Qadin.NET / Tələ

Tələ

Tələ

Bəzən kiminləsə münasibət qurmaq istəyən saf insanların, artıq mənə gülməli gələn emosional sözlərini eşidirəm: "Onu əldə edəcəm", "onun üçün çalışacam", "özümə güvənirəm", "mübarizə aparacam" və s. Mən də çox düşünmədən deyirəm ki; Yox! Bunlar yanlış addımlardır. Sən ancaq tələyə düşəcəksən. Özünü əzab-əziyyətə salıb, ancaq hüzursuzluq əldə edəcəksən. Çox pessimist danışıram? Həvəsdən salıram? Kiməsə olan kinimdən bu qənaətə gəlmişəm? Xeyr, əzizim. Belə deyil. Gəl reallığa baxaq. Əgər Lu Salome kimi adi bir bakirə məxluq, Fridrix Nitsşe kimi bir filosofu öz təsirinə salıb, sonra da qəbul etməyibsə, sən özünü kimə göstərirsən? O boyda kişinin o qızdan sonra güvəni azaldı, qadınlara nifrət etməyə başladı. Mən demirəm o düzgün hərəkət etdi. Amma onu o vəziyyətə salan da məhz qadın idi.

Bəs nə etməlisən? Məncə edəcəyin bəzi işlərdən vaz keçməlisən, nəsə etməyin ancaq bu ola bilər. Münasibətlərin başlanğıcında nə qədər çox səy və elitarlıq nümayişi olarsa, qarşı tərəfin də o qədər çox prestiji və narsist duyğuları artar. Bunların artdığını hiss edən insan isə daha "mükəmmələ" can atar. Çünki insanda perfeksionizmin passiv forması mövcud olur. Böyük bir "qapı" qəflətən açılan kimi həmin formul aktivləşir və insan həm çaşqın, həm də həvəslənmiş bir vəziyyətdə açılan qapını buraxıb, digər "qapıların" da arzusuna düşə bilir. Çünki insan öz nəfsi ilə dünyadakı ən eqoist varlıqdır.
Münasibət qurarkən nümayişkaranə davranışın başqa bir zərəri də vardır ki, o da yalanın zamanla üzə çıxmasıdır. Tutaq ki, lap bunun vasitəsi ilə münasibət quruldu, qarşı tərəf onsuz da gec-tez anlayacaq ki, sən təqdim olunan kimi deyilsən. Özünü şişirtmisən. Bu isə onun sənə olan fanatik duyğularının itməsinə səbəb ola bilər. Ümumiyyətlə belə münasibətlər sevgi yox, fanatik duyğular üzərində qurulur. Ona görə də olduğundan həddən artıq fərqli biri kimi görünməyə özünü məcbur etmə. Olduğun kimi görünməyə çalış. Onda qarşı tərəf də özü kimi olar, əziyyətə düşüb özünü sənin təqdim etdiyin saxta şəxsə uyğun biri kimi göstərməyə çalışmaz. Əgər hər ikinizdə şəxsiyyət ikiləşməsinin yaranmasını istəmirsənsə, bəri başdan özün kimi ol.

Münasibətlərin başlanğıcında emosiyalar da çox olmamalıdır. Ümumiyyətlə mənə görə əks cinsdən olan insana qarşı həddən artıq hissi davranmaq yanlışlıqdır. Belə etdiyin təqdirdə qarşı tərəf sənin nə hisslər keçirdiyini onsuz da gözlədiyin şəkildə anlamayacaq. O buna ancaq öz anlama qabiliyyəti çərçivəsində diaqnoz qoyacaq. Ya da kiminləsə bu barədə məsləhətləşməyə başlayacaq. Bu da sənə sərf eləməyəcək. Və ya özünün sevildiyini ətrafındakılara göstərməyə çalışacaq ki, nüfuzu yüksəlsin. Bir sözlə səndən istifadə edəcək. Onun özünə güvəni artacaq, sən isə özünü əziyyətə salacaqsan. Bu işdə diqqətli ol və heç bir xoş münasibətə də aldanma. Çünki insanlar (əsasən də qadınlar) çox vaxt xoş münasibəti, kimisə özlərinə fiqurant edib, arxaları ilə süründürmək üçün göstərirlər.
İnsan psixoloji bir varlıqdır. Ona görə də onunla gərək onun xarakterinə və yaş həddinə uyğun davranasan. Ta ki səni anlayana kimi. Qoy kiməsə olan rəğbətin, səni duyğusal şişirtmələrə və aşırı tərifçilik etməyə aparıb çıxarmasın. Çünki bu özünlə yanaşı, ona da ziyan vurur, onun narsistik duyğularını artırır və o da səni asılılıqda buraxaraq, hüzursuzluğa salır. Buna görə də, necə deyərlər, qəlbini görə bilməyənlərə ən gözəl əhval-ruhiyyəni xərcləmə. İlhamına qənaət et. Sən bir çoxlarının bəlkə də ən gözəl xəyalısan, elə isə məşhurlaşmaq istəyən birinin hekayəsi olma. Necə ki, Salome, Nitsşeni aldadıb tərk etdiyi üçün məşhurlaşdı və özünə bir hekayə qazandı. Yoxsa onun indiki zamanda heç izi-tozu da qalmazdı. Buna görə də münasibətlərdə həddi aşmayacaq və qarşı tərəfin qəlbini qırmayacaq şəkildə sərt olmaq lazımdır. Türk atalar sözündə deyildiyi kimi: "Elə nifrət et ki, bir gün sevəcəkmiş kimi, elə sev ki, bir gün nifrət edəcəkmiş kimi." Bu qızıl nisbətdə ol. Yunus Özyavuzun da çox uyğun bir misrası vardır: 
"Sevdirmeye gayret etme kendini, sevilmeye terket.
Uzadıkça kısalan ömre huzur aşısı zerk-et."

Hə, dostum. Ümid edirəm sərt yazmamışam. İndi də bir az yumşaq hissələrə keçək: Çalış çox acı söz söyləmə ki, qayıtmaq şansın itməsin. Çox şişirdilmiş söz də söyləmə ki, tərk edilmək "şansı" qazanmayasan. Bir də ki, çalış, arzuladığın bir şəxsə qarşı yaranmış kinini başqalarına duyurma. Onda yenidən qayıtmaq istəyəndə, əgər xaraktercə zəifsənsə, söylədiyin o sözləri eşidən şəxslərin nəzərindən asılı qala bilərsən. Amma bir halda ki, artıq duyurmusan, problem yoxdur, qır o stereotipi və fürsət yaranıbsa qayıt. Kimlərinsə hakimiyyəti altına girmə. Bəlkə də elə bu sənin azadlığın üçün ilk praktiki başlanğıc rolunu oynayacaqdır. Heç vaxt davranışını mənə və ya başqasına görə etmə, onda mənim və ya başqasının avtoritetliyi qəbul etmiş olacaqsan. Bütün bunlara görə də tələyə düşmədən öncə ona çubuq basmağı dərindən öyrənməlisən.
Bir də özüm haqqında onu etiraf edim ki, mən, bu məsələlərdə məsləhət verəcək qədər peşəkar olsam da, əməl edə bilməyəcək qədər naşıyam. Amma sən yazana yox, onun yazdıqlarına bax.

Coşqu İsmayılzadə

5 aprel 2016
GO BACK