Qadin.NET / Uşaqlara bunları demək olmaz!

Uşaqlara bunları demək olmaz!

Bəzi cümlələr və jestlər var ki, uşağın yaşından asılı olmayaraq, onların psixologiyasında pis təəssürat yaratmamaq üçün onlara demək olmaz. Gəlin, onlardan bir neçəsi ilə tanış olaq.

1."Səndə heç nə yaxşı alınmır, bacarmırsan. Ver, sənin əvəzinə mən edim". Psixoloqlar düşünürlər ki, bu cümlə uşağın psixologiyasına pis təsir edir və onu gələcək uğursuzluqlara hazırlayır. Uşaq gələcəkdə də etmək istədiklərini etməyəcək və anasının yenidən əsəbiləşəcəyini və onu uğursuzluqda günahlandıracağını düşünəcək.

2. "Götür, bircə sakit ol!" Bir çox valideynlər uşağın dayanmadan "Ver, nə olar ver, niyə vermirsən, ver də" deyərək nəyisə təkidlə istəməsinə "Götür, təki sakit ol" deməklə özləri də istəmədən uşağa bu hərəkəti etməklə hər şeyi aldıra və icazəsini ala biləcəklərini öyrədirlər.

3. "Bir daha belə bir şey görsəm, cəzalanacaqsan". Həyat təcrübəsi onu göstərir ki, valideynlər tez-tez uşağa bu cümləni deyir. Lakin heç bir cəza tətbiq etmir və bir neçə xəbərdarlıqdan sonra uşağa lazım olmayan cəza verirlər. Uşaq etdiyi səhvin cəzasını bilməli və ona görə hərəkət etməlidir. İlk etdiyi səhv üçün cəzalanmalıdır. Cəza isə sevdiyi filmi izləməmək, sevdiyi oyuncağı əlindən alınmaq, istədiyi hər hansı bir şeyi almamaq və s. olmalıdır. Uşağa güc tətbiq etmək olmaz.

4. "Sənə dedim ki, bu dəqiqə sakit ol!" Uşaqla bu cür danışmaq olmaz. Axı o, sizin körpənizdir. Çox vaxt bu cümlədən sonra uşaq ağlamağa başlayır və valideyn yanından ötüb keçir, öz işi ilə məşqul olur. Uşaq isə sakitləşən kimi yenidən eyni hərəkəti etməyə başlayır. Göründüyü kimi, bu cümlə də uşağın tərbiyəsi üçün əlverişli deyil. 

Uşaqlara bunları demək olmaz!

5. "Sən başa düşməlisən ki..." Çox uşaqlarda bu cümləyə qarşı qoruyucu sərhəd yaranır və hətta sizə qulaq asmadan öz fikir dünyasında olur. 

6. "Yaxşı oğlanlar (qızlar) özlərini belə aparmırlar". Bu cümlə uşaqlar böyüdükdə belə onların yadında qalır və onlarda müəyyən komplekslər yaradır. Bəzən qızlar özlərinnə peşə seçərkən belə "Yox, bu, qızlar üçün deyil" deyib başqa peşələrə yönəlirlər.

7. "Hər xırda şey üçün əsəbiləşmə, ruhdan düşmə!" Unutmayın ki, sizin üçün kiçik görünən problem onun balaca dünyası üçün böyük ola bilər. Çünki verilməyən oyuncaq maşın və ya ayıcıq onun üçün böyük problem ola bilər. Siz bu cümləni deməklə onun etibarını itirəcəksiniz. Gələcəkdə olacaq başqa böyük problemləri də sizinlə bölüşməyəcək.

8. "Mənim sağlığımı qoru!" Çox valideynlər var ki, əsasən də analar "Məni əsəbiləşdirmə", "Məni incitmə", "Məni yorma" və s. kimi cümlələri işlədir və uşaq vicdan əzabı çəkir. Onun etdiyi hərəkət nəticəsində anasının xəstələndiyini düşünür və bu, onun psixologiyasında həmişə "Hər şeydə günahkar mənəm" deyə bir iz buraxır.

9. "Yox, biz bunu almırıq, çünki çox bahadır!" Uşaq pulun olub-olmadığını başa düşmür. O, sizdə hətta 1-2 manat pul belə görsə, sanacaq ki, bu pulla hər şey almaq olar. Ona görə də uşağı "Bu oyuncaqdan artıq səndə var", "Çox şokolad yemək sağlamlığına ziyandır" deyərək başa salmaq lazımdır.

10. "Başqa uşaqlar normal uşaqlardır, sən isə..."  Bu cümlə isə uşaqlarda özünəinamı aşağı salacaq və istər-istəməz daha da pisləşəcəklər.

5 iyul 2014
GO BACK