Bu gün təsadüfən rastlaşdığım bir xanımın fikirlərini sizinlə bölüşmək istəyirəm. Onun kitab seçimi haqqında olan maraqlı məsələhətləri hər birinizə gərək ola bilər. Bu fikirlərlə nə qədər razı, nə qədər narazı olacağınızı siz bildirin.
Kitab oxumaqla deyil. Yəqin bunu birinci dəfə, məndən eşitmirsiniz. Həqiqətən də, dostlar, kitab oxumaqla iş bitmir. Əsas məsələ DÜZGÜN KİTABLARI oxumaqdadır. Kitab seçiminə diqqətlə yanaşmalısınız. İndi yeni-yeni kitaba marağın yüksəldiyi zamanda çox təhlükəli bir şeylə üzləşirik: gənclərimiz elə serialvari kitabları oxuyub, sonra özlərini “ağıllı” sayırlar. Sayın, sayın, buna görə sizi tənqid etmək fikrim də yoxdur. Sadəcə heyfim gəlir, içinizdəki potensialdan düzgün istifadə etməməyinizə, enerjinizi mənasız bulvar romanlarına xərclədiyinizə, ən uzağı elə gözünüzün nuruna. Ona görə də, kitab oxumamışdan qabaq yaxşı fikirləşin: bunun sizə nə xeyri ola bilər, bu kitabdan siz nə öyrənə bilərsiniz, bu bədii əsər sizin həyat təcrübənizə nələr qata bilər, bu fəlsəfi kitab sizi necə təsirləndirə bilər.
Kitab seçimi vacibdir. Bu iş seçimi kimidir. Hansı işə girdinizsə ilk gündən, əksər hallarda, ömrünüzün sonuna kimi o sahədə ilişib qalırıq. Kitablar da elədir. Ucuz romanlarla baş qatdınızsa, elə ucuz romanlar səviyyəsində də qalacaqsınız.
Yaxınlarda Çe Gevaranın 1965-ci ildə Kubanın mədəniyyət naziri Armando Xarta ünvanladığı bir məktubunu oxudum. Məktubda Çe nələri oxumalı olduğunu sistematikləşdirərək, özünə siyahı tutub və bu yöndə biliklərini möhkəmləndirir və xalqı da bu yolla maarifləndirməyi təklif edir. Siz də siyahı tutun, faydalı kitablar axtarın. Klassik fəlsəfə, ədəbiyyat, psixologiyadan başlayın, türklər demiş lap “havaya girmək” üçün klassik kinolara baxın və klassik musiqi dinləyin. Özünüzə müvəqqəti dünyalar yaradın. İki ay klassik dünyada yaşayın, 2 gün onlar kimi düşünməyə çalışın.. Hər şey gözünüzdə dəyişəcək.
Əgər kitabların tərcümə edilmiş variantını oxuyursunuzsa, çalışın keyfiyyətli tərcümə tapıb oxuyun. Bizim dildə yoxdursa keyfiyyətlisi, rusca və ya türkcə, bilirsinizsə, ingiliscə oxuyun. Çünki keyfiyyətsiz tərcümə sizdə yazıçı, filosof barədə düzgün olmayan mənfi rəy yarada bilər.
Yəni vaxtınızı boşa xərcləməyin. Unutmayın ki, ən dahi filosoflar, yazıçılar, şairlər, fikir adamları da bizimlə eyni ölçüdə beyinə, iki gözə, iki ələ, iki ayağa və sair malik olublar. Onları dahi edən qazandığı biliklər, oxuduğu kitablardır. Kitab oxuyun, düzgün kitab oxuyun. Nə məlum aramızdan bir dahinin çıxmayacağı?
Ülviyyə