Davamlı olaraq həyatdan və ya qarşımızdakı insanlardan nəsə istəyirik, deyilmi? "Həyat daha əyləncəli olsa, işimdə yüksələ bilsəm, sevgilim daha mehriban olsa" deyib xəyallar qurur, arzulayır və sabahı gün hər şey yenə eyni olanda "Bax, heç bir şey dəyişmir" deyə heyfsilənirik.
Heç çiçəyə, gülə baxmısınızmı? Bəziləriniz "bəli", bəziləri də "xeyr" deyəcək. Lakin hər kəsin öz fikri vardır. Çiçəyə su verməli, uyğun yerə qoymalı, yarpaqlarını təmizləməli, zamanı gələndə torpağını dəyişdirməli və ən əhəmiyyətlisi onunla danışa bilməliyik. Sevgiylə söhbət etdiyiniz çiçəklərin daha uzun ömürlü olduğu, rəngarəng çiçəklərini keflə açdığı isbat edilib.
"Mövzumuzla nə əlaqəsi var" deyəcəksiniz, cavabımız "əmək"dir. Bir çiçəyi pəncərə qabağına qoyub, onunla maraqlanmayıb, daha sonra "Aaa, amma bu heç çiçək açmır, bu necə çiçəkdir" deyən birini görmüsünüzmü?
Əlbəttə, insanın arzuları vardır və olacaq da. Ancaq davamlı özünüz üçün almağa başlasanız, bu, günah sözünün qarşılığıdır. İndi ciyərlərinizi təmiz hava ilə doldurun, nəfəs aldınızmı? İndi nəfəsinizi saxlayın. Nə qədər saxlaya bilərsiniz? Aldığınız o nəfəsi verəcəksiniz ki, yenidən nəfəs ala biləsiniz, beləliklə də tənəffüs edib həyatda qala biləsiniz. Yaradanın qurduğu kainat sistemində hər şey verməklə başlayır.
Həyatda hər şeyi gözləyib dayanmaqdansa, əvvəl biz həyata bir şeylər verməyi yoxlamalıyıq. Məsələn, sevgilinizin daha mehriban olmasını istəyirsinizmi? Niyə siz mehriban davranmırsınız? Kiçik sürprizlər edin, sevgi dolu mesajlar yazın, ya da uzun müddətdir görməmiş kimi qollarına atılın. "Eh, mən etsəm də o heç bir şey etmir" deyə bilərsiniz. Bu nöqtə çox əhəmiyyətlidir. Birincisi, sizi heç belə görmədiyi üçün öncə elə-belə reaksiya verə bilər. Lakin bunlar həqiqətən sizi xoşbəxt edirsə və ürəkdəna gəlirsə, əsla əhvalınızı pozub özünüzə qapanmayın. Hər kəs eyni deyil: bəziləri duyğularını içində yaşayır, onları asanlıqla üzə vura bilməz. Dillə deyə bilməsə də, davranışlarıyla sizə sevgisini göstərməyə çalışar. Sizin əsas etməli olduğunuz şey qarşılıq gözləməməkdir. Siz yalnız könlünüzdən gəldiyi üçün sevginizi verin. İnanın, gözləməyəndə əsas gözəlliklər sizi tapır. Çünki alver məntiqi ilə hərəkət etmirsiniz. "Mən bunu edim ki, o da bunu etsin" kimi bir düşüncə universal sistemdə çox işə yaramır. Lakin "Mən bunu sevgimdən, ürəyimdən gəldiyi üçün edirəm" dediyiniz nöqtədə möcüzələr baş verməyə başlayır.
"Karyerada yüksəlsəm, daha xoşbəxt olardım" - bu, çoxumuzun ağlından min dəfə keçirdiyi bir düşüncədir. Hər şeydən əvvəl əgər işinizi istəyərək seçmisiniz və yalnız şərtlərdən məmnun deyilsinizsə, qəlbinizdə peşənizə olan sevgiyə fokuslanın. İşinizi ən yaxşı edənlərdən biri olduğunuz kimi davranmağa başlasanız, iş qabiliyyətiniz də yüksələcək. Yalnız ayın əvvəlində alacağınız maaşı düşünməkdənsə, hər gün peşənizə nə verə biləcəyinizi düşünün.
Yoldaşlarınızla əlaqələri qüvvətləndirmək istəyirsinizmi? Ya da ətrafınızdakıların niyə sizinlə səmimi dost ola bilmədiyini düşünürsünüz? Davamlı olaraq mənfi duyğularınızı paylaşırsınızsa, bu qurduğunuz dostluq deyil, yalnız eqonuzun özünə ortaq axtarmasıdır. Bu səbəblə insanlar sizdən uzaqlaşa bilərmi? Hər şeyi bir kənara qoyun. Yalnız qəlbinizdə olan saf enerjini, sevgini yoldaşınıza verin.
Qarşılıq gözləmədən qəlbinizdən gəldiyi üçün belə davranın. İnsanlar arasında həqiqətən sevgiyə söykənən bir ünsiyyət varsa - iş, dostluq, eşq - onsuz da qarşıdakı insana müsbət duyğuları ötürərsiniz. Amma alınmırsa, yola verin getsin, əgər getmirsə, siz məşğul olmayın. Çünki siz hər ruhi səviyyə atlayanda əvvəlki səviyyənizdə qalanlar ya sizdən təsirlənib islah olacaq, ya da həyatınızdan çıxacaqlar. Bu baxımdan, kədərlənmək lazım deyil. Demək ki, həyatın həzzini paylaşa biləcəyiniz və zamanınızı faydalı bir şəkildə keçirə biləcəyiniz başqa insanlar var. Yetər ki, siz istəyin…