Qadin.NET / Kibermühitdə özünütəqdimat (Facebook nümunəsi)

Kibermühitdə özünütəqdimat (Facebook nümunəsi)

Kibermühitdə özünütəqdimat (Facebook nümunəsi)

İnformasiya texnologiyalarının fəal inkişafı "virtual reallıq", "kibermühit" kimi yeni texniki və psixoloji  fenomenlərin yaranmasına gətirib çıxarıb. Bu yaxınlarda psixologiya kitabları içərisində "İnternet psixologiyası" kitabına rast gəlişimi dövrün tələbi kimi qiymətləndirirəm və belə kitabların, elmi-araşdırma məqalələrinin sayı zəruri olaraq artmağa başlayıb.  Cəmiyyətin kompüterləşməsi, kompüter sistemlərinin geniş yayılması, onların kommunikasiya sistemləri vasitəsilə əlaqələndirilməsi indiki inkişaf mərhələsində bir çox müəllifi haqlı olaraq informasiya mühitini, virtual ünsiyyəti cəmiyyətin xüsusiyyətlərindən biri kimi göstərməyə sövq edir. Fərdi kompüterlərin və mobil telefonların sayının sürətli artımı internet istifadəçilərinin də sayının artmasına və sosial şəbəkələrin qloballaşmasına səbəb olub. 

70-ci illərdə yaranmış İnternet (İnter - arası, Net - şəbəkə) sistemi müasir mərhələdə müxtəlif səviyyələrdə ünsiyyət və özünütəqdimat məkanına çevrilib. Təsəvvür edin ki, 50 milyon insan auditoriyası qazanmaq üçün radioya - 38 il, televiziyaya- 13 il, İnternetə isə cəmi 4 il (misal olaraq Facebook götürsək, bir neçə ay içərisində 100 milyon istifadəçi artması) lazım olub, bu da internet resurslarının artım və inkişaf sürətinin göstəricisidir.  İnsanların böyük kütləsinin hazırda bütöv bir gününün yarıdan çoxunu sosial şəbəkələrdə keçirməsinin çeşidli səbəblərindən hər birini sadalasaq bir məqaləyə sığmaz. Ana səbəblər kimi: asan və sadə ünsiyyət formasının mövcudluğu, anonimlik və İnternetin Demokratikliyini göstərmək olar. 

Sonuncu onillikdə internet məkanında yaradılmış ictimai-mədəni və öyrədici elmi-ədəbi saytların inkişafının zəifləməsi, reytinqlərinin aşağı enməsi və bəzilərinin demək olar istifadəçisiz qalmasının əsas səbəblərindən biri də sosial şəbəkələrin insanları öz "ağuşuna alması" ilə bağlıdır. 

Geniş mənada "Sosial şəbəkə" termin kimi ilk dəfə C. Barns tərəfindən 1954-cü ildə işlədilmişdir. 

Dar mənəda sosial şəbəkələr platforma, online servis, veb-sayt kimi 1995-ci ildən sonra genişlənməyə başladı. 

Maslovun məşhur ehtiyaclar piramidasına görə insanın ən böyük tələbatı özünüifadə və özünüreallaşdırmaya yönəldilmiş səyləridir. Maslov konsepsiyasının mübahisəli tərəflərini nəzərə almasaq, tam aydındır ki, insanın özünü ifadə etməsi üçün sosial şəbəkələr olduqca geniş imkan yaradır. 

Kibermühitdə özünütəqdimat (Facebook nümunəsi)

Sosial şəbəkələrin tərtib etdiyi qeydiyyat anketləri istənilən istifadəçiyə özünü yenidən yaratmaq imkanını təqdim edir. Qeydiyyat zamanı anketlər doldurulduqda fərdlər bilərəkdən və ya şüuraltı təlqini ilə  özləri haqqında real, mövcud həqiqəti deyil, arzulanan və ya ideal obrazlara bürünmüş virtual istifadəçilər yaratmağa səy göstərirlər. (Bütün istifadəçilərə aid deyil, onların arasında real olanları da var). Bu avatardan tutmuş şəxsi informasiyaların təqdim edilməsinə qədər öz əksini tapır. Nəticədə real şəxsiyyətlərin əvəzində bir növ "virtual geyimli" istifadəçilər yaradılır. Onlar sərbəst şəkildə, istədikləri kimi fikirlər, yazı mətnləri paylaşır, müxtəlif mövzularda diskussiyalara qatılır, zövqlərini, arzularını, istəklərini virtual həyatda nümayiş etdirirlər. 

Müasir insan - virtual reallıq simulyasiyasına yüklənmiş və öz həyatını şərti oyun mühiti kimi qəbul etmiş fərddir, desək, yanılmarıq. 

Texnologiyaların sürətli inkişafı,  virtual reallığın gündəlik həyata daxil olması insanın bu mühitdə də özünü təqdim etməsinə yol açıb və bu gün bu faktdır ki, insanın şəbəkədə olması ictimailəşmənin şərtlərindən biridir (iş yeri, görüş yeri, əyləncə, istirahət, müzakirə və s). Ancaq bu o demək deyil ki, şəbəkədə olan virtuallaşmış insanlar, həm də öz reallığını itirmiş insanlardır.  Belə deyil. Dövrümüzdə Yer kürəsi üzərində dolaşan yeddi milyarddan çox beyin vardır. Adətən özümüzü müstəqil bir canlı olaraq görsək də, beyinlərimiz digər beyinlərlə qurduğu zəngin bir əlaqə toru içində işləyər. Hər yanımız gah qurulan, gah da sonlanan münasibətlərlə, ailə bağları ilə, işgüzar əlaqələrlə sarılıb. O cümlədən bura sosial şəbəkələrdəki münasibətlər, fəaliyyətlər də daxil olub. 

Sosial şəbəkədə uzun müddətli bir üzv olmasam da, təcrübəsiz üzv də deyiləm. Özünütəhlil zamanı aşkar etdim ki, ilk dəfə saytımızı (www.qadin.net) təmsil etmək üçün facebook sosial şəbəkəsinə gəldikdə qəribə bir çəkingənlik, tanımadığım məkana qarşı ehtiyat edən biri kimi gəlmişdim, hətta nikim belə öz adımla deyildi. Bunu da yaxşı xatırlayıram ki, bu cür yanaşmada olan təkcə mən deyildim, ətrafıma nəzər saldıqda eyni mövqeni tutmuş hazırkı tanınmış yazıçılarda, populyarlaşmış üzvlərdə də (məsələn, öz adları ilə deyil, uşaqlarının adları ilə, yaxud hansısa təxəllüsü "nickname" seçmələri) eyni halı görmüşdüm. Zaman keçdikcə, fərdin virtual reallıqla qaynayıb qarışması və daxilən bu məkanı qəbul etməsi sonradan özünün real kimliyi ilə, çəkinmədən, etibar edərək özünü təqdim etməyə gətirib çıxarır. Təbii ki, gətirdiyim misal bir qisim insanlara aiddir. Bəzi fərdlər qeydiyyatdan keçərkən birbaşa öz ad və soyadları ilə təqdimata başlayırlar. Bunlar daha çox real sosial həyatda öz yerlərini, vəzifələrini tutmuş, özlərini təsdiqləmiş insanlardır. Anonimlik onlara gərəkli deyil. 

Kibermühitdə özünütəqdimat (Facebook nümunəsi)

Artıq virtual reallığın gündəlik həyatı o qədər çox  tədqiq edilib ki, sosial şəbəkə üzvlərinin paylaşdıqları fotolara və fikirlərə əsasən onların "Mən" obrazı haqqında məlumat almaq asanlaşıb. Yəni bunları müəyyən edə bilmək üçün bir çox təhlil, araşdırma nəticələri mövcuddur. Bununla yanaşı tədqiqatlar davam etməkdədir, çünki özünütəqdimatın sosial-psixoloji xüsusiyyətlərinin öyrənilməsində probellər hələ də qalmaqdadır. Məsələn, mənim marağıma səbəb olan (gənc xanımların şikayətlərinə əsasən) məsələlərdən biri sosial şəbəkələrdə uydurma ad altında fəaliyyət göstərən, bəzən də "səssizcə" içəri dalan sosyopat, psixopatların niklərinin mövcud olmasıdır. Bu tip ruh halı anormal insanların ətrafa vurduqları zərərləri yalnız onları daha yaxşı öyrənməklə, təhlil etməklə zərərsizləşdirmək olar. Sual oluna bilər ki, əgər anonim nik altında gizlənmiş bir sosyopat, yaxud psixopat varsa, onda onu necə aşkar etməli? Müşkül məsələdir. Çıxış yolu, belələrinə qarşı müdafiə üsullarını gücləndirə bilmək üçün  insanları maarifləndirmək, fərqindəliyi artırmaq lazımdır. Qadin.Net saytının "Psixoloji məsləhətlər" bölməsində bəhs olunan problemlərə qarşı çıxış yolları təklif edilən məqalələrdən yararlana bilərsiniz. 

Üzərində düşünülməsi lazım olan digər problemlərdən biri də sosial şəbəkələrdə gənclərin yanlış düşüncə axınında "üzməyə" yönləndirilməsidir. Misal olaraq, özünütəqdimatda "müasirliyin" ifratına varan bəzi tanınmış yazıçılara rastlanır ki, "gənc yazarları" əllərində oyuncağa çevirərək, gənclərlə "gəncləşərək", özünə hörmət qoymayan "əxlaqsız feministlərlə" "deyişərək"  öz gizli istəklərini subliminal mesajlarla çəkinmədən ətraflarına yaymaqdadırlar. Müşahidəni bir balaca dərinləşdirəndə məsələnin köklərinin hara gedib çıxdığını görmək elə də çətin olmur.  Vəziyyəti bu cür gördükdə sosial cəmiyyətdə gənclərin hansı təhlükələrlə üz-üzə olmasından və mənəvi inkişaf yolunda necə qidalanmasından narahatlıq keçirirsən. Çıxış yolu varmı? Var. Gənclərimizə fərqindəliyi öyrətmək, onlara nəsihət etmək. Beləliklə, onların qurbana və özlərinin "ovçu"ya çevirilmələrinin qarşısını az da olsa ala bilərik. Fərqindəliyi öyrənmək üçün Ciddu Krişnamurti, Ekhart Tolle kimi müəlliflərin kitablarına, ana dilimizdə nəşr olunmuş "Aydınlanma səyahəti" (2016) kitabına müraciət edə bilərsiniz. 

Kibermühitdə özünütəqdimat (Facebook nümunəsi)

Qayıdaq "Mən" obrazına. Sosial şəbəkə tədqiqatçılarına görə istifadəçilərin özləri barədə ən ilkin məlumatı onların profil fotolarından əldə etmək mümkündür.  Böyük əmək sərf edilərək seçilmiş fotoların əksəriyyəti profil sahibinin yaratdığı "İdeal Mən"dir. Yəni daha çox arzulanan görünüşdür. Buna görə çox zaman fotolar arasında seçim edilir və sonda profil sahibinin gözünə ən xoş, ən gözəl, ən cəlbedici gələn foto seçilərək şanslı fotoya çevrilir, profili həmin foto tanıtmağa başlayır. Zamanla profil sahibləri mövsümdən və əhvaldan asılı olaraq yenə də böyük əmək sərf edərək ən ideal çıxmış hesab etdikləri fotonu seçib avatar edirlər. Bu yazdıqlarım profillərdə gerçək özlərinin fotoları olan istifadəçilərə aiddir. 

Bəzi istifadəçilər öz profil şəkillərinə sadiq qalırlar, çox uzun zaman (aylar, illər) onu dəyişmirlər. Bəziləri isə sıx-sıx dəyişirlər. Mən hətta öz dostluğumda hər gün profil şəklini dəyişən istifadəçiyə rast gəlmişəm. 

Anonimliyini qorumaqda maraqlı olan istifadəçilərin seçdikləri avatarlar onların psixoloji vəziyyəti haqqında təxmin yürütməyə imkan verir. Öz "İdeal Mən"ini əzələli idmançı, film qəhrəmanı fotosunda görən kişilər, yaxud çox cəlbedici model, aktrisa şəklində görən qadınlar bəzən bu avatarları seçdikdə şüuraltı qərarla fərqində olmadan seçirlər. Bəzi kişi istifadəçilər isə profil şəklinə müxtəlif aksesuarlar (qol saatı, tapança, siqaret, pul və s.) qoyurlar. Qadınlar isə daha incə zərif elementlərə (çiçək, rəssamların çəkdikləri qadın rəsmləri, peyzaj və s.) müraciət edirlər. 

Bütövlükdə avatarlar hər bir istifadəçinin daxili dünyasını, şəxsiyyətini, maraqlarını əks etdirir. İndi özünüz də görürsünüz ki, real dünyamıza aid psixologiya kitablarından başqa virtual psixologiyaya həsr olunmuş kitabların çoxalması labüddür. Əgər biz insanların bir yarısı da başqa insanlardırsa və beyin neyronlarımızın bir-birinə ehtiyacı varsa, o zaman kibermühitdə də "kiberinsan"larla bağ qurmağa məcburuq. Əhəmiyyətli olan bu əlaqələri maarifləndirmə və xeyirxahlıq işlərində səmərəli istifadə etmək, insanlığa faydalı olmaq xoşbəxtliyini yaşaya bilməkdir. 

"Beynimizi nə ilə bəsləyiriksə, həyatımıza da onları qatırıq". 

5. 02. 2017. 

İstanbul. 

5 fevral 2017
GO BACK