Qadin.NET / Məğlub psixologiyası

Məğlub psixologiyası

 

Məğlub psixologiyası
 Ayə: "Zülmə məruz qaldıqlarına görə vuruşanlara (döyüşməyə) izn verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!" ("Həcc", 39)

Şərh: Təhsil aldığım Beynəlxalq İlahiyyat Akademiyasında 90-a yaxın dövlətdən tələbələr var idi; hindistanlı, pakistanlı, amerikalı, fransalı, ispanyalı, əfqan, tacik, ərəb, afrikalı və s. Elə bunun özü böyük bir məktəb idi. Müxtəlif mədəniyyətlərlə tanışlıqdan, canlı ünsiyyətdən yaxşı nə ola bilər ki...
Heç yadımdan çıxmaz, akademiyamızda sakit, tərbiyəli və eyni zamanda gözəl futbol oynamağı bacaran afrikalı bir tələbə çox ürəyimə yatırdı, onunla dost olmaq istəyirdim, tam səmimi. Amma o məndən qaçırdı. Müxtəlif bəhanələrlə yaxınlaşmaq, əlaqə yaratmaq istəyirdim, o nəsə sanki hürkürdü. Hətta bir gün dönüb, "Nə istəyirsən, niyə dolayırsan məni?" dedi. Dondum qaldım. Nə dolaması, axı mən çox səmimi idim...
Sonradan psixoloji mütaliələrim zamanı nəhayət ki, aylar idi beynimdə əyilib qalan o sual işarəsinin qəddini düzəldə bildim: Belə bir psixoloji sindrom var, "inamsızlıq" sindromu deyilir adına; bəzi toplumlarda ağdərililər bu yazıq qaradərililəri o qədər təhqir edib, üstdən aşağı baxıblar ki, onların şüuraltısına “Ağdərili məni sevə bilməz!” başlıqlı bir tablo həkk olunub. Hətta vaxtı ilə "aparteid" adlı irqi ayrı-seçkiliyin ən kəskin forması olan bir siyasət də olub. Bir qrup belə qərara gəliblər ki, qaradərililər əhalinin yaşamaq üçün zəruri olan hər şeydən məhrum edilməlidir. Eyni ilə genosid kimi bir şey, təsəvvür edirsiniz? Çox da uzaq tarix deyil əslində, CAR-ın hakim dairələri yerli əhaliyə qarşı eyni siyasəti ta 1990 -cı ilin əvvəllərinə qədər aparırmış. Sonradan Nelson Mandella kimi liderlərin sayəsində beynəlxalq birlik bu siyasətə YOX dedi. 
Bax, belə təhqir olunmuş bir irqdi bu biçarə qaradərililər, indi biri durub onlara səmimi qəlbdən yaxınlaşmaq, dost olmaq istəyəndə də buna heç cür inana bilmirlər. Üstəlik, məsələ bu qədərində də qalmır, belə psixologiyada olanlar, içlərində gizli bir kin daşıyırlar, nəbadə onları divara dirəyəsən, həddən ziyadə qısnayasan, birdən elə bozaracaq, elə vəhşicəsinə sıçrayacaqlar ki, üstünə, əlin ağzında qalacaq: nə oldu buna?!

 Məğlub psixologiyası

Bu, əzilməyin, tapdanmağın və məğlubiyyətin yaratdığı bir psixoloji sindromdur. Gələk özümüzə: 

Azərbaycan kişisi niyə bu qədər aqressivdir, niyə bu qədər amansızdır qadınına qarşı?! Çünki Azərbaycan kişisi məğlubdur, onun "Qarabağ" adlı üzüqarası var, hələ sosial problemləri demirəm. Məğlub bir ölkədə kişi-qadın münasibətlərinin hansı tərəfindən baxsan, böyük bir əskiklik görəcəksən. Qadın təşkilatları, ailə qurumları və s. nəqər çalışsa da olmayacaq, məsələ kökdən həll olunmalıdır!
Azərbaycan qadını dilucu: “Müharibədən mənim ərimə nə?” - deyə bilər. Amma öz içində əlini belə qoyub, kişiyə meydan oxuyur: “Mən niyə axı bu məğlub və mağmun kişiyə itaət etməliyəm?” Və bu şüuraltını hiss edir kişi, qadınının gözündəki əsl yerini bilir, başqa çarəsi yoxdur deyə boşluğu aqressivliklə doldurmağa çalışır.
Son 20 ilin xəbərlərini izləyin, qısqanclıq zəminində nə qədər cinayətlər törədir azərbaycan kişisi. Nə oldu birdən birə o bu qədər amansız, qəddar, bu qədər qısqanc oldu?! Xeyir, məsələ qısqanclıq deyil, bu, sosial problemlər içində çırpınan MƏĞLUB kişinin sonuncu özünüifadə cəhdidir. Başına gətirilənlərə üsyanıdır! Yanlış anlamayın, belələrinə haq vermirəm, sadəcə reallığı əks etdirməyə çalışıram.
Bu "kin" bir yerə boşaldılmalıdır, yoxsa partlayış olur, fəsadlar törənir. Təsəvvür edirsiniz, zarafat deyil, artıq 25 ilə yaxındır Azərbaycan kişisi mənən boğulur, özünü natamam sayır. Haqlısınız, bu dərd kişili-qadınlı Azərbaycan insanının ümumi dərdidir, amma gəlin razılaşaq ki, bu ağrı ən çox məhz Azərbaycan kişisinin ağrısıdr! İndi "Lazım" gəlmirsə, heç olmsa bu aqressiyanı başqa yollarla çıxarmaq lazımdır onun canından, yoxsa o adicə bir təkliflə Suriyaya da gedəcək, İraqa da, lap elə Əfqanıstana da, təki ürəyini boşaltmağa yer olsun.

Bəli, bu kini boşaltmaq üçün Mübariz İbrahimov olmaq kimi seçim də var, amma təəssüf ki, hamı Mübariz ola bilmir. O böyük şəhidin vəsiyyətnaməsinin bir hissəsinə baxın:

“...Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm. Ən azından ürəyim sərinlik tapar. İnşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm".
Görürsünüzmü, vicdanlı oğulların ürəyinin bir hissəsi daim yanmaqda, su səpmək, az da olsa sərinlətmək lazımdı o ürəkləri, amma necə?! 
Məğlub bir ölkə olasan, 20 faiz torpaqların işğal altında ola, müharibə haqda çəkilən filmlərinin sayı barmaq sayını keçməyə, bu fəlakətdir. Psixoloji araşdırmalar sübut edir ki, qəhrəmanlıq, qisas vəd edən filmlər bu aqressiyanı qismən də olsa nəzarətdə saxlaya bilir, bu yöndə işlər olmalıdır. Filmlər öz süjet xətləri ilə təlqin etməlidir ki, bu məğlubiyyət Azərbaycan kişisinin günahı deyil, qlobal bir məsələdir və Azərbaycan igidi onu geri qaytarmağa hər an hazırdır. 20 yanvar hadisələri haqda niyə film çəkilmir, niyə Azərbaycan kişisi 20 yanvar hadisələri fonunda təqdim edilmir? Axı bu hadisələr onun şərəf lövhəsidir, baş ucalığıdır! Bu tip filmlərlə nə qədər özünə qaytarmaq, ruh halını bərpa etmək olar onun. 
Baxın, iranlıları bəyənmirik, amma onlar 8 illik İran-İraq müharibəsindən qalib ayrıldıqlarına rəğmən, ən çox istehsal etdikləri filmlər (elə indinin özündə də) müharibə filmləridir. Niyə? Çünki qalib də olsalar itirdikləri var, şəhidlər, əlillər, kimyəvi şüalardan əziyyət çəkən ölümcül xəstələr və s. Onların aqressiyasını boşaltmaq lazımdır, onları təsəlli etmək gərəkdir, filmlər bu yöndə çox yardımçı ola bilir. 
İstənilən azərbaycanlını bir az divara qısna, çıxacaq özündən, bozaracaq, demokratlarımız, liberallarımız və s. niyə saxtadırlar, biraz üstlərinə yeriyən kimi iç üzləri açılır, aqressivləşirlər? Çünki dediyim kimi, psixoloji çatışmazlıq var ortada, Azərbaycan insanını xilas etmək lazımdır. Və nə qədər ki, biz məğlub durumdayıq, nə qədər ki, bu status-kuvo belə davam edir, Azərbaycan insanı sözün əsl mənasında demokratik, tolerant və sivil bir ölkə yarada bilməyəcək.

Məğlub psixologiyası
"Zülmə məruz qaldıqlarına görə vuruşanlara, (döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!"

Söhbət baxın, belə bir İZİNdən gedir, Allahın verdiyi bu İZİN çox önəmlidir, psixoloji dəstəkdir, sanki anlayış göstərir Ulu Rəbb zülmə məruz qalmışlara, döyüşə izinlisiniz, hələ üstəlik, mənim də dəstəyim sizinlədir, deyir. 
Azərbaycan kişisinə ya belə bir İZİN, ya da buna bənzər bir psixoloji dəstək vermək lazımdır. İzin məsləhət deyil deyirsiniz, olsun, bəs dəstək, heç olmasa onu vermək olar axı. Qadınlarımız nə qədər anlayış göstərir MƏĞLUB, üzükölgəli Azərbaycan kişisinə?! Qadın hüquqları, Gender bərabərliyindən başqa danışdığımız bir şey yoxdur, bir də bu rakursdan yanaşaq problemə, bəs Azərbaycan kişisinin dadına kim çatacaq?!
Yaxşı qadın həyat yoldaşının kasıb və aciz vaxtlarında daha çox həssas və daha diqqətli olmalıdır ona qarşı, o indi kövrəkdir, hər şeyi pis başa düşə bilər. Ev xilas olmaq üçün evin kişisi xilas olmalıdır öncə, kişinin tapdanmış qüruru bərpa olunmalıdır. Ondan sonra bu aqresiya da azalacaq, mehribançılıq da olacaq, məhəbbət də. 
Kişinin evin içində "qələbə" ehtiyacı məhz o məğlubiyyət hissindən doğur, o bu yolla özünü təsdiq etmək istəyir, xanımı bir az müstəqil hərəkət edən kimi onu yanlış anlayır, axı məğlubdu, qadınım məni kişi hesab etmir, deyə düşünür və reaksiyası eyni ilə Kərbəlayinin Abbasqulu bəyə dediyi kimi olur: "Torpaq getdi, dinmədim...bir azdan gəlib deyəcəklər namusunu da ver. Bəs mən buna necə dözüm?!" 
Ona görə, zənnimcə elə qadını xilas etmək hədəfi ilə yaranmış təşkilatlar da, qadınlar da, kişilər də əl-ələ verib, öncə Azərbaycan kişisini ayağa qaldırmalıdır, yoxsa əzilən kişi özü ilə birgə ətrafında olan hər kəsi əzəcək, bu onun hələ ki, yeganə çıxış yoludur çünki.
Ayənin mesajları:
1. Zülmə uğramışlara qarşı hökmən xüsusi bir diqqət, özəl bir anlayış göstərilməlidir, onların bu anlayışa çox ehtiyacı var.
2. Məğlub durumda olanları hesaba çəkmək, xətalarını üzlərinə vurmaqla onları mazoxist etməkdənsə, dəstək göstərmək, əldən gələni əsirgəməmək lazımdır.
3. Haqqı əlindən alınmışlara haqqını geri almaq üçün şərayit yaratmaq böyüklərin borcudur, ya onların haqqını sülh yolu ilə geri qaytarmalı, ya bir yol tapıb qisasa zəmin yaratmalıdırlar!

21 yanvar 2016
GO BACK