İstirahət günlərinin birində həyat yoldaşınızın dostlarını evinizə dəvət edin. Onun gözləmədiyi bir gün yaşadın ki, qoy özü də bu yığıncağa təəccüblənsin. Onun dostları ilə əylənməsinə, söhbət edib, şənlənməsinə şərait yaradın. Kənardan yoldaşınızı seyr edin. Belə yığıncaqlar, dostların əhatəsində olmaq onun xoşuna gəlirmi? Əgər belə yığıncaqda iştrak etmək onun xoşuna gəlmirsə, onda o yenə öz virtual dünyasına üz tutacaq.
Növbəti həftədə də yoldaşınızı təəccübləndirəcək bir surpriz hazırlayın, amma bu dəfə tamamilə başqa bir formatda edin. Evinizi bir müddət idman-əyləncə mərkəzinə çevirin ki, ona maraqlı olsun. Yaxşı stol üstü oyunlar alın. Məsələn: stol üstü şaxmat və ya stol üstü futbol oyunları. Bir sözlə, çalışın onun üçün maraqlı olmaqla yanaşı, həm də yarışma şəklində olsun. Əgər bu yığıncaqlar ona maraqlıdırsa, belə əyləncənin tərəfdarı olacaq. Çünki öz bilik və bacarığını yenidən sınamaq istəyəcək və sizə göstərmək istəyəcək ki, "Mən necə də bacarıqlıyam".
Sizin öhtənizə düşən isə yoldaşınızı tərifləyib, onun sevinməsinə şərait yaratmaq olacaq. Çalışın ki, bu sarıdan sevinsin. Qalib olduğu üçün ona hədiyyə bağışlayın. Yadınıza salın ki, yoldaşınız nəyi yaxşı bacarır və ona uyğun yarışma təşkil edin. Məsələn:"Sən necə də dadlı yeməklər hazırlayırsan" deyin və mətbəxdə yarışın. Bu yarışmaya ailə üzvlərinizi də dəvət edə bilərsiniz: valideynlərinizi, övladlarınızı. Təki yoldaşınızın həvəsi və marağı daha da artsın.
Yarışmanın sonu yaxınlaşan vaxt, siz öz yeməyinizi dadlı etməyin. Şərait yaradın ki, öz bişirdiyi yeməklə fəxr etsin "mənim yeməyim necə də dadlı alındı" deyərək fəxr etsin. Başqa bir yarışma da sizə uyğun ola bilər. Kim necə rəsm çəkəcək, ya da kim video çarx düzəldəcək və.s. Amma hər işin sonunda mükafatınızı əsirgəməyin ki, yoldaşınız virtual düyadan uzaq olsun.
Şərait yaradın ki, yoldaşınız özünü sizin yanınızda ailə başçısı, güclü bir müdafiyəçi kimi hiss etsin. Yadına salın ki, hansı evdə oğlan uşağı böyüyürsə o evdə hər zaman deyirlər: Sən gələcəyin kişisisən. Sən güclüsən. Sən qızları hər zaman müdafiə etməlisən. Hər oğlan müdafiyəyə qalxar. Məhz bu baxımdan biz xanımlar əks cinsin nümayəndələrinə onlara ehtiyacımızın olduğunu hiss etdirməliyik. Bir çox xanım öz zərif çiyinlərinə ağır iş yükləyib yoldaşının gözündə bacarıqlı olduğunu hiss etdirər. Lakin unutmaq lazım deyil ki, yoldaşınız sizin ona ehtiyac duyduğunuzu hiss etməyincə kompüter qarşısından duran deyil. Ona zərifliyinizi nümayiş etdirin və bir çox işin öhdəsindən onun köməyi olmadan gəlməyəcəyinizə inandırın.
Belə halda əks cinsin gözündə zərifliyimizi kölgələmiş olarıq. Biz xanımlar nə vaxta qədər kişi yerinə də, qadın yerinə də özümüz getməliyik? Onun gözündə məhz bu cür olun: incə, zəif, zərif, müdafiəsiz bir gözəl xanım. O zaman siz hər diqqəti, hər nəvazişi ondan görəcəksiniz. Məsələn: evinizə bir dəst təzə mebel və ya böyük rəsm əsəri almısız. Tezliklə onu evinizin bir güşəsində görmək istəyirsiniz. Bu zaman ilk olaraq düşündüyümüz lazımı alətlərin gətirilməsi olur. Halbuki, alətləri gətirmək də, həmin güşəni gözəlləşdirmək də yoldaşınızın işidir. Hər işi siz görsəniz "Onda ailədə kişinin rolu nədir?" Şərait yaradın ki, o da öz vəzifəsini yerinə yetirsin.
Bir çox kişi hesab edir ki, qadın və güc bir-birindən uzaqdır. Yoldaşınız da bu fikirlə razıdırsa, niyə görə onun gözündən zərif və zəif olmayasız? Hər gün yoldaşınıza bilik və bacarığınızı göstərməyin. Məsələn: siz yenicə telefon almısınız, amma, necə işləyəcəyini bilmirsiniz. Həyat yoldaşınızdan xahiş edin ki, sizə bu işdə kömək etsin. Hətta lazım ola biləcək bölmələri sizə öyrətməyini xahiş edin. Şərait yaradın ki, yoldaşınız özünü ailə başçısı kimi hiss edə bilsin. Beləliklə, öz virtual dünyasındakı qələbələrini fikirləşməmiş olsun.
Ən əsası da budur ki, sizin onun həyatında "əvəzedilməz" olduğunuzu anlamasına nail olasınız. Elə bu hisslər özü də insan həyatını əlvan rənglərlə bəzəyir.