Qadin.NET / Ailə ixtilafları - III hissə

Ailə ixtilafları - III hissə

Ailə ixtilafları - III hissə
Ailədə münaqişə şəraitini necə aradan qaldırmaq olar?

Mütəxəssislərin fikrincə, bunun üçün ilk növbədə ər-arvad münasibətləri mədəniyyətini, nikah mədəniyyətini, bir sözlə, ailə mədəniyyətini yüksəltmək lazımdır.

Ümumiyyətlə, ailə mədəniyyəti çox geniş anlayışdır. Hər bir gənc aydın dərk etməlidir ki, ailə mədəniyyəti bir-birinə hörmətdən, səmimi münasibətdən, qarşılıqlı etimaddan, bir-birinin qayğısına qalmağı bacarmaqdan, fikir və hissləri qarşılıqlı, etimad tərzində bölüşməkdən, yeri gələndə, birinin digərinə qarşılıqlı güzəştə getməyindən, ağıllı, təmkinli yaşayışdan yaranır. Ailə mədəniyyətində böyük-kiçik məsələsi yoxdur... Özlüyündə kiçik sayılan məsələni böyütmək, ciddi münaqişə səviyyəsinə çatdırmaq, yaxud böyük münaqişələri səbr və təmkinlə həll etmək mümkündür. Buna görə cavanlar öz ailələrinin tamlığını qoruyub saxlamaq üçün ilk növbədə cəmiyyət qarşısında ciddi məsuliyyət daşıdıqlarını dərk etməlidirlər. Çünki nikahın əsasını məhəbbət hissi ilə borc və məsuliyyət hisslərinin vəhdəti təşkil edir.

 

Ailə ixtilafları - III hissə

 

Uşaqların yanında mübahisə açmamaq, açıq söhbət üçün münasib vaxt tapmaq, səmimi olmaq, həyat yoldaşının etiraz və iradlarına diqqətlə qulaq asmaq, onun bütün “dəlil və sübutlarını” aydınlaşdırmaq, mübahisəli məsələləri ağıllı surətdə həll etmək, həmişə xeyirxah mövqe tutmaq vacibdir. Ər və arvad bir-birini acı sözlə, tənə ilə deyil, işlə, şəxsi nümunə ilə öyrətməli, başa salmalıdır. Səbirli, təmkinli olmaq məsləhətdir. Hissə qapılmamaq, dalaşmaq, yaxud küsmək üçün bəhanə axtarmamaq lazımdır. Bu gün sosioloqlar və psixoloqlar ailə ixtilafları məsələlərindən danışarkən diqqəti hətta “küsmək (dalaşmaq) mədəniyyətinin” əhəmiyyətinə cəlb edirlər.

 

Ailə ixtilafları - III hissə

 

Ailədə baş vermiş xırda məsələləri unutmaq, yaddan çıxarmaq zəruridir. Münaqişə baş verdikdə, çalışmaq lazımdır ki, ər-arvad bir-birinə həyat yoldaşı, övladının atası və anası kimi hörmət etsin, insanlıq ləyaqəti və nüfuzları ilə həssaslaşsın, xırdalanıb, kiçilib, yad bir adama çevrilib həya pərdəsini götürməsin. Güzəştə gedə bilmək əzminə malik olsun, uşaqların yanında sözləşməsin, həmişə cəmiyyətin, ailənin və uşaqların mənafeyini nəzərə alsın. Bu, əsl insan hünəridir.

 

Ailə ixtilafları - III hissə

 

Ər-arvad “dərdini” dost və tanışlarına, rəfiqələrinə, qohumlarına mümkün qədər danışmamalıdır. Bəzi qadınlar və kişilər evin bütün söz-söhbətini ünvanlara, qəlbən yanmayan adamlara, dar düşüncəli dostlara və s. aparmaqla öz həyat yoldaşını, qaynanasını ələ salır, onlar haqqında pis sözlər danışırlar. Adi məsələ üstündə belə bir “qurban” bahasına başa gələn dava-dalaş mənasız deyilmi? Adi narazılığı, incikliyi məhəbbətlə xəyanətdən, vəfasızlıqdan qəti ayırmaq lazımdır.

 

Ailə ixtilafları - III hissə


Ailədə gümrahlıq, optimizm, mehribanlıq və dostluq ruhu hökm sürməlidir. O, ana və ataya, uşaqlara sevinc və fərəh bəxş etməlidir. Ata-ana hiss etməlidir ki, həyat yoldaşına və uşaqlarına gərəklidir, onun özü isə ailəsiz yaşaya bilməz. Onu ailəsi sevir, o da ailəsini sevir, onsuz həyat yoldaşının və uşaqların həyatı dolğun ola bilməz. Onun şəxsi həyatının mənasını məhz həyat yoldaşı və uşaqlar təşkil edir. Yalnız xoşbəxt adam bu hisslərlə yaşayır.

 

Sonda hamıya xoşbəxt ailə həyatı arzu edirəm. Allah heç kimin ailəsini dağıtmasın. Amin!

 

Ailə ixtilafları - III hissə
25 yanvar 2013
GO BACK