Qadin.NET / İkiüzlülük (nifaq)

İkiüzlülük (nifaq)

 

İkiüzlülük (nifaq)


İkiüzlülük (münafiqlik) ən rəzil sifətlərdən sayılır. Bu cür insanları seçmək bəzən çətin, bəzən isə demək olar ki, qeyri-mümkün olur. Adətən ikiüzlü insanların zəka qabiliyyəti yüksək səviyyədə olur. Onlar buqələmun kimi müxtəlif xarakterli cəmiyyətlərdə özlərinə məxsus yerlərini rahatlıqla tapa bilirlər. İkiüzlülük hər bir cəmiyyətdə pislənmişdir. Bəs bu cür insanları neçə seçmək olar? İnsanda ikiüzlülüyün olub-olmamasını haradan bilmək olar?

1. Bu insanlar dildən pərgar olur, cəmiyyətdə müxtəlif idea və fikirlər yürüdür, insanları bu fikirlər ətrafında cəm olmağa səsləyirlər. Özləri isə əməl etmək barədə kasatdırlar. Əməl etmədiyin bir şeyi xalqa demək prinsipini də bu sifətə aid edə bilərik. Bir insan dediyi sözlərə cavabdeh olmalı, ilk öncə özü əməl etməlidir. Bir sözlə, söz və əməl vəhdət təşkil etməlidir.

2. Bu insanlar əsl məclis adamlarıdır. Onlar ziyalılar arasında oturub özlərini ziyalı, tacirlərlə oturub özlərini tacir, kasıblarla oturub özlərini kasıb göstərməyi bacarırlar. Sual oluna bilər ki, axı, belə bir davranış insanlarla ünsiyyət qurmaq üçün müsbət haldır. Bunu nəzərdə tutulan müsbət keyfiyyətdən fərqləndirən bir neçə cəhət var. Əsas cəhəti insanın olduğu məxrəcdən çıxmasıdır. Misal üçün, bir məclisə daxil olduqda, məclis əhlinin inanclı olduğunu görür. Onlarla oturur, söhbətlərinə qoşulur, hətta özünü onlardan daha yaxşı tərzdə aparır. Arada inancsız insanları onların gözündə alçaldır, araya nifaq salaraq "Mən sizdənəm, onlar səhv yoldadır." - deyir. İnancsızlar kollektivində olduqda isə, həmin hərəkəti eynən onlara qarşı edir və "İnanclı insanlar səhv yoldadılar, siz düzsüz. Onlarla mübarizə aparmaq lazımdır." - deyə araya nifaq salır. Kənardan müşahidə etdikdə, belə insan "maraqlı" görsənir. Elə isə bu insanın əqidəsi nədir, nəyə xidmət edir və məqsədi nədir?

3. Bu tip insanlar xalqın kütləvi maraqlarından özlərini kənar tuturlar. Axar içərisinə daxil olub bir fikir üzərində mübarizə aparmağı istəmirlər. İkiüzlü insanların şəxsi məclisləri olar və bu məclisləri gizli şəkildə təşkil edər, şəxsi cığırlarını cızarlar.

4. İkiüzlü insanlar xəyanət etməyi daha gözəl bacarır. Onlar üçün xəyanət sədaqətli olmaqdan daha fəzilətlidir. Nəfəs alıb-verikləri kimi yalan danışarlar. İstər zarafat, istərsə də ciddi müzakirələr zamanı yalan danışarlar. Hiyləgərlikdə peşəkardırlar. Batilə don geydirib, onu insanların gözündə həqiqət kimi göstərib, kütləni inandırmağı bacarırlar.

5. Özləri haqqında müsbət fikirdə olub, xalqı avam hesab edirlər. Belə bir xalqın daim hakimiyyət altında qalmasının zəruri olduğunu düşünürlər. Öz aralarında xalqı dəyərsiz bir şey kimi qəbul edər, imkan tapdıqda satıqnlıq edərək xalqı alçaltmağa başlayarlar. Belə insanlar üçün müqəddəs dəyər adlı bir şey yoxdur.

 

Fərid Abdullah

13 mart 2017
GO BACK