Qadin.NET / Eşqə oyanmaq

Eşqə oyanmaq

 

Eşqə oyanmaq

 

Modern dərviş deyirlər ona. Mərcan Dədənin insanı dekanstruksiya edən neydə bəstəsi. Bir mahnı insanı bu qədər düşündürüb, bu qədər rahatlada və eyni zamanda onu bu qədər içindən məhv edə bilməz… bütün pislikləri. Ruhun arınmaq zamanıdır dediyim hər dəqiqə dinlədiyim bu mahnı göz qapaqlarımı yummağa məcbur edir, könül qapılarımı açmaq üçün. Mahnı içimdə baş qaldırır.

Həyatda niyə varam? Sevmək üçün, birmənalı şəkildə cavab budur. Sonrakı hər addım da sevməkdən doğmalı. Sevməsəm varlığımın mənası olmaz. Sevgimlə bütünləşmək və onda var olmaq, ərimək yox olmaqdan qorxmamaq. Alçaq könüllülük, sevgisiz nə qədər faydasız və əngəlli olduğunu anladır bu musiqi. Doldur, sufi, qədəhləri eşq ilə deyir. Ağlımız başdan çıxsın. Nə qədər ki, ağıla bərk-bərk tutunuruq ruhumuzu unuduruq və gerçək olandan qorxuruq.

Əvvəl tək idik, indi bir olduq. Yəni sevgiyə oyandıq. Bəlkə də, “şükür biz də sevdik nəhayət” deyə bilmək üçün varıq. Yaşayırıq, nəfəs alırıq. Hardasan deməkdən qorxa-qorxa sevmək üçün. Hardasan sualı sevdiyinə doğru bir arayışdır, yola çıxmaq üçün verilən sualdır. Hardasan? Birlikdəliyə çağırışdır. Bəlkə ən yaxınında, bəlkə də ağrıdan qoruduğun hər yerində. Bir də baxırsan ki, ağrını sevirsən. Ağrı sənə dəyəri xatırladır. Sevdiyinin dəyərini. Bədən ağrıları sevgisiz ruhun yanında heç olur. Sevgi yoxdursa onsuzluğun ağrısını kəsəcək  bir ağrıkəsici də yoxdur.

 

Eşqə oyanmaq

 

Sevgi təvəkkül etdiyin yerdə səninlədir. Sevmək təvəkkül etməkdir.

İnsanlar nə qədər düşünür, yarım olduqları haqqında? Sevgidə bütünləşmək əvəzinə, mən deməkdən yorulmurlar. Hərislik, acgözlük, hər şeydə bir şey ummaq insanları o qədər insanlıqdan çıxarıb ki. İçimizə dönək və bir az ürəyimizlə, duyğularımızla qalaq. Və sadəcə sevməyə çalışaq. Bu musiqini gerçəkdən dinləyərək. Hardasan sualını verməkdən qorxmayaraq. Çünki harda olmaq deyil, Var olmaqdır önəmli olan.  Var olduğuna əmin olmaq!

Səbinə İzzətli

20 avqust 2015
GO BACK