Qadin.NET / Centlmen olmaq həmişə dəbdədir

Centlmen olmaq həmişə dəbdədir

Müəllifi Cecil.B. Hatler olan, 1875-ci ildə çap olunmuş bir məqalədə, xıx əsrin əsas centlimenlik şərtləri, ədəb qaydaları haqqında danışılır. Çox maraqlıdır ki, bu qaydalar 100 ildən çox vaxt keçməsinə baxmayaraq hələ də dəyişilməmişdir. Centlimen, yalnız öz xarici görünüşü ilə deyil, yüksək mədəniyyəti, təmkinliliyi və nəzakəti ilə də seçilməlidir.
1. Söhbət zamanı, diqqəti yayındıran hərəkətlər etməyin, məsələn, telefona baxmaq, kitabçanı vərəqləmək və s. Sizə, müsahibinizlə darıxdırıcı olsa da bunu hiss etdirməyin.
2. Heç vaxt danışanın sözünü kəsməyin. Əlbəttə, bunu sizdən istəyən olmayıbsa, eşitdiyiniz hekayənən tarixini və yaxud hər hansı detalını müsahibinizə xatırlatmaq lazım deyil. Əgər bu lətifəni və ya hekayəni artıq bilirsinizsə, səbrlə sona qədər qulaq asın.
3. Özünüzün doğru olduğunuzu sübut etmək üçün səsinizi yüksəltməyin. Kobudluq edib, şəxsiyyəti təhqir edən sözlər işlətməyin. Həmişə alicənab və nəzakətli olun.
4. Sizdən bunu xahiş edən olmayıbsa, cəmiyyət içərisində  öz mövqeyiniz və biznesiniz haqqında söz açıb, özünüzdən danışmayın. Ümumiyyətlə, şəxsiyyətinizi önə çəkməyə cəhd etməyin.
5. Adətən çox savadlı və yüksək mədəniyyətli centlimenlər sadə, təvazökar olur. Onlar olduqları yerlərdə, münasibətdə olduqları adi insanlardan üstün olduqlarını bilsələr də, heç vaxt bunu biruzə vermirlər. Onlar həmin insanların biliyi səviyyəsində söhbət qurmağa çalışaraq, qarşısındakının fikrinə hörmətlə yanaşırlar.
6. Yaxşı danışıq qabiliyyətinin olması azdır, eyni zamanda yaxşı dinləyici olmaq lazımdır.
Centlmen olmaq həmişə dəbdədir
7. İki nəfər söhbət edirsə və həmin söhbət sizə aid deyilsə, qulaq asmayın. Əgər onlar sizə çox yaxın dayanıblarsa və siz istəmədən bu söhbəti eşidirsinizsə, sakitcə həmin yerdən kənara çəkilib, onlardan uzaqlaşın.
8. Mümkün qədər qısa və konkret danışmağa çalışın. Mövzudan kənar uzun-uzadı danışmaqdan çəkinin.
9. Sizə yaltaqlanmaq istəyənlərə, bunun üçün şərait yaratmayın. Əks halda özünüz üçün də kəmağıllılığa və lovğalığa qapı açmış olursunuz.
10. Müsahibinizin doğru olmadığına əmin olsanız belə, diskusiyanızı sakitcə davam etdirin. Doğruluğunuzu sübut edən faktları, qarşınızdakının şəxsiyyətini təhqir etmədən söyləyin. Görsəniz ki, müsahibiniz özünün səhv olduğunu başa düşmək istəmir, o zaman söhbəti dəyişin. Belə olduqda, siz müsahibinizin simasını itirməməsinə şərait yaratdığınız kimi, özünüzü əsəbiləşməkdən də qoruya bilərsiniz.
11. Özünüzün siyasi əqidəniz ola bilər. Bununla belə, heç kimə məcburən öz fikirlərinizi yeritməyin. Digərlərinin fikirlərinə hörmət edərək, ciddi mübahisələrdən, davalardan kənar durun. Belə olduqda ola bilər siz pis siyasətçi kimi görünəsiniz, lakin əsl centlimen olaraq qalacaqsınız.
12. Öz dostlarınız haqqında danışanda, onları bir-biri ilə müqayisə etməyin. Hər birinin üstün cəhəti haqqında danışarkən, digərinin mənfisini çox qabartmayın.
13. Söhbətinizdə iştirak etməyən, aranızda olmayan insanlar haqqında danışarkən ehtiyatlı olun. Ona zərbə vuracaq, şəxsiyyətini təhqir edəcək hər hansı mövzuda söhbət açmayın. Əsl centlimen nə böhtan atmaz, nə də heç vaxt böhtana qulaq asmaz.
14. Olduğunuz məclisdə hamının diqqətini özünüzə yönəltməyə çalışmayın. Belə olduqda hətta ən ağıllı adam da çox gülünc görünür.
15. Söhbətiniz zamanı, həddindən artıq aforizmlərdən, dahi adamların fikirlərindən istifadə etməyin. Eynilə yeməkdə ədviyyatlardan istifadə kimi, az olanda yeməyə dad verir, çox olanda dadını korlayır.
Centlmen olmaq həmişə dəbdədir
16. Xırdaçılıqdan çəkinin. Bu mədəniyyət yox,sərsəmlik əlamətidir.
17. Ana dilinizdə səlis danışmağı öyrənin, eyni zamanda hədsiz rəsmilikdən uzaq durun.
18. Əgər başqası söhbət əsnasında, öz danışığında səhv edibsə, bunu o dəqiqə onun üzünə vurmayın. Bu tərbiyəsizliyin əlamətidir.
19. Siz, hər hansı bir sahədə mütəxəssiz və ya elmli bir insansınızsa, danışığınız zamanı texniki terminlər işlətməkdən uzaq durun. Bu çox pis adətdir, çünki çoxları bunu başa düşməyə bilər. Əgər siz səhvən belə termindən istifadə etmisinizsə, daha böyük səhviniz, üstəlik onun mənasını izah etməniz olacaq.
20. Heç vaxt olduğunuz məclislərdə təlxək olmağa çalışmayın, çünki çox tezliklə məclisin ən "gülməli adamı" statusunu alacaqsınız. Bu isə əsl centlimen üçün yolverilməzdir. Çalışın sizə deyil, sizinlə birlikdə gülsünlər.
21. Təkəbbürlü olmayın. Özünüzün imkanlarınız, pulunuz, əlaqələriniz haqqında yersiz danışmaqdan uzaq durun. Əgər yüksək vəzifəli məmurlarla yaxın əlaqələriniz varsa, bunu hər danışığınızda: "mənim dostum filankəs məmur" və yaxud "mənim dostum filankəs nazir" kəlmələri ilə xatırlatmayın.
22. Özünüzü həddindən artıq ciddi və təkəbbürlü göstərərək, yeri gələndə zarafatlardan və şən söhbətlərdən qaçmayın. Digər centlimenlik qaydalarına əks deyilsə olduğunuz mühitə uyğunlaşın.
Centlmen olmaq həmişə dəbdədir
23. Söhbət zamanı, xarici dildə sitatlardan istifadə etmək də sizin tərəfinizdən çox kobud görünər.
24. Əgər söhbət zamanı əsəbiləşdiyinizi hiss edirsinizsə, söhbəti dəyişin ya da susun. Çünki qəzəbli olduğunuz anlarda, sonradan çox peşman olacağınız və sakit zamanınızda heç vaxt işlətmədiyiniz kəlmələr işlədə bilərsiniz.
25. Belə bir atalar misalı var: "heç vaxt özünü asmış bir insanın yaxınının yanında, kəndirdən danışmayın" .Çox kobud səslənsə də bu misalda həqiqət var. Müsahibinizin şəxsiyyətinə toxunacaq mövzularda danışmayın və heç kimin ailə işlərinə qarışmayın. Heç kimin sirrini öyrənməyə çalışmayın. Əlbəttə, özləri sirlərini sizə etibar etsələr, bu başqa məsələdir. Bu sizə olan inamın dəyərli göstəricisidir və çalışın bu sirri başqa birinə açmayasınız.
26. Səyahət etmək ağlın inkişafını sürətləndirir, insanın dünyagörüşünü artırır. Buna baxmayaraq əsl centlimen, öz danışığında: "mən Parisdə olarkən..." və yaxud "İtaliyada bunu geyinmirlər.." və s. kimi cümlələr işlədib öyünməməlidir.
27. Dedi-qodudan, qeybətdən uzaq durun. Qeybət edən qadınlar iyrənc göründükləri halda, təsəvvür edin belə kişilərin vəziyyəti necə acınacaqlı olar. Bu hal qadınlara yaraşmırsa, kişilərə heç yaraşmır.
18 mart 2016
GO BACK