Xoşagəlməz şeylərdən şikayətlənmək qəzəbi iki qat artırır, onlara gülməyi bacarmaq isə qəzəbi öldürür. Konfutsi.
İndi isə gülüşün fiziki, psixoloji sağlamlığa və müvafiq olaraq həyat keyfiyyətinə necə təsir etdiyi barədə daha ətraflı. Çox insana maraqlı gələ bilər ki, gülüş insanın əhvalını necə qaldıra bilər. Gülüş aktı zamanı üz əzələləri sinir sistemi və beynin işinə çox müsbət təsir göstərən xüsusi impulslar ötürür, qana çoxlu miqdarda xoşbəxtlik hormonları olan endorfin, serotonin və neyropeptidlər daxil olur.
Maraqlısı odur ki, bu mexanizm hətta insanın əhvalı olmadıqda belə təsirlidir, belə ki, siz üzünüzdə saxta gülüş yaradırsınız, həmin təsir yenə özünü göstərir və beləliklə əhvalınız yüksəlir və siz, həqiqətən də, gülməyə başlayırsınız. Bu isə öz növbəsində gərginliyin (stress), baş və əzələ ağrılarının azalmasına gətirib çıxarır. Bununla yanaşı, qanda oksigen daşınması güclənir və antitellərin səviyyəsi artdığından immun sistemi möhkəmlənmiş olur. Qanda tənəffüs yollarının selikli qişasını viruslardan qoruyan immunoqlobulin A-nın miqdarı artır. Bundan başqa, gülüş yuxusuzluğu, fiziki, əqli və psixoloji gərginliyi aradan qaldırır. Gülüş astma tutmalarını yüngülləşdirir və hipertoniyadan əziyyət çəkənlərdə arterial təzyiqi aşağı salır (hipertoniya müxtəlif səbəblərdən arterial qan təzyiqinin artmasıdır). Gülüş zamanı damarların genişlənməsi nəticəsində təzyiq azalır. 10 dəqiqəlik gülüşdən sonra təzyiq 10-20mm / c.s. enir.
Qeyd etmək lazımdır ki, məhz bu xüsusiyyətlərinə görə gülüş müalicə üsulu kimi hazırda dünyanın ən böyük klinikalarında tətbiq olunur. Tibdə yeni olsa da, qədim tarixə malik Yoqanın bir istiqaməti olan Haasya Yoqa məhz gülüşlə müalicəyə əsaslanır. Burada əsasən gülüş stimulyasiyası və imitasiyasına yer verilir. Haasya Yoqa qrupla gülüş terapiyasıdır, bu bir növ tənəffüs gimnastikasıdır və burada müxtəlif tonallıqlı gülüşlər müxtəlif orqanların sağalmasına yönəldilir. Məsələn, “ho-ho” səsi qarın boşluğu orqanlarının sağalmasına yönəldiyi halda, “ha-ha” ürəyin işini stimulyasiya edir, “hi-hi” isə beyin qan dövranı və boğaz üçün xeyirlidir. Gülüş terapiyası hətta sağalmağa heç bir ümidi olmayan xəstələri belə ayağa qaldırıb. Bir neçə əsr əvvəl Parisdə yaşayan Qalli Matye adlı həkim xəstələrini nəinki dərman, həmçinin, zarafatlar, gülməli hekayə və şən manhılarla müalicə edirdi və nəticədə onun xəstələri digər həkimlərin xəstələrindən daha tez sağalırdılar.
Gülüşlə müalicənin kəşfi
Hazırda bütün dünyada gülüş terapiyası sürətlə inkişaf edir. Ən çox ABŞ-da, o cümlədən Avropanın bir çox dövlətlərində də geniş tətbiq olunmağa başlayıb. Gülüşlə müalicənin maraqlı tarixçəsi var. Onu da qeyd etmək lazımdır ki, bu metod tam təsadüf nəticəsində ortaya çıxıb. N.Kazins (amerikalı, psixologiya fənni tədris edən, jurnalist) kollagenoz xəstəliyindən əziyyət çəkir (sümük və birləşdirici toxuma xəstəliyi) və uzun müddətli nəticə verməyən müalicələrdən sonra o, artıq hərəkət belə edə bilmir, hətta çeynəyə və ağzını aça bilmir. Üstəlik bütün bunlar güclü ağrılarla müşayiət olunur. Həkimlərsə Kazinsə bundan artıq kömək edə bilməyəcəklərini bildiririlər. Beləliklə, o, özü müalicə vasitələri axtarmağa başlayır. O zaman nevroloq Vilyam Frayın jurnallarda gülüşün xəstəlikləri necə müalicə etdiyi haqda yazılar dərc olunmağa başlayır və Kazins bu metodla özünü müalicəyə başlayır: Xəstəxanadan çıxıb oteldə yaşayır və otağına kinoproyektor sifariş edib komediya janrında olan filmlərə baxmağa başlayır (baxıcısı ona bu işdə köməklik göstərir). Bir neçə gün o heç gülmür, sonra birdən öz vəziyyətinə gülməyə başlayır: “Mən axmaq, hərəkətsiz uzanmışam, gic kimi filmlərə baxıram və ciddi-ciddi düşünürəm ki, onlar mənim həyatımı qurtara biləcəklər”. Dəli kimi səbəbsiz gülməyə davam edərkən birdən kürəyindəki ağrının necə azaldığını hiss eləyir…
Bir neçə həftədən sonra Kazinsin vəziyyəti nəzərə çarpacaq dərəcədə düzəlir. Bir neçə ildən sonra o, nəinki xəstəliyindən qurtulur, yenidən işinə qayıdır, hətta sevimli pianosunda yenidən ifa etməyə başlayır. Elə bundan sonra da gülüşlə terapiya ciddi şəkildə öyrənilməyə başlanır. Hazırda dünyada “Gülüş klubları” və klinikalarda “Gülüş kabinetləri” fəaliyyət göstərir. Təkcə Mumbayda 500 belə klub var. Amerika, İsveç, Fransanın bir çox klinikalarında isə gülüş terapiyası ilə məşğul olan kabinetlər açılıb, burda pasientlər xüsusi seçilmiş yumoristik videolara baxaraq müalicə alırlar. Xroniki xəstəliklərin müalicəsində də bu metod çox uğurla tətbiq olunur. Uşaq klinikalarında isə həkimlər və tibb bacıları kloun geyimlərində balaca pasientləri müalicə edirlər.
Xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların gülüşlə müalicəsi
Uşaqların bu üsulla müalicəsi məşhur amerika sirkinin direktoru Maykl Kristensenin 80-ci illərin əvvəlində “Təcili yardım klounları”-nı yaratmasından başlanır. Onun təklifi ilə bu klounlar xərçəngdən əziyyət çəkən uşaqları ziyarət edir və onları əyləndirirdilər. Həkimlər klounların ziyarətindən sonra müalicənin effektivliyinin çox artdığını böyük təəccüblə qarşılamışdılar. Məhz o vaxtdan etibarən bu üsul geniş tətbiq olunur və gözəl nəticələr verir. Bu sahədə ən maraqlı və lazımlı işi İsrail gördü, belə ki, İsrail xəstəxanalarından birində həkim, tibb bacıları və fizioterapevtlər altı aylıq təlim keçərək “tibbi klounlar” ixtisasına yiyələndilər və hazırda kurs məzunları ölkənin bütün böyük xəstəxanalarında çalışırlar. Almaniyada isə ağır xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün müalicəni əsl əyləncəyə çevirən həkim-klounların böyük assosiasiyası var. Belə birliklər Avstriya, Hollandiya və Çexiyada da mövcuddur. Hazırda bu hərəkata Polşa və Macarıstan da qoşulub. Yaponiyada isə vərəm xəstəxanalarında gülüş terapiyası uğurla tətbiq olunur.
Arzu Nəcəfova
Ardı var...