Elə bil ki, qonşuya pul verirsən ki, “Maqazindən mənim üçün paltar al“. O da gedib qırmızı şortik alıb gətirir. Amma əslində sən yaşıl, uzunqol, ağ düyməli, 100% pambıqdan hazırlanmış, Made in Bangladesh köynək istəyirdin. Sevgini axtaranda da belədir. Sən əgər Allahdan/Kainatdan sadəcə sevgili istəyirsənsə o sənə yad planetli, 4 dəfə türmədə yatıb-çıxmış, atası İnterpolun axtarış siyahısında birinci olan adamı göndərəcək. Sənin Kainata göndərdiyin enerji dəqiq olmalıdır, nə istədiyini dəqiq bilməlisən:
Xasiyyəti necə olsun?
Ailəsi necə olsun?
Hansı dildə danışsın?
Harada yaşasın?
Bir vaxt ayırıb bu və yüzlərlə digər sualları cavablamalısan (yazsan daha yaxşıdır) ki, nə cür paltar istədiyini biləsən.
2. Oxşarlar bir-birini cəlb edirlər
Tanıdığın insanları düşün. Amerikada oxuyanlar bir-birləri ilə dostluq edirlər, öz biznesi olanların dostlarının da biznesi var, avaraların dostları da avara olurlar, yaradıcı insanların dostları da yaradıcıdır… Bu siyahı sabaha qədər uzana bilər. Sözüm ondadır ki, oxşar adamlar bir-birini cəlb edirlər. Sevgidə də belədir. Əgər sevgilinin idmançı olmasını istəyirsənsə və sən özün ‘divan kartoşkası’sansa, bir 25 il də gözləməli olacaqsan. Əgər varlı nişanlı istəyirsənsə və özünə bir manikür qıymırsansa, qadanalım, sən evdə qaldın. Nə cür insan istəyirsənsə öz həyatını o yöndə dəyişməlisən. Understood?
3. Aktiv ol
Bizim çox abırlı-həyalı bir qonşu qız var idi (adını demirəm, eldən ayıbdı), həmişə çox abırlı-həyalı geyinərdi, oğlanlara baxmazdı, başıaşağı təmiz ev qızı idi. Anası da qonşu qızların hansının bir boyfriendi oldu, hamıya yayardı, qeybət eləyərdi, öz qızını tərifləyərdi. Belə başıaşağı böyüdü, bir gün onlara elçi gəldi, oğlanı görməmiş bu başıaşağı qızın ‘hə’sini verdilər, 2 ay sonra toy oldu, 6 ay sonra boşandı. Qonşunun və ya qohumun nə danışması boş şeydir – bu insanla SƏN yaşayacaqsan! Tanış olmalısan, vaxt keçirməlisən, tanımalısan! Aktiv ol! Tədbirlərdə iştirak et, yeni insanlarla tanışlığa açıq ol, rahatbala ol.
4. Dünyanın axırı deyil
Bir şeyi ümidsizcəsinə istəyəndə o səndən qaçır. Belə bir adam olub ki, dəhşətli dərəcədə səninlə dostluq eləmək istəyib; hər dediyin sözə gülüb, gündə 115 mesaj yazıb, sənin yanından çəkilməyib, Facebookda qoyduğun hər şeyi like edib şərh yazıb? Belələri qorxulu olur, heç kim onlarla dostluq eləmək istəmir. Niyə? Çünki onlar ümidsizdirlər (desperate)! Arzulayanda da belədir, bir şeyi ümidsizcəsinə, dəhşətli dərəcədə çox istəyəndə o arzu reallaşmır.
Çünki sən Kainata bu arzunun reallaşması üçün müsbət enerji əvəzində, mənfi ümidsizlik enerjisini göndərirsən. Ona görə də necə bir insan axtardığına qərar verəndən sonra özünü o insanla təsəvvür et, bu arzuna sevin, amma ümidsiz olma. Kainata yalnız müsbət enerji yolla.
5. Özünlə kef elə
Başqasının səninlə xoşbəxt olması üçün əvvəl sən özün-özünlə xoşbəxt olmalısan. Meditasiya et, özünə hədiyyələr al, səhvlərinə gül keç, çox şeyi boş ver. Sən yolagedən, həyatdan zövq alan adam olduqca başqaları da səni sevəcək, daha çox insanı özünə cəlb edəcəksən. Kompleksli, özündən narahat insanlar başqalarına da narahatçılıq gətirir, onların dostları da az olur. Özünlə əylənməyi öyrən. ÖZÜNƏ PUL XƏRCLƏ, ÖZÜNÜ SEV. Onda səni sevən tapılacaq.
6. Facebook-da paylaş
Ümidsiz görünməmək şərti ilə, öz pozitiv şəkillərini sosial şəbəkələrdə paylaş. İndi yaranan cütlüklərin yarıdan çoxu sosial şəbəkələrdə bir-birinə vurulurlar.
Bonus-1
Sevgini tapdığın halda yəqin ki, daha HelloKishini oxumaq yadına düşməyəcək (*kədərli üz), göylərdə uçacaqsan. Ona görə indidən xahiş edirəm, o hind kinolarındakı qızlar kimi ‘rozovı’ eynək geyinib küçədə yağışın altında mahnılar oxuyub oğlana gözünün ucu ilə baxıb naz eləməyi yığışdır. Özünü yetkin apar. Realist ol. Ah, bu-gün-oğlan-sənə-25-gül-aldı (özü də qızılgülün baha vaxtında),-sən-İnstagrama-şəkil-qoydun-fifoçka-rəfiqən-paxıllıqdan-öldü-deməli-o-oğlanla-evlənmək-olar YOX! Romantikanı qoy qırağa, ağılla fikirləş! Çətin vaxtlarda bu adam sənə dəstək verəcəkmi? Səni və ailənizi qoruyacaq qədər güclüdürmü? Aranızda hörmət varmı? Yetərincə yetkindirmi? Evlənmək qərarı çox ciddi qərardır və bunu yaxşıca düşün. Uyğun deyilsə, ayrıl. Vaxtını sənə uyğun olmayan insanlarla keçirmə. Dünyada sənin yaşında 1 milyard oğlan/qız var!
Bonus-2
14 fevralda tək olmaq fikrindən yata bilmirsənsə gül buketi ilə küçədə gedən qıza yaxınlaş və de ‘Haha, mənə də keçən il belə güllər almışdı’. Qoy indi o yatmasın!
Şəbnəm