Qadin.NET / Xəyal qurun

Xəyal qurun

Xəyal qurun

Ən böyük işlər böyük xəyallar qurma 

xüsusiyyəti olan insanlar tərəfindən həyata keçirilmişdir.

Uilliam Russell

Xəyal hər hansı vəziyyət və ya hadisəni zehnidə canlandırma deməkdir. Xəyal qurmaq müvəffəqiyyət və fərdi inkişafın ayrılmaz tərkib hissəsidir.

Həyatda düşüncə hərəkətdən öncə gəlir. Reallaşdırılması planlanan bütün layihələr əvvəlcə zehində canlandırılır, daha sonra tətbiq olunur. Məsələn, televizor ixtira etmə fikri əvvəlcə xəyal edilmiş, sonra praktikada tətbiq olunmuşdur. Fateh Sultan Məhməd İstanbulu fəth etməyin əvvəl xəyalını qurmuş, daha sonra düşüncələrini həyata keçirmişdir. Yenə telefonun ixtirası, kompüterin ixtirası əvvəl zehnidə canlandırılmış, sonra praktikada tətbiq olunmuşdur.

Jül Vern "Bir adamın xəyal edə biləcəyini başqasının reallaşdırması çətin deyildir", - deyir. Elmi-fantastik janrın əsasını qoyan yazarın həyatına baxsanız, bunun örnəklərilə dolu olduğunu görərsiniz.

"Hava şarı ilə beş həftə", "XX əsrdə Paris", "Yerin mərkəzinə səyahət", "Dünyadan aya", "Dəniz altında 20 min lyö", "80 gün Yer ətrafında səyahət" kimi əsərləri onlarla ixtiranın toxumunu daşıyırdı. Dalbadal o qədər roman yazırdı ki, Fransada bir çoxları Jül Vernin bir şəxs, vəkil Pyer Vernin oğlu deyil, bir cəmiyyət olduğunu güman edirdi. Elektrik stul, sualtı gəmi, vertolyot, təyyarə, qazma texnikası, raket və kosmosa uçuş kimi yeniliklər onun ideyalarının bəhrəsi idi. Bir çox ixtiraçının Jül Vernə ithafən söylədiyi sözlər boşuna deyildi. İlk dəfə Şimal qütbünə təyyarə ilə uçan Admiral Riçard Börd "Mənə Jül Vern yol göstərdi", - deyirdi. Sualtı dünyasının atası hesab olunan Simon Leyk isə "İşığım Jül Vern oldu", - deyərək onun yazdıqlarının önəmini vurğulayırdı.

Sadalanan bu kimi faktları nəzərə alan Albert Eynşteyn xəyal gücünün bilikdən daha önəmli olduğunu söyləyir. Onun sözləri, sizcə necə, xəyal qurmağın müvəffəqiyyətə qazanmadakı rolunun ən gözəl təcəssümü deyilmi? 

Xəyal qurun

Böyük işlərin xəyallarını qurun

Böyük nəticəyə gedən yol böyük düşüncədən başlayır. Halbuki insanların əksəriyyəti sadəcə düşünür, böyük düşünən insanlar isə azlıq təşkil edir.

David Şvartz "Böyük düşünməyin sehri" adlı kitabında Amerikadakı böyük şirkətlərdən birinin işəgötürmə departamentinə aid statistik göstəricilərdən bəhs açaraq, maraqlı məqama toxunur. Belə ki, şirkətin ildə on min dollar məvacib verdiyi işlərə müraciət edənlərin sayı, ildə əlli min dollar məvacib verilən işlərə müraciət edənlərin sayından 50-250 qat daha çox olmuşdur. İnsanların çoxu ucuz işlərə müraciət edirlər. Bunun mənası çox açıqdır: Çoxumuz böyük işlərin xəyallarını qurmaqdan belə çəkinirik.

C. Maksvelin gözəl sözü var: "Kor bir adamın dünyası onun yalnız toxunma hissiyyatından ibarətdir. Uğurlu bir adamın dünyası isə xəyalları boyu uzanır. Böyük xəyallarla yaşayanların uğurları da böyük olur".

Böyük uğurları əldə etmək üçün böyük işlərin xəyalını qurur.

Xəyal qurarkən şərtlənməyin

Həyatda heç bir riski olmayan ən zövqlü və yeganə işdir, xəyala dalmaq. Xəyal dənizində gəmi batmaz. Lakin şərtlənmələriniz zamansız və məkansız bu müstəvidə sizi manevr etmənizə çətinliklər yaradacaq dayaz sahillərə götürər.

Xətti proqramlaşdırmanın atası hesab olunan amerikalı riyaziyyatçı Corc Bernard Danziqin başından keçmiş bir hadisə şərtlənmələrin həyatımızdakı təsirinə gözəl nümunədir.

"Berklidə Kaliforniya universitetinin riyaziyyat fakültəsinin tələbəsiydim. Həmişə olduğu kimi sinfə gec girdim və lövhədəki iki sualı ev tapşırığı bilərək dəftərimə köçürdüm. Həmin axşam sualları həll etməyə çalışarkən bunun professorun verdiyi ən çətin tapşırıq olduğunu gördüm. Hər gecə bu məsələləri həll etmək üçün saatlarla çalışdım. İnad edirdim. Birdən beynimdə şimşək çaxdı və hər iki məsələni həll etdim. Ertəsi gün cavabları dərsə apardım. Professor masanın üzərinə qoymamı istədi. Masanın üzərində xeyli vərəq var idi. Mənim vərəqlərimin bunların arasına qarışacağını düşünüb, sakitcə yerimə oturdum.

Altı həftə sonra, bir bazar səhəri qapımızın döyülməsilə yuxudan oyandım. Qapıda professoru görüncə çaşıb qalmışdım.

"Corc, Corc!", - deyə səsləndi, "Məsələləri həll etmisən". "Təbii ki,...", -deyərək cavab verdim, "Həll etməli deyildimmi?"

Professor lövhəyə yazılmış o iki sualın ev tapşırığı olmadığını və dünyanın qabaqcıl riyaziyyatçılarının indiyə qədər həll edə bilmədiyi ən çətin iki sual olduğunu bildirdi. Bir neçə gün içində ikisini birdən həll etdiyimə inanmırdı. Əgər kimsə mənə bu sualların həll edilə bilinməyən iki sual olduğunu söyləsəydi, zənnimcə onları heç vaxt həll edə bilməzdim". 

Xəyal qurun

Müsbət şeyləri xəyal edin

Bir də bəzi insanların bədbin xəyalları vardır. Onlar iş qurtarmadan istənilməyən nəticə ilə qarşılaşacaqlarını və onların üzərində buraxacağı təsiri xəyal edərlər. Belə xəyal isə insanı hədəflərindən uzaqlaşdırar, bədbinliyə sürükləyər və hərəkət etmək üçün lazımi ilham qaynağını özündə tapmamasına səbəb olar. Beləcə narahatçılıqlar başlayar və daxili motivasiya yox səviyyəsinə enər.

Madəm şüuraltımızı öz istəklərimiz yönündə istiqamətləndirmə şansına sahibik, niyə müsbət işlərin yerinə ideallarımızı baltalayacaq bədbin xəyallara baş vururuq?

Maykl Cordan "Mən heç vaxt uğursuz olsam, nələr olacağını düşünmərəm. Çünki bunları düşünməyə başladığınızda istər-istəməz, fikirlərinizi mənfi nəticə üzərinə cəmləşdirərsiniz. Əgər bir işə atılıramsa, müvəffəq olacağımı düşünürəm, uğursuz olarsam, nə olacağını yox."

Özünüzü olmaq istədiyiniz şəkildə xəyal edin. Hər zaman nikbin xəyalların arxasınca gedin. Görəcəksiniz, xəyallarınıza qovuşacağınız gün çox uzaqda deyildir.

Ardı var...

3 oktyabr 2016
GO BACK