Neofobiyanın nə olduğunu bilirsinizmi? Bilmirsinizsə, dərhal qısaca açıqlayaq: ətrafındakı yeniliklərdən və inkişafdan həddindən artıq qorxmaq deməkdir. Xüsusilə texnologiya çağında insanların inkişafa ayaq uydurmaqda çətinlik çəkməyinin neofobiyanı artırdığını düşünərək bu psixoloji xəstəliyin yaşlanmaqla əlaqəsini sizlərlə paylaşmaq istədik.
Neofobiyası olanlar erkən qocalırlar.
Prof. Dr. Sedat Özkan neofobiyanın əhəmiyyətli bir əks təsirinə diqqətimizi çəkir: o, qocalmanı sürətləndirir.
Özkan vurğulayır ki, qocalmaq - sevmək, öyrənmək həvəsinin eroziyaya uğramasıdır. Neofobiyası olanlar, yəni yenilikdən qorxanlar bütün yeniliklərə qarşı çıxır və müqavimət göstərirlər. Buna görə də onlarda erkən yaşlanma problemi özünü göstərməyə başlayır.
Neofobiyası olanların obsesiyaya meyli olur. Hər vəziyyətə nəzarət etmək bir müddət sonra insanı yorur və əsəbilik yaradır. Cəmiyyətdəki yanlış fikrə görə, yaşlılıq dövrü ictimai həyata daxil olunmayan, evdə vaxt keçirilən, sağlamlıq problemləriylə dolu proses kimi qəbul edilir. Halbuki, yaşlılıq dövrünün gətirdiyi fiziki, ictimai və psixoloji dəyişikliklərə baxmayaraq, sosial baxımdan fəal və məhsuldar həyat sürmək mümkündür. Əhəmiyyətli olan adamın neçə yaşında olduğu deyil, həyatdan aldığı həzzdır.
Körpəlik, uşaqlıq, yetkinlik və orta yaş dövrlərinin özünəxas problemləri olduğu kimi, yaşlılıq dövrünü də özünəxas bəzi çətinlikləri var. Yaşlanmaqla yanaşı, bioloji, psixoloji və sosial dəyişikliklər ortaya çıxır. Ancaq ortaya çıxan bu dəyişikliklər sağlam və məhsuldar həyat yaşamağa mane deyil və olmamalıdır.
Sosial təcrid depressiya yaradır
Yaşlılarda ən çox rast gəlinən ruhi narahatlığın depressiya olduğunu ifadə edən psixoloqlar deyir ki, 65 yaşdan yuxarı insanların 80 faizindən çoxunda xroniki fiziki narahatlıq baş verir. Yaşlılarda ən çox görülən ruhi narahatlıq isə depressiyadır. Depressiya təkbaşına və ya daha çox fiziki xəstəliklərlə bağlı olaraq ortaya çıxır. Fiziki xəstəliklər, dərmandan çox istifadə etmək, kifayət qədər qidalanmamaq, sosial əlaqələrin azalması, sosial-iqtisadi səviyyənin aşağı olması, həyat yoldaşının dünyasını dəyişməsi və pensiyaya çıxmaq kimi amillər depressiya yaradır".
Yaşlı xəstələrdə depressiya dərman və psixoterapiya vasitəsilə müalicə edilə bilər. Müalicənin məqsədi xəstəlik əlamətlərinin aradan qaldırılmasını təmin etməklə yanaşı, həyat keyfiyyətini yüksəltməkdir.