Qadin.NET / Hər şey yalan...

Hər şey yalan...

Hər şey yalan...

Sevdiyiniz insanlara daim nəsə versəniz, bir müddət sonra o, bunun sizin borcunuz olduğunu düşünməyə başlayacaq. Və bu zaman etdiklərinizin heç bir qiyməti qalmaz. O, bunların “jest” və “nəzakət” olduğunu anlamaz. Sırf həmin şəxsi sevdiyinizə görə onun üçün indiyədək etdiklərinizi etməsəniz, qınağa tuş gələrsiniz. Qarşınızdakı “Həmişə sən mənim üçün nəsə edirsən, bu dəfə də mən sənin üçün nəsə etmək istəyirəm” deməz. Daim sizi “nə qədər çox sevdiyindən” bəhs etsə də, sevgisini göstərməz. 

Qarşılıq gözləmədən verdiyiniz və etdikləriniz sizə xəyanət kimi qayıda bilər. Bunun adı nankorluqdlr. Nankorluq – vəfasızlıq və xainlik deməkdir. “Bunu səndən heç gözləməzdim. Məni peşman etdin. Bunu necə edə bildin?”. Bu cümlələri həyatınız boyunca neçə dəfə söyləmisiniz? Allah bilir, hələ neçə dəfə də söyləyəcəksiniz. Üstəlik, ən yaxınlarınıza. Dost bildiklərinizə və heç ummadığınız şəxslərə...

“Ola bilər ki, əsəbisən, amma niyə bu qədər ağır danışırsan?”  Qarşınızdakı bir az əsəbləşdikdə belə ağır kəlmələri dilinə gətirə bilirsə, demək, qəlbində sizə qarşı nələrsə varmış. Və ürəyindəkilər hirs və qısqanclıqdırsa, o zaman heç gözləmədiyiniz sözləri eşitməyə hazır olun. Həm də ən yaxınınızdan. Hətta “bacım, qardaşım” dediklərinizdən belə... O ana qədər etdiyiniz bütün yaxşı və gözəl şeylər silinmişdir. Heç bir dəyəri qalmamışdır.Unudulmuşdur. Sanki heç bunları etməmisiniz kimi.

Belə vəziyyətdə özünüzü müdafiə etməyə çalışmayın. Qarşınızdakı nankora onun üçün etdiklərinizi bir-bir saymayın. Əlləriniz titrəməsin... Bir yerə çəkilib ağlayın. Düşünün. “Günah ondadır, ya məndə?”  Bəlkə ona layiq olduğundan daha çox dəyər vermisiniz? Bəlkə onun da özünüz kimi xoş niyyətli biri olduğunu düşünmüsünüz? Kor-koranə inanmısınız? Onunla bağlı deyilənləri qulaqardına vurmusunuz? Elə isə, günah kimdədir?

Əslində hər şey yalanmış. Etdiklərinizin sizə nankorluq kimi qayıtması ehtimalı çox yüksəkdir. Buna görə də birinə 100 faiz deyil, 90 faiz inanın. Ən çox inandığınız şəxs üçün belə 10 faizlik “peşmanşçılıq və nankorluq” ehtimalını nəzərdə saxlayın. Saxlayın ki, bir gün həmin şəxslə əlaqədar peşmanlıq duyduğunuz zaman yaranız çox dərin olmasın. Unutmayın, “Ən güclü dostluqların altında, əsasında rəqabət duyğusu vardır”. 

Sirrinizi, duyğularınızı və özəl həyatınızı paylaşacağınız insanı düzgün seçin. Kiməsə sirrinizi verdiyiniz zaman həmin adamdan asılı olursunuz. Kimsəyə layiq olduğundan çox dəyər verməyin. Unutmayın: yaşadığımız həyatda hər şey yalandır...

27 fevral 2013
GO BACK