Qadin.NET / Gülüş-4

Gülüş-4

Gülüş-4
Avstriyalı Ziqmund Foyeraben özünün  “Gülüş xərçəngi məhv edir” adlı kitabında deyir: “Gülüş və xəstəlik hər ikisi dünyagörüşüdür. Bir insanın isə eyni vaxtda iki dünyagörüşü ola bilməz. Biri qalib gəlməlidir. Çalışın gülüş qalib gəlsin”.
Gülməyi bacarmaq tək insanın xarakteri və həyat  tərzindən asılı deyil, burada cəmiyyətin rolu çox böyükdür. İnsanların əksəriyyəti qəbul olunmuş normalar, mental dəyərlərdən kənara çıxa bilmirlər, hətta bu, onların həyatını  zəhərləsə belə.  Bizim cəmiyyətdə isə  gülüşə, ümumiyyətlə, təbəssümə münasibət birmənalı deyil, küçədə çox nadir halda kimisə üzündə gülüşlə görə bilərsiniz.  Axı insan boş yerə niyə gülməlidir? Bu qədər problem varkən ciddi və “ağır” olmaq dəbdə ikən gülmək qeyri-ciddilik əlaməti sayıldığı halda niyə gülməlidir insan?!  Bir də üz əzələlərini əziyyətə salıb təbəssümlə gəzməlidir?!  Bu, bizim milli mental dəyərlərimizdən irəli gəlir, insan istəsə belə güləriz ola bilmir, çünki ona mütləq “dəli, yüngül xasiyyətli” damğası qoyulacaq. Amma səbəb daha dərində gizlənib, gülməyi və xoşbəxt olmağı bacarmayan insan digərlərinin xoşbəxtliyini qəbul edə bilməz. Şəhərimizdə isə sahib olduqlarından asılı olmayaraq, varlısı, kasıbı, xəstəsi, sağlamı, qocası, cavanı heç kim xoşbəxt olmağı bacarmır. İstisnalar, əlbəttə, həmişə var, lakin çox azdır. Gülməmək üçün ən yaxşı bəhanə isə “kefim yoxdur” cümləsidir, əgər artıq bu hissəni oxuyursunuzsa, deməli, bəhanə artıq ola bilməz. Əgər “ciddi sifət” problemlərinizi həll edəcək və sizi xoşbəxt edəcəksə, buyurun, seçim həmişə sizindir.
Gülüş-4
Gülməyi öyrənmək istəyənlər üçün bir neçə məsləhət
Bədbinləri ətrafınızdan uzaqlaşdırın, komediya janrında olan filmlərə üstünlük verin, əhvalınızı pozacaq musiqi və verilişləri dinləməyin, baxmayın, xüsusilə də cinayətlərlə bağlı. Rəqs və idmanla məşğul olun, bu zaman qana xoşbəxtlik hormonları daxil olur və əhvalınız xeyli yüksəlir.
Səhər gözlərinizi açanda  bacardığınız qədər uzun müddət gülümsəyin, nəticə sizi gözlətməyəcək. Bir şeyi yadda saxlayın ki, hər şey vərdiş halına salındıqdan sonra asandır. Gülməyə vərdiş edin. Həyata gülün ki, o da sizə gülsün. Unutmayın, nə versəniz, onu da alacaqsınız, bu nə yeni kəşfdir, nə də uydurma, bu, enerji mübadiləsidir və bu haqda bilənlər nə demək istədiyimi başa düşdülər. Unutmayın ki, əslində  gülməyi bacaran  insanlar əslində elə güclü olanlardır, doğrudur, cəmiyyət tərəfindən üzündən “zəhrimar” yağan insanlar güclü hesab edilir, amma gəlin bir baxaq, onlar işlərində uğurlar qazana, böyük iş adamı və sahəsində böyük adlar qazana bilərlər, amma xoşbəxtdirlərmi onlar? Həzz almağı bacarırlarmı həyatdan? Hakimiyyəti olmaq hələ güclü olmaq demək deyil, yalnız xoşbəxt olmağı bacaran insanlar güclüdürlər.
Üzünüzdən gülüş heç vaxt əksik olmasın.  smile
Arzu Nəcəfova
29 avqust 2014
GO BACK