Qadin.NET / Gülüş-3

Gülüş-3

Gülüş həzmi yaxşılaşdırır.
Gülüş bədənin təmizlənməsi üçün ən təbii və yaxşı vasitədir. Belə ki, biz güləndə qarın əzələlərimiz gərginləşir, bağırsaq əzələləri isə dartılır, nəticədə bağırsaqların işi yaxşılaşır və orqanizmdən toksinlər, zəhərli maddələr xaric olunur. Başqa sözlə desək, gülüş bağırsaqları gimnastika elətdirir. Hələ min illər əvvəl Hippokrat gülüşün müalicəvi xüsusiyyətlərindən yazmışdı. Onun fikrincə, yemək zamanı yaxşı əhval-ruhiyyədə aparılan söhbət həzm sisteminin işinə müsbət təsir göstərir.
Gülüş insanı cavan və gözəl saxlayır.
Amerika alimləri üz əzələləri aktivliyi ilə beyin qan dövranı arasındakı əlaqəni müəyyənləşdiriblər. Güldükdə və ya gülümsədikdə beyin qan dövranı yaxşılaşdığından beynə daha çox oksigen gedir, bu isə emosional vəziyyətə müsbət təsir göstərir. Tədqiqatlar göstərir ki, tez-tez gülən insanlar problemləri asan həll edir, ürəyi açıqlığı, yardımsevərliyi, həmçinin, nadir sevmək bacarığı ilə  fərqlənirlər.  Sifəti qırışmasın deyə gülüşünü boğmağa çalışan insanlar isə xüsusi ilə də qadınlar əslində böyük səhvə yol verirlər. Belə ki, ”ciddi sifət”  üzü canlı emosiyalardan məhrum edir. Qırışlar məhz neqativ düşüncəli insanlarda daha çox olur. Ürəkdən gələn gülüş üz əzələlərini tonuslandırır, üzdə qan dövranını yaxşılaşdırır, bu isə dərinin tonusunu xeyli yaxşılaşdırır. Bundan başqa, əhvalınız olmayanda üzünüzün bütün əzələləri sallanmış olduğundan olursunuz “sallaq sifət”. Güləndə isə əksinə üz əzələləriniz qalxır və beləliklə, üzünüz daha cavan, gözəl, elastik və təravətli görünür.
Gülüş-3
Gülüş arıqladır.
Gülüş insan bədəninə idman hərəkətləri kimi təsir edir. Məlum olub ki, 27 saniyə çəkən gülüş ürək-damar sisteminə 3 dəqiqəlik avarçəkmənin verdiyi təsiri göstərir. Başqa sözlə, kardioməşq (ürək əzələsinin məşqi) funksiyasını yerinə yetirir. Bir dəqiqə ürəkdən gülmək isə 40 dəqiqəlik qaçışdan alınan müsbət nəticəni verir. Ümumiyyətlə, gülüş məşqlərin effektivliyinin artmasına səbəb olur. Amerikalı psixoloq Henri Şvarts müəyyən edib ki, pis əhval-ruhiyyədə idmanla məşğul olmağın heç bir xeyri yoxdur. Nəticə onsuz da istənilən kimi olmayacaq. Yaxşı əhval-ruhiyyədə olub tez-tez gülsəniz, nəticə gözlədiyinizdən də yaxşı olacaq (idman vaxtı yox, ondan əvvəl ya idmanarası dincəldiyiniz vaxtlarda).
Gülüş nifrətə qalib gəlir.
Gülüş insanın psixoloji komfortuna, münasibətlərinə müsbət təsir göstərir. Özünə inamı aşağı olan insanlara gülüş terapiyası çox yaxşı təsir göstərir və bu problemdən azad edir. Gülüş terapiyası ilə mənfi emosiyalar olan nifrət, qəzəb, kin, qısqanclıq, qorxu və günah hissini aradan qaldırmaq olar. Burada əsas məqam özünə və öz səhvlərinə bir qədər ironiya ilə yanaşmaqdır. Belə yanaşma vəziyyətin kəskinliyinin nəzərə çarpacaq dərəcədə azalmasına və həyatda yaşanan və yaşana biləcək çətinliklərdən daha rahat keçməyə imkan verir. Artıq məlumdur ki, hirsli, aqressiv insanlar daha çox ürək xəstəliklərinə tutulurlar, şən olanlar isə əksinə, bu onunla əlaqədardır ki, gülüş ürək və qan damarları hüceyrələrini möhkəmləndirir.
Gülüş haqda maraqlı faktlar
1. Şən insanlar aqressiv insanlardan 40% az ürək-damar xəstəliklərinə tutulurlar. Ciddi rəqəmdir, deməli düşünməyə dəyər.
2. Güləndə ağciyərlərdən 100 km/saat sürətilə çıxan hava  bronxit və bronxial astma kimi xəstəliklərdə bronxları bəlğəmdən təmizləyir və tənəffüsü yaxşılaşdırır.
3. Gülüş insanın yaradıcılıq qabiliyyətini və  problemləri həll etmə bacarığını artırır. Beynin sağ və sol yarımkürələrinin arasında əlaqə yaradaraq limbik sistemi aktivləşdirir.
4. İsveç həkimlərinin son 270 ildə apardıqları tədqiqatlar göstərir ki, teatr aktyorlarının arasında komediya janrı aktyorları dram aktyorlarından daha çox yaşayır.
5. Gülüşü öyrənən beynəlxaq təşkilatlardan birinin konqressi zamanı gülüşlə müalicə alan xərçəng xəstələrinin sağlamlıq göstəriciləri digərlərindən çox daha yaxşı olduğu qeyd olunmuşdur.
6. XII əsrdə həkimlər deyirdilər: “Şəhərə təlxəyin gəlməsi sağlamlıq üçün 10 qatıra yüklənib gətirilmiş dərmandan daha xeyirlidir”.
7. Həkim Tiso əmin edirdi ki, o, qızılcaya yoluxmuş uşaqları qıdıqlayıb güldürməklə sağaldırmış.
8. Gülüş həyəcan və narahatlıq hissini aradan götürür: Malayziyada tələbələr arasında aparılan bir təcrübədə onlara imtahan qabağı gülüşü imitasiya edən xüsusi tənəffüs hərəkətləri öyrədildi və nəticədə bütün tələbələr imtahanları asanlıqla və həyəcansız verə bildilər.
9. Qərbdə satıcılar arasında aparılan maraqlı bir eksperiment göstərib ki, ən güləriz satıcıların xarakteri müəyyən vaxtdan sonra yaxşılığa doğru dəyişib, həmçinin psixoloji gərginlik nəticəsində meydana çıxan xəstəlikləri də aradan qalxıb.
10. İngilis filosofu və həkimi Uilyam Osler gülüşü həyatın musiqisi adlandırıb və hər gün ən azı 10 dəqiqə gülməyin çox vacib olduğunu qeyd edib. Oslerə görə, insan 17 dəqiqədən çox gülürsə, ömrünü 1 il uzatmış olur.
11. AР’Ş-da astronavtlığa namizəd seçimi zamanı onların yumor hissini və zarafat etmək bacarığını yoxlayırlar. Bundan başqa, ABŞ-da yüksək hərbi silahlı qüvvələrin üzvləri və həmçinin böyük korporasiyaların rəhbərləri 10 ildən artıqdır ki, yumor seminarlarında iştirak edirlər. Təlimi məşhur aktyor və ssenarist Çarlz Metkaf aparır və bunu yumorobika adlandırır.
12.   ABŞ Merilend Universitetinin kardiologiya mərkəzinin rəhbəri Maykl Millerə görə, gülüşü ürəyi sağlam saxlayan faktorlar siyahısına əlavə etmək lazımdır: hərəkət, yağsız qida və gündə bir neçə dəfə gülmək.
Arzu Nəcəfova
Ardı var...
28 avqust 2014
GO BACK