur.

Belə ki, istehlak üçün lazımi vəsaiti olmayan şəxs arzu obyektini müxtəlif formada beynində hərlədər. Özünü ya uğursuz insan kimi qəbul edər, ya da ona layiq olmadığını düşünər. Əksinə, istədiyi əmtəəni əldə edən və ya yaxşı pul qazanan insan isə özünü çox ağıllı və bacarıqlı insan hesab edər. Ödənməyən ehtiyaclar üçün depressiya qaçılmazdır. Əsas məsələ onun davamlılığındadır. Ya qısamüddətli olar, bəxt gətirməsə isə uzunmüddətli. Reklamlar, o şeytan oyuncaqları isə insanlara vitrindəki, televizordaki və ya hər hansı media vasitəsindəki məhsulu istehlak etməyəcəkləri təqdirdə necə də içləri boş biriləri, necə də indiyə qədər mənasız həyatlarının olduqlarını sırımağa çalışırlar. Beləliklə iş yükünün fiziki ağırlığı və qarşılığında ürəksiz formada verilən əmək haqqının mənəvi ağırlığı altında əzilən bizim yazıq vətəndaşın başının üstündə şeytanın özü - ehtiyac, sonra isə nəvələri - arzular və istəklər də tərəzi-tərəzi oynamağa başlayırlar. Üstəlik bizim bu dostumuz subaylığın daşını atırsa (o, kişidir) istehlak cəmiyyətinin dili ilə desək pulsuz-təmənnasız bonuslar qazanır. Sonra o, bu bonusları toplayıb özünəqsəd üsulu seçə bilər. Yox. Arzu edirəm vəziyyət o pis dərəcəyə çatmaz.

Psixologiya elmi də öz növbəsində kapitalizm dünyası ilə ayaqlaşmağa çalışır. Onun yaratdığı problemlərin aradan qaldırılması üçün pis-yaxşı çıxış yolları fikirləşir. Deməzdim ki, bu lazımi nəticələri verir. Əksinə qara biznesin ən yaxşı silahdaşı elə psixologiya adlandırdığımız elmdir və avtomatik olaraq elmdə əxlaq mövzusu yada düşür. Elə buna görədir ki, şoppinq adlandırılan alış-veriş prosesi daha çox sörfinqə bənzəyir. Dalğalar isə ya aylıq maaşlar, ya da əldə olunan gəlirdir. Gəlir çox olsun ki, ucalıb ucalıb özümüzü göstərək. Özümüzü göstərək ki, ətrafımızda da humanoidlər peydə olsun.

İstehlak mallarını başa düşmək olar, bəs yaxşı bizim sağlamlığımız? Bizim sosial həyatımız? Bunlar da müəyyən qədər deyil, kifayət qədər maliyyə tələb edir. İndi gəl bunu içində boğ. Əsas odur ki, sən içində onu boğmağa başın qarışanda, o səni çöldən çoxdan boğacaq.

Nəticə isə odur ki, bütün bu proseslərin ağır psixoloji nəticələri olur. Həyat yoldaşının, övladının və sonda da özünün ehtiyaclarını qarşılaya bilmədikdə yuxusuz gecələr, gərgin sinir sistemi, aqressiv davranışlar və digər özünəəziyyətlər olur. Depressiv vətəndaşlar antidepressiya vasitələri dərman preparatlarının binzesinin əsas investorlarına çevrilirlər. İqtisadiyyat bizi depressiyaya salaraq hətta ondan da pul qazanır. Plastilin kimi insanı hansı vəziyyətə salırsan sal çox gəlirli sahədir.

Bəs yaxşı nə edək? Bu qədər yazıb axırda azacıq da olsa ağıllı-ağıllı danışmayacağıqsa, məncə, yaddaqalan bir şey olmaz. İlk öncə insanları vitrinlərin önündən çəkib aparmaq lazımdır. Bu o demək deyil ki, heç vaxt heç kim istədiyi almasın. Xeyr. Sadəcə Vitrinə baxıb ağıllı qərar vermək bacarığı ilə, vitrini beyinə daxil etmək arasında fərq çoxdur. Ətrafımız bizi nə qədər inandırmağa çalışsa da, o məhsulsuz da həyat davam edir. Xüsusilə isə ailə üzvləri bir-birini başa düşməlidirlər. Nədənsə imtina etməyi bacarmaq endemikləşir. Qarşılıqlı anlayış çıxış yoludur. Emosiyalara meydan vermək bir çox problemlərə səbəb olur. Nəyin lazım olduğuna, nəyinsə artıq olduğuna birinci evdə, beyində qərar vermək lazımdır, ticarət mərkəzlərində deyil. Əks təqdirdə yüksək kredit borcu, boş pul qabı qaçılmazdır. Belə olduqca isə, hətta satın alınan əmtəələrdən alınan həzzin də dərəcəsi minimal olur.

Bütün bu informasiya atəşinin içində yaşamaq çətindi. Hücum cəbhəsi anlayışı olmadığından müdafiəni təşkil etmək çətindi. Buna baxmayaraq özümüzü ələ alıb istəklərimizin özümüzə və yaxınlarımza hansı təsirləri göstərdiyi haqqında düşünməyə dəyər.

 

Xeyirli alış-verişlər.

 

Müəllif: İbrahim Niftiyev

29 iyun 2017
GO BACK