Qadin.NET / Gülüş-1

Gülüş-1

Gülüş-1
Ciddi sifət hələ ağlın göstəricisi deyil, Yer üzündəki bütün böyük axmaqlıqları məhz ciddi üz ifadəsi olanlar törədib. K.F.İ.Münxhauzen.  Belə bir ifadə var: burnunu niyə sallamısan? Heç bu sözü sizə deyəndə düşünmüsünüz ki, burnunuza baxasınız?  Baxmadığınıza əminəm, amma məsləhət görürəm ki, baxasınız, onda nə demək istədiyimi  başa düşəcəksiniz.
İndi  isə burun və üz əzələləri sallanması prosesinin əksi olan gülüş haqda ətraflı danışmaq istəyirəm. Gülüş deyib keçdiyimiz əslində fiziologiyası, çox müsbət cəhətləri olan, insan psixologiyası və sağlamlığına, nəticədə də isə həyatına müsbət təsir edən çətin bir aktdır. Ard-arda baş verən qısa, spazmatik tənəffüs hərəkətləri ilə birgə üzün müəyyən qrup əzələləri yığılaraq  hamımızın bildiyi gülüşə məxsus üz ifadəsini yaradır. Tibdə gülüşün sağlamlığa təsirini öyrənən xüsusi bir sahə var. Helotologiya adlanan bu sahə psixiatriyanın bir istiqamətidir.
Bizim filosoflara inansaq, insan digər canlı məxluqlardan gülmək bacarığı ilə seçilir. Addison Cozef.
Müasir tədqiqatlara görə, gülüş 10 milyon əvvəl insan və insanabənzər meymunlarda yaranıb. Tədqiqatlar göstərib ki, meymunların balalarını qıdıqlayan zaman çıxardığı gülüş səsləri insan səsinə çox oxşayır.  Son zamanlar canlılardan siçanların da güldüyü aşkarlanıb, belə ki, onlar öz aralarında oynadığı zaman və onları qıdıqladıqda gülüş səsinə oxşar səslər çıxarırlar (bunu insan qulağı eşitmir).
Gülüş də əsnəmə kimi yoluxucudur. Henrix Heyne. 
Gülüşün insan bədəninə təsirini öyrənmək üçün çoxlu sayda tədqiqatlar aparılıb və  aparılmaqdadır. Tədqiqatlar həddindən artıq çoxdur, onlardan bəzilərini nümunə gətirmək istərdim. Kaliforniya Berkeley Universitetinin apardığı 30 illik tədqiqatda maraqlı nəticələr ortaya çıxmışdır. Bu tədqiqat köhnə məzun albomlarının araşdırılmasına əsaslanır. Məqsəd məzunların gülüşlərini ölçməklə əldə etdiyi uğurları, ətrafa necə təsir etdikləri, ailə həyatlarının uğurlu olub-olmaması və nə dərəcədə xoşbəxt olduqlarını öyrənmək idi. Onu da qeyd edim ki, məzun albomlarının birində  Barri (Barak) Obamanın da şəkli olub. Araşdırma nəticəsində daha çox gülən tələbələrin  böyük uğurlar qazandığı məlum olub. Buna bənzər bir araşdırma da Wayne Dövlət Universitetində aparılıb. Bu tədqiqatda məqsəd gülüşün insan ömrünün uzunluğuna təsirini öyrənmək olub. Bu dəfə isə 1950-ci illərdə buraxılan beysbol kartları araşdırılıb. Belə ki, şəkillərdə gülməyən idmançılar orta hesabla 72 il, gülənlərin isə 80 il yaşadığı aydınlaşdırılıb. Bu və buna bənzər çoxlu sayda araşdırmalar gülüşün ömrün uzadılmasına və həyat keyfiyyətinə olan təsirini bir daha təsdiqlədi.  
Vaxtilə Ç.Darvin digər nəzəriyyələri ilə yanaşı,  “Üzün əks reaksiyası” nəzəriyyəsini  yaratmışdı. Bu nəzəriyyəyə görə, gülüş yalnız yaxşı əhval-ruhiyyənin nəticəsi deyil, həqiqətən də, insanın əhvalını yüksəldən bir aktdır. Bu nəzəriyyə öz təsdiqini almanlar tərəfindən aparılan tədqiqatda da tapdı. Tədqiqatda botoks inyeksiyalarından əvvəl və sonra beynin aktivliyi yoxlanılır, bunun üçün  funksional MRT (maqnit-rezonans tomoqrafiya) tətbiq olunur. Məlumdur ki, botoks inyeksiyaları gülüş  aktına cavabdeh olan  əzələlə sinirlərini iflic edir.
Nəticələr Ç.Darvinin nəzəriyyəsini bir daha təsdiq etdi, belə ki, gülüş, hətta səbəb olmadan üzdə bu ifadəni yaratmaq beynin emosional vəziyyətinə təsir edir və beləliklə də biz güləndə özümüzü çox daha yaxşı hiss edirik.
Britaniya alimləri müəyyənləşdiriblər ki, əhval-ruhiyyəni qaldırmaq üçün istifadə olunan şokolad belə gülüşün yaratdığı stumilyasiyaya çatmır, belə ki, bir gülüşün yaratdığı stimulyasiya 2000 şokoladın yaratdığı qədərdir. Şokoladın təzyiqinizi qaldıracağını, içində çoxlu miqdarda konservantın olduğu və digər mənfi cəhətlərini nəzərə alsaq, gülmək daha məsləhətlidir. Məhz bu cəhətləri və tam pulsuz başa gəldiyi üçün gülüşü mütləq gündəlik menyunuza daxil etməlisiz. :)
Gülüşlə bağlı çoxlu maraqlı faktlar  var. Müasir USM (ulstrasəs müayinə) aşkarlayıb ki, insan hətta ana bətnində olarkən də gülümsəyir. Yeni doğulan körpələr ilk günlərində ən çox yatarkən gülürlər. Onu da qeyd etmək lazımdır ki, hətta kor doğulan uşaqlar insan səsi eşidəndə gülürlər. Böyüklərdən fərqli olaraq uşaqlar gündə 400 dəfəyə yaxın gülürlər, böyüklər isə ən yaxşı  halda gündə 20 dəfə. Buna görə də uşaqlarla ünsiyyətdə olan böyüklər daha yaxşı əhval-ruhiyyədə olurlar.
Arzu Nəcəfova
Ardı var...
26 avqust 2014
GO BACK