Qadin.NET / Artıq hər kəs “Depressiyadayam” deyir...

Artıq hər kəs “Depressiyadayam” deyir...

 

Artıq hər kəs “Depressiyadayam” deyir...

 

Depressiya; bəli, həqiqətən də nədir depressiya? Artıq hər kəs “Depressiyadayam” deyir. İstəksizlik, həyatdan zövq ala bilməmək, heç bir şey etmək istəməmək depressiyanın əsas əlamətləridir. Depressiya mənəvi boşluq içindəki cəmiyyətləri məngənəsinə alan xəstəliklərdən biridir. Depressiyanın pessimizm, dalğınlıq, unutqanlıq, konsentrasiya çətinliyi, qərarsızlıq, gərginlik, böhran və narahatlıq halı; iştahanın azalması, kilo itkisi, qarın ağrıları, yuxusuzluq və s kimi əlamətləri də vardır. Depressiyadakı adam köhnə maraqlarını itirər, heç bir şeydən zövq almaz, məhsuldarlığı azalar. Xəstə tez-tez günahkarlıq duyğuları içində özüylə zidd düşər, özünü dəyərsiz, işə yaramaz olaraq görməyə başlayar.

Bir də gündəlik gəlib gedən sıxıntı, kədər, əhval pozğunluğu vəziyyətləri vardır. Ümumi mənada “demoralizasiya” dediyimiz, lakin xalqın özünə depressiya diaqnozu qoyduğu hallar. Bu ikisi çox tez qarışdırılır. İnsan gəlib gedəcək bir demoralizasiya yaşayır, öz halını yaxın ətrafında gördüyü vəziyyətlərlə müqayisə edir ya da internetdə araşdırma edir, baxır ki depressiyaya girib. Halbuki depressiya ciddi ağır bir vəziyyətdir. O qədər ağırdır ki, intihara qədər gedə bilər. Bu səbəbdən son günlərdə depressiv xüsusiyyətlər daşıdığını düşünən kəslər mütləq mütəxəssislərdən kömək almalıdır. Lazımdırsa dərman istifadə etməlidir. Dərmanın işi bitdiyində bu ruh halının keçəcəyini bilməlidir.

Depressiv pozğunluq adamın yemək yeməsindən yatmasına, fiziki dayanıqlığından sağlam düşüncəsinə qədər hər şeyini poza bilər. Depressiyada olan insanların hamısı özlərini yalnız həyatın axışına buraxaraq sağala bilməzlər. “Öz-özünə sağalma” depressiya keçirən xəstələrin yarısında mümkündür. Ancaq müalicə olunmadığından əlamətlər (simptomlar) həftələrcə, aylarca, hətta illərcə davam edə bilər. Halbuki düzgün müalicə depressiyadakı çox insana kömək edə bilər. Depressiyada şiddətli kədər ya da ümidsizlik hissi vardır və ən az iki həftə davam edir. insanın iş görmək, yemək yemək, yatmaq kimi gündəlik həyat fəaliyyətləri pozulur. Depresiv insanlar ümidsiz olmağa və kimsədən kömək görə bilməyəcəklərinə inanmağa meyllidirlər. Belə hiss etdikləri üçün də özlərini günahlandırırlar. İctimai fəaliyyətlərə qatılmaqdan qaçınar, ailə və yoldaşlarından uzaqlaşarlar. Hətta bəzən ölümü ya da intiharı düşünə bilərlər.

 

Artıq hər kəs “Depressiyadayam” deyir...

 

 

Depressiya beyindəki kimyəvi pozulmanın və bəzi hormonların azalmasıyla ortaya çıxan xəstəlikdir. Bu xəstəliyin mütəxəssis həkimlər tərəfindən diaqnoz edilməsi, insana depressiya diaqnozu qoyulduqdan sonra yenə həkimlər tərəfindən dərmanla müalicə edilməsi lazımdır. Lakin əhəmiyyətli olan nöqtə; adamın həyat qarşısında məğlub hiss etdiyi nöqtələrin itkidən qazanca çevrilməsidir. Dərmanlar bu işi etməz. Yəni adamın dünyagörüşünü dəyişdirməz. Sadəcə hadisələr qarşısındakı dözüm gücünü artırar. Yaxşı bir müalicə dərman + psixoterapiya şəklində aparılan müalicədir. Hətta bir çox mütəxəssislər dərman vermək yerinə psixoterapiya ilə müalicəni üstün görür. Orqanizm pis vəziyyətdədirsə dərman dövrəyə salınır.

Bəs depressiyadan qorunmaq üçün nə etmək lazımdır? Daimi olaraq edilən məşq xüsusilə açıq havada və günəşli mühitlərdə edilən aerobik xüsusiyyətli idman depressiyanın ortaya çıxmasında son dərəcə qoruyucu bir təsirə malikdir. Bəzi fərdlər gün işığına həssasdırlar və depressiya hücumları mövsümi xüsusiyyət göstərə bilər. Payız-qış dövründə depressiya sıxlığında artım olmaqdadır. Qış dövründə xüsusilə çox yatmaq, çox karbohidrat istehlak etmək və ağırlaşma ilə gedən atipik depressiya ehtimalı çoxalmaqdadır. Duyğuların daha çox ifadə edildiyi, sevgi və güvənin suveren olduğu sağlam insan münasibətlərinə sahib olmaq həm depressiyanın qarşısının alınmasında, həm də depressiya dövründən çıxmaqda bənzərsiz bir dəyərə malikdir.

Universitetə qəbul imtahanları da gənclərin bəzilərində depressiya halı ilə müşahidə olunur. Onlar bu dövrü “böhran” kimi gördüklərini söyləyirlər. Universitetə qəbul imtahanlarının gənclər üzərində çox böyük bir ruhi və fiziki təzyiqi vardır.Universitetə ​​hazırlıq prosesi şagirdlər üçün uzun, çətin və stressli bir müddət olaraq yaşanır. Məhz buna görə də tələbələr bu müddətdə ailə dəstəyinə daha çox ehtiyac duyurlar. Bunun üçün ailələrə psixoloji məsləhət xidməti təqdim edilə bilər. Xüsusilə məktəblərdə çalışan psixoloji məsləhətçilər bütün valideynlərə istiqamətli psixo-öyrədici proqramlar hazırlayıb təqdim edə bilərlər. Universitetə qəbul imtahanına hazırlaşan və depressiya keçirən abituriyentlərin psixoloji dəstək alması vacibdir. Aşağıdakı psixoloji söhbət buna misal ola bilər.

Psixoloq: universitetə qəbul imtahanından keçməsən nə olmasından qorxursan?

Leyla: Ailəmi xəyal qırıqlığına uğratmaqdan, üzülməkdən, ətrafdakıların mənim haqqımda mənfi düşünməsindən, yaxşı gələcəyimin olmamasından, məni xoşbəxt edəcək işi tapmamaqdan, həyatımın məhv olmasından.

Psixoloq: Bu qədər stresi yaşamağına təəccüblənməmək lazımdır. Dediklərinin yükü ağırdır. indi sualı bir az dəyişdirəcəm. Tutaq ki universitet imtahanından keçdin. Bu halda nə olmasından qorxursan?

Leyla:Ailəmi xəyal qırıqlığına uğratmaqdan.

Psixoloq: Amma bayaq da belə demişdin.

leyla:Bəli. Çünki qəbul olsam belə onları xəyal qırıqlığına uğrada bilərəm. Bəlkə qəbul olduğum universiteti və ya fakültəni zamanında bitirə bilməsəm yenə də xəyal qırıqlığına uğraya bilərəm.

Psixoloq: universiteti bitirib iş tapa bilməyənlər var.

Leyla: Düz deyirsən. Universitetə qəbul imtahanına böyük anlamlar yükləmişəm.

Psixoloq: Mühit bizi belə düşünməyə vadar edir. Bunu özümüzə dərd edirik. Önəmli olan imtahanda əlindən gələni etməkdir. Amma bu stressiz də ola bilər, elə deyilmi?

Leyla: Bəli.

Psixoloq: İmtahandan keçməsəm həyatım məhv olar demişdin. Bu düşüncəyə inandığın zaman nə hiss edirsən?

Leyla: Sıxıntı keçirirəm…

Psixoloq: Gələcək haqqında düşünərkən gözünün qarşısında hansı səhnə canlanır?

Leyla: Heç nə. Sadəcə qaranlıq.

Psixoloq: Tutaq ki, həyatının məhv olması düşüncəsi ağlına heç gəlməyib. O halda özünü necə hiss edərdin?

Leyla: Daha rahat olardım və ümid işığı görərdim.

Psixoloq: İndi düşüncəni tərsinə çevirək.

Leyla: İmtahandan keçməsəm həyatım məhv olmaz.

Psixoloq: Bu düşüncənin doğru ola biləcəyinə dair mənə 3 misal çək.

Leyla: Birincisi həyatım doğrudan da məhv olmayacaq. Bəlkə ilk vaxtlar çox üzüləcəm amma ondan sonra keçəcək. Həyat davam edəcək. Özümə başqa bir yol çizəcəm. Ya universitetsiz bir həyat yaşayacam, ya da gələn il bir daha imtahan verəcəm.

Psixoloq: Digər tərsinə çevirmə nə ola bilər?

Leyla: Universitetə qəbul olsam həyatım məhv olar. Niyə məhv olar bir düşünüm… İstədiyim fakültəyə düşməsəm. Universitetə getdiyimdə istədiklərimi əldə edə bilməsəm.

Psixoloq: Tamamilə doğrudur.

Leyla: İndi anladım ki imtahandan keçməsəm arzularım məhv olar, həyatım məhv olmaz.

Psixoloq: Mən də universitetə qəbul olanda bütün arzularım məhv oldu çünki pedaqoji universitetdə deyil, Bakı Dövlət Universitetində oxumaq istəyirdim. Amma indi düşünürəm ki, mənim üçün ən düzgün seçim elə Pedaqoji universitet idi. Bunu o an anlasaydım və dəyərini bilsəydim əminəm ki oraya daha xoşbəxt gedəcəkdim.

Leyla: Bu günkü söhbət mənə universitet imtahanına daha fərqli baxmağa kömək etdi. Təşəkkür edirəm.

 

Artıq hər kəs “Depressiyadayam” deyir...


 

Nəticə: Universitetə qəbul imtahanı biliyin ölçüldüyü bir imtahanıdır. Qətiliklə bir şəxsiyyət testi deyil. Ölüm-dirim savaşı deyil. Həyatda olduğumuz müddət içərisində bir sıra eniş və çıxışlarımızın olması təbiidir. Həyatımız boyunca bir çox imtahanla qarşılaşacağıq. Universitet imtahanı yalnız bunlardan biridir.

Depressiya xəstələrinin böyük bir qismi müalicə görmür və öz başlarına xəstəliyə qalib gəlməyə səy göstərirlər. Kimi qonşunun təklif etdiyi dərmanı alır, kimisi aptekdən yuxu dərmanı alaraq “yola verir”, kimisi isə heç dərman qəbul etmədən xəstəliyi yaşayır. Müalicə olunmayan depressiya bir çox hallarda suisidlə nəticələnir. Depressiya xəstələrini psixoloqa istiqamətləndirmək və həkimə getməsini təmin etmək ailəsinin, yoldaşların və yaxınların vəzifəsidir.

12 may 2016
GO BACK