Bəzən yatmaq üçün gözümüzü yummağa ehtiyacımız var. Göz yummaq yatmaq prinsipinin üsulunu təşkil edən əsaslardan biridir. Lakin hamısı deyil. Yatmağın tamamlanması üçün şəraitin də münbit və əlverişli olması zəruridir. Sakitçilik, rahat yataq dəsti, çarpayı... Bonus kimi nağıl, həzin musiqi, lay-lay praktikasını demirəm hələ. Bunlardan ən qlobalı gözün yumulmasıdır. Ziya və nurun sönməsidir. Qaranlıq... Nə çoxdur işığın olmasından narahat olub, onu söndürüb yatanlar?! Yatanlar iki qismdir:
1 Yatmağa həvəsli olanlar: Bunları üç qismə ayırmaq olar:
a) Vasvasılar: Onlar yatmaq üçün bütün uyğun şəraiti hazır etməyə çalışırlar. Yuxuya zidd olan hər bir şeyi "söndürürlər". Hətta qulaqlarına pambıq tıxayanlar da olur.
b) Aludəçilər: Onlar ifratçılardır. Bu şəxslərə mövcud şəraitin münbitləşməsinə ehtiyac yoxdur. Onlar hətta ayaq üstündə də yata bilirlər. Onlar üçün işıq, səs-küy, narahat çarpayı maneə yaradan qüvvə deyil.
c) Yuxu intiharçıları: Bu şəxslər bütün problemlərini yuxu sayəsində həll etmək istəyirlər. Problem, əndişə zamanı gözlərini yumub yatmaq istəyirlər. Unutmaq üçün... Bəzilərisə öz yuxulu halının ayıq haldan üstün olduğunu düşünərək özünü yuxuya təslim edir.
2. Yatmaqla arası olmayanlar: Bunları üç qismə bölmək olar:
a) Yuxu ərşə çəkilənlər: Müəyyən psixoloji gərginliklər, problemlər, sıxıntılar onları yuxudan edir. Bəziləri yatmaq üçün çətinlik çəkdikləri halda, nə üçün yuxudan ayılacaqlarını da düşünürlər. Bəzən müəyyən problemlər onlardan yuxunu oğurlayır.
b) Yuxudan fayda götürənlər: Onlar üçün yuxu sadəcə olaraq beynin istirahət etməsi üçün bir vasitədir. Normativi 8 saat olan yuxunu bəzən 3 saata qədər azaldan insanlar var. 5 saatın onların fəaliyyətinə mane olacağını düşünən insanlar...
c) Yuxu aktivistləri: Onlar yuxuya qarşı inqilab edirlər. Gecə həyatının qarşısını alan hər bir şeyi inkar edirlər. Yuxu onlar üçün bir maneəyə çevrilir. Çünki, yuxu onları əyyaş və fisq həyatdan ayırır.
Biz bu hissələri genişlədə də bilərik. Lakin bununla kifayətlənirik. Hər iki əsas tərkib hissəsini bəzən "GÖZ YUMMAQ" həll edir. Bu praktik göstəriciləri dünya həyatı ilə də uzlaşdırmaq olar.
1. Həqiqəti gizlədib göz yummağa həvəsli olanlar:
a) Vasvasılar: Onlar sakit, dinc, asudə olsunlar deyə həqiqətin onlara maneə yaratmaması üçün bacardıqları qədər həqiqəti susdurmağa çalışırlar.
b) Aludəçilər: Onlara həqiqət təsir etmir. Çünki yuxu (qəflət) onlara məstlik gətirmişdir. Heç bir şey onları ayılda bilmir. Ölümdən başqa!
b) Həqiqət intiharçıları: Bunlar elə bilirlər ki, həqiqətdən qaçmaq ona göz yummaq onları nura aparacaq. Həqiqət tərəfində durub məhv olmağı, göz yumub rifah içində yaşamaqdan əskik bir şey kimi qiymətləndirirlər.
2. Qəflətlə arası olmayanlar.
a) Bu insanlar həyatda o qədər problem, sıxıntı yaşayırlar ki, bəzən tək olan həqiqəti parçalayaraq növbənöv "həqiqətlər" meydana çıxarırlar. Onlar həqiqətin nə olduğu barədə şübhəyə düşürlər. Bilirlər ki, həqiqət tək çıxış yolu ola bilər. Amma onlar bu işdə azıb-qalırlar. Onlardan bəzisi həqiqəti tapır, bəzisi isə saxta həqiqətlə yaşayır.
b) Bəzi insanlar mövcud şəraitin əlverişsiz olduğunu anlayaraq susub, əlverişli zaman həqiqəti izhar edirlər. Onlar "Həqiqət var olsun!" sloqanını küçəyə səpələyərək, ona zülm etmirlər. Həqiqəti olduğu kimi sahibinə çatdırmaqda israrlıdırlar. Bəzən susmaqları belə, həqiqət üçün münbit şərait yaradır.
c) Bunlar həqiqətin yaxşı bir şey olduğunu anlayırlar. Lakin çoxluq bunu edirsə, onlar da edirlər. Onlar üçün həqiqət aktivistlik etməkdir. Onlar hər bir işıqda qəflət axtarıb tapmaqda israrlıdırlar. Onları heç bir şey qane etmir. Eynən Nəhrəvan şeyxləri kimi. Təki qışqırıb-bağırmağa bir motiv olsun. Gah Əlinin (ə) , gah da Müaviyənin tərəfində, gah da bu iki şəxsdən uzaq duraraq "Müaviyə-Əli" və ya "Nə balıq nə də ət" prinsiplərinə uyğun və daha betər olan bir şey yaradırlar. Onlar üçün aktivistlik həm də dəb və vəzifədir!
Hər halda "göz yummaq" yaxşı bir şey deyil. Gözü açmaq üçün yummaq fəzilət, bir dəfəlik yummaq qəflətdir ki, ölüm bundan yaxşıdır.
Fərid Abdullah