Bu yazıda sadəcə hər gün şahidi olduqlarımı ifadə edirəm. Sadəliyi hər kəsin idrak qabiliyyəti çərçivəsinə sığması üçündür. İstəyən sadə yazı, istəyən motivasiya kimi qəbul etsin. Hər halda zərərdən çox xeyri var. Məqsədim sadəcə faydalı olmaqdır. Başlığı ailə münaqişələrindən qaynaqlanan hadisələrin sonundakı təəssüfləndirici "The end"lər dən təsirlənərək təhlil etdim.
Ailə daxilində hər zaman hər şey istədyimiz kimi getmir. Bəzən biz yaxınlarımıza qəzəblənirik, onlara acıqlı sözlərimizlə mənəvi ziyan vururuq, qəlblərini qırırıq və "Onsuz da bizimlədirlər" deyərək, bu təsəllini etdiklərimizə rahatlıqverici stimul kimi qəbul edirik. Lakin onlara vurduğumuz psixoloji zədələrin nə qədər gec sağalan olduğunu düşünmürük. “Biz güclüyük. Bizim güclülüyümüzü görüb bizi bağışlayarlar. Biz onlara yaxınıq, ciddi qəbul etməzlər” – deyirik. Lakin bu, qətiyyən belə deyil. Tam əksinə, belə münasibətimiz onları bizdən uzaqlaşdırır. Hər uzaqlaşdıqda isə bizlər də onlardan soyumağa başlayırıq. Bir də gözümüzü açıb görürük ki, artıq həyatımızda yoxdurlar. Nəticədə səbirsizliyimizin acısını həm yaxınlarımız, həm də özümüz çəkirik.
Bütün bunlar baş verməmiş arada sevgi yaratmaq üçün çalışaq, xoş sözlər işlədək, təmənnasız lütfkarlıqlar edək. Heç nəyin qarşılığı olmadan, yeri gəlmədən sadəcə sevgini, qarşıdakının dəyərli olduğunu bildirmək - həm də sözlərlə bildirmək bəzən çətin gəlir bizlərə. Yalnız bu halda biz həyatımızı balanslaşdıra bilərik. Həyatımızın ehtiyaclarına necə nəzarət ediriksə, yaxınlarımızla olan münasibətə də nəzarət etməliyik. Bu vacibdir. Sağlam ailə istəyənlər gərək dünən baş verən ailə münaqişəsini bu gün səhər açılandan unutmuş olsunlar. Yəni kin saxlamaq, cəmiyyətdə olduğu kimi, ailədə də fayda gətirmir. Əgər xoşbəxtlik varsa, eqo orada əsas təhlükə sayılır.
Bağışlamaq və münasibətlərə nəzarət etmək - budur lazım olan stimul. Bununla eqoya ağır zərbələr vurub onu zərərsizləşdirin. Öncə qarşınızdakı, sonra siz. İnanın ki, həyatınız qaydasına düşəcək. O zaman düşünəcəksiz ki, qəlbləri qırmağa, onları incitməyə haqqımız yox imiş. Bunu etməklə öz mənəviyyatımıza da zərər yetirməyinizə haqqımız yoxdur...
Tanınmış Fransa jurnalisti Jan Xristov Granc da bu mövzuda gözəl fikir söyləyib: "Həyatınızda tarazlıq problemi varsa, ətrafınıza diqqətlə baxın. Ehtimalla birini, səhv bir yerə qoymusunuz".