Qadin.NET / Payız depressiyası və ondan xilas yolları

Payız depressiyası və ondan xilas yolları

Payız romantik duyğuların oyandığı, xatirələrin yada düşdüyü fəsildir. İlin bu fəsli kimlərdəsə depressiya, tənhalıq və gücün tükənmə dövrüdür. Payızın gəlişi bir sıra hallarda əhval-ruhiyyənin pisləşməsi, süstlük və iş qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Bəzən elə həmin hisslərin təsiri nəticəsində payız depressiyası yaranır. Həkim və mütəxəssislərin fikrincə, orqanizmdə vitamin çatışmazlığı və azhərəkətli həyat tərzi həmin psixoloji vəziyyəti yaradan başlıca səbəblərdən biridir. Statistikaya görə, dünyada hər beş nəfərdən biri payız depressiyasından əziyyət çəkir. Mövsümi əhval dəyişkənliyi ilə daha çox mütəmadi olaraq stresə məruz qalan, həyatdan narazı, fiziki və psixi sağlamlığı tam olmayanlar üzləşirlər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova məlumat verib.
Onun dediyinə görə, payız depressiyası adlandırılan həmin dəyişiklik əhalinin 4-5 faizində müşahidə olunur. Günəş işığının azalması depressiyanı yaradan əsas səbəblərdən biridir.
Psixoloq daha sonra deyib: "Fəsil dəyişikliyi zamanı ona uyğunlaşmaqda çətinliklə üzləşənlər olur. Payız fəslində bəzi insanlarda həssaslaşma, hətta depressiv hallar da baş verir. Həmin hal fiziki passivliyi olanlar, oturaq iş şəraitində işləyənlər, daha çox intellektual əmək sərf edənlərdə müşahidə olunur. Qəm-qüssə, heç nəyə marağın olmaması, yuxusuzluq və ya yuxululuq, konsentrasiya və ya diqqətin pozulması, xarakterin dəyişməsi, əsəbilik, oyanıqlıq, tez qıcıqlanma, cinsi qabiliyyətin aşağı düşməsi, iştahanın dəyişməsi-artması və ya olmaması və suisidal fikirlər payız depressiyasının əlamətləri hesab olunur. Gecələr uzandıqca, gündüzlər qısaldıqca onlar yatmağa daha çox meyilli olurlar. Tez oyanmaq, işə tez başlamaq onlarda həyəcan yaradır, hansısa işin dalınca getməyə həvəsli olmur və hər şeydən soyuyurlar.
Bundan başqa, hava dəyişikliyi də depressiyaya şərait yaradır. Havalar sərinləşdikcə müəyyən xəstəliklər meydana gəlir. Həmçinin yaşla əlaqədar depressiyaya da düşmək olur".

Psixoloqun fikrincə, payız depressiyası ilə mübarizə aparmaq üçün ilk növbədə, günü rejimə salmaq, gecələr 8 saatdan az olmayaraq yatmaq lazımdır. Tünd çay və qəhvənin miqdarını bir qədər azaltmaq və onların əvəzinə tonuslandırıcı bitki çayları, məsələn, itburnu və ya eleuterokok dəmləməsi içmək, tünd şokolad yemək ovqata müsbət təsir edir. Qida rasionuna mütləq təzə meyvə və tərəvəzlər daxil edilməlidir.

Bunlardan başqa fiziki fəallığı artırmaq, hərəkət etmək və təmiz havada olmaq payız depressiyasından xilas olmağın ən yaxşı üsullarından sayılır. Səhərlər bir-iki fiziki hərəkət etmək həm əhvalı yaxşılaşdırır, həm də iradə nümayişinə görə özünə inam hissini artırır. Piyada gəzməyə üstünlük verilməsi də vəziyyətdən çıxmağa çox yaxşı kömək edir. 

AzərTac

29 sentyabr 2020
GO BACK