İnsanın ünsiyyət fəaliyyətinə, xüsusilə, sosial ünsiyyət normalarına yiyələnməsi çoxcəhətli və mürəkkəb uzunmüddətli bir prosesdir. Yeni doğulan körpə potensial şəxsiyyət imkanlarına malikdir. Həyatın ilk aylarından başlayaraq özünün ən yaxın sosial əhatəsinə bağlılığı onun məhdud səviyyədə də olsa, emosional ünsiyyət imkanları ilə reallaşmağa başlayır. Təbəssüm körpənin təbii təlabatlarının təmin edilməsindən məmnunluğunu ifadə edir. Həyatın birinci ilində uşaq öz valideynlərinə, xüsusilə anaya xüsusi əlaqə - psixoloji əlaqə vasitəsilə sıx bağlı olur.
Bu əlaqənin möhkəmləndirilməsi və düzgün reallaşması uşağın inkişafına, onun müstəqillik imkanlarının genişləndirilməsinə münasibətdən asılıdır.Bu dövrdə uşağın həyatında aparıcı təlabat ünsiyyət təlabatıdır. Yaşlı ilə körpə arasında emosional ünsiyyət formasında qurulan əlaqələr informasiya mübadiləsi imkanlarından hələ çox uzaq olur.Körpəlik dövründə ünsiyyətdən, xüsusilə ana ilə ünsiyyətdən məhrum edilmiş uşaqlar psixi inkişaf səviyyəsinə görə bu imkanlara malik uşaqlardan geri qalırlar.
Rəvayətə görə Peyğəmbər (s) camaatla günorta namazı qılırdı, ancaq adi vaxtlardan fərqli olaraq, namazın son iki rükətini tez-tələsik başa çatdırdı. Namazdan sonra adamlar Peyğəmbər (s) soruşdular: “Məgər bir hadisə baş vermişdir ki, Siz namazınızı bu cür tez-tələsik başa çatdırdınız?”. Peyğəmbər (s) buyurdu: “Məgər siz ağlayan körpənin səsini eşitmədiniz?”. Beləliklə, sonradan məlum oldu ki, Peyğəmbər (s) körpəni sakitləşdirmək və ona nəvaziş göstərmək üçün öz namazını tələsik yerinə yetirmişdir.
Normal psixi imkanlarla doğulmuş uşağın xarici aləmi dərk etməsində dil mühüm rol oynayır. Nitqəqədərki mərhələdə körpə dünyanı sadə sensomotor (hissi-hərəki) sxemlər vasitəsilə dərk edir. Oyuncaqlarla əylənmək, daha sonra yaşlıları təqlid etmək yolu ilə uşaq əşyaların forması ilə tanış olur, hadisələr arasındakı səbəb-nəticə əlaqələrini anlamağa çalışır. Bu üsulla o, öz bədənini idarə etməyi öyrənir, hərəki vərdişlər qazanır. Bu obrazlı şəkildə “davranış dili” adlandırılır.
Körpənin özünəməxsus psixi həyatı onun sosial davranışının təzahürlərində əks olunur. Sosial davranış dedikdə, insanın başqa adamlarla qarşılıqlı münasibətləri başa düşülür. Körpəlik dövründə uşaq ətrafında başqa adamların da olduğunu, kimin isə onunla oynamaq istədiyini anlamasa da, adamları ətraf xarici aləmin fiziki obyektlərindən fərqləndirə bilir.
Yeni doğulan körpənin emosional həyatında ağlama reaksiyası əsas yer tutur. Onun ağlama səsləri adətən bir not üzərində monoton ritm üzrə baş verir. Körpənin rahatlğı (komfort) və narahatlığından (diskomfort) asılı olaraq onun nitqində bəzi xüsusi səslər müşahidə olunur. Körpənin qırıq-qırıq ağlaması və əmmə hərəkətlərinin hərəkətləri onun səs repertuarını zənginləşdirir. Vokolizasiya adlanan bu proses öz forma və xarakterinə görə dəyişir, körpənin daxili vəziyyətindən, xarici mühitin təsirlərindən asılı olaraq müxtəlif fizioloji reaksiyaların yaranması baş verir. Dörd aylığında körpə ona yönəlmiş nitqə qarşı təbəssümlə cavab verir. Bu dövrdə uşağın səs fəallığında sıçrayış müşahidə olunur. Əvvəlcə körpə “a” və “o” səslərini, sonra isə m,b,p,d kimi samitləri tələffüz edir. Tədricən uşaq müəyyən səs birləşmələrini özünəməxsus şəkildə təkrarlamağa başlayır. Yaşlıların uşaqla verbal ünsiyyəti məhdud olduqda, bu uşağın nitqinin inkişafının ləngiməsinə gətirib çıxarır. Bu ləngiməyə səbəb olan amillərdən biri də, psixoloqların fikrincə, yaşlıların hədsiz çox danışmasıdır. Yaşlıların çoxsözlü və mürəkkəb nitqi uşaqlarda nitqin inkişafına ləngidici təsir gəstərən amillərdən biridir. Məşhur İsveçrə psixoloqu J.Piaje belə hesab edirdi ki, uşaqlarda dilin mənimsənilməsi imkanları onlarda idrak qabiliyyətlərinin inkişaf səviyyəsindən asılıdır.
Sona Həmzəyeva