Qadin.NET / Biri vardı...

Biri vardı...

Biri vardı...

Biri vardı ...

Biri vardı, biri yoxdu. Uzaq – uzaq diyarlardan da uzaqda kimsələrin getmədiyi, görmədiyi bir ölkə vardı. Bu ölkədə hər fəsil bahar idi. Hər tərəf yaşıllıq, əlvan gülllər, güllərin üzərində rəqs edən rəngbərəng  kəpənəklər vardı. Allah heç bir gözəlliyi bu ölkədən əsirgəməmişdir. Bəlkə də bu ölkə buludların üstündə idi, bəlkə də o səbəbdən kimsələr o diyara gedib çıxa bilməmişdir. Bu ölkədə gözəlliyilə ölkənin gözəlliyindən heç də geri qalmayan, əksinə gözəlliyinə gözəllik qatan yalnız bircə sakin var idi. Onun adı Sevgi idi.

Yaşadığı diyar hər nə qədər gözəl olsa da Sevgi təklikdən darıxırdı, ona dost, həmdəm olacaq birini axtarırdı. Amma  bu diyarda ona həmdəm olacaq kimsələr yox idi. Sevgidə diyarbadiyar gəzib birilərinə qonaq olmaq bəlkə də əbədi qalmaq üçün yola çıxdı. Yola çıxarkən bağçasından ən gözəl qoxulu, rəngli gülləri seçib qonaq olacaği həmdəmi üçün topladı.

Az getdi, çox getdi, dərə təpə düz getdi, gəlib yol kənarında bir evə çıxdı. Qapını döymədən içəri girdi, çünki Sevgidə qapı döymək adəti yox idi, tək qaldığından onlardan xəbərsiz idi. Ev yiyəsi donuq baxışlarla bu çağrılmamış qonağa baxırdı. Sevgi fərəh hissilə bir şeylər söyləyir, bəzən ürəkdən qəh-qəhə çəkir, bəzən də tənhalığından danışıb xısın-xısın ağlayırdı. Ev yiyəsi qonağına xoş üz göstərmədi, Sevgi yalvarışlı gözlərlə ona baxırdı, onunla həmdəm olmasını istəyirdi. Amma ev yiyəsinin sinəsində ürək əvəzinə daş asılı idi. O, ürəyi yaşamaq üçün istifadə edirdi, kimisə yaşatmaq üçün deyil! Onun donuq boz dünyasında Sevgiyə yer yox idi.

Biri vardı...

Sevgi aylarla illərlə gözlədi. Daş qəlbli ev yiyəsi ona heç nəzər salmadı. Sevgi də nəvazişdən, xoş rəftardan məhrum olduğu üçün əlindəki güllər kimi solub saraldı. Artıq bu laqeyd insanı tərk etməyi qərara aldı. Çıxarkən ürəkdən bir ah çəkdi. Eh Sevgi, dedi ilk oxun daşa dəydi.

Amma Sevgi ümidini itirmədi yenə yola çıxdı. Bu dəfə uzaqdan xoş və isti görünən bir evə girdi. Ev yiyəsi isti təbəssümlə onu qarşıladı, mehriban gözlərlə ona baxdı. Sevgi adəti üzrə hərarətli danışır, gülümsəyir bəzən kövrəlir. Ev yiyəsi də ona şirin təbəssümlə baxır. Sevginin hər hərəkəti ona xoş gəlirdi, amma bircə kəlmə də danışmırdı. Sevgi yeni dostunun necə xoş biri olduğunu görsə də onunla danışmamağı Sevgini incidirdi. Aylar illər sonra Sevgi anladı ki, ev yiyəsi laldı. Onunla danışacaq çox sözü olsa da danışmağa bir dili yox idi. Sevgiyə nə qədər  ağır olsa da buranı da tərk etmək qərarına gəldi. Kor, peşman çıxdı evdən, öz-özünə dedi, ey Sevgi, bundan sonra buranı lal Sevgi deyə xatırla.

Sevgi dəli-dolu idi heç bir çətinlikdən, uğursuzluqdan qorxmurdu. O bu uğursuzluğa tabe olmadı, yeni bir qapıdan içəri girdi. Adətinə sadiq qalaraq şən şaqraq səsiylə, bahar nəfəsilə bu evi də bahara çevirdi, dedi-güldü. Ev yiyəsinə əl –qol ölçərək nələrisə başa salır, gəldiyi diyardan danışır, onun gözəlliyindən bəhs edir, amma ev yiyəsi tutqun baxşılarla ona baxırdı dediklərindən sanki bir şey anlamırdı. Sevgi öz işində idi. Ev yiyəsini qucaqlayır, qulağına nələrisə pıçıldayırdı. Amma ev yiyəsi ona heç bir cavab vermirdi. Sevgi o zaman başa düşdü, ev yiyəsi kar idi. Sevgini eşitmirdi. Eşitmədiyi üçün ona cavab da vermirdi. Sevgi çox üzülsə də burda bir həmdəmi olmayacağını anladı. Göz yaşları ilə buranı da tərk etdi. Bu yeridə kar Sevgi deyə xatirəsinə yazdı.

Yollar yorsa da Sevgi bir an olsun tərəddüd etmədi. Yolundan dönmədi. Yeni bir evə çağrılmadan girdi. Ev yiyəsi uzaqlara baxırdı. Sevginin gəldiyini deyəsən hiss etmədi. Sevgi keçib ev yiyəsinin qarşısında dayandı. Özünün və gəldiyi diyarın gözəlliyindən anlatmağa başladı. Bəzən səsini qaldırır, bəzən ürəkdən qəh-qəhə çəkir, bəzən də bir şeylər edirdi ki, ev yiyəsi onun gəldiyini görsün. Amma ev yiyəsi başqa bir nöqtəyə yönəltidyi gözlərini bir an olsun Sevgiyə çevirmədi. Sevgi artıq hər şeyi anlamışdı. İçin –için ağladı. Gecələr yuxusuz qaldı. Çox fikirləşdi. Amma ev yiyəsinin gözünü açmağı bacarmadı. Çox təəssüf ev yiyəsi kor olaraq qaldı. Sevgi pərişan halda buranıda tərk etdi. Çıxarkən qapıya da kor sevgi yazmağı unutmadı.

Sevgi uzaqdan deyib –gülmək səsini eşitdi. Qaçaraq səs gələn tərəfə gəldi açıq bir qapı vardı. Tez qapıdan içəri girdi. Ev yiyəsi onu elə xoş qarşıladı ki, bu vaxta qədər qonaq olduğu evləri unutdu Sevgi. Hər gün deyib-gülürlər. Birlikdə gəzməyə çıxırlardı. Sevgini əl üstə saxlayırdı ev yiyəsi. Bəzən elə qocaman sarılırdı ki, Sevgi hətta gəldiyi diyarıda unudurdu. Amma bir gün evə yeni qonaq gəldi. Bir az tanışlıqdan sonra yeni qonaq adını söylədi. Bu çağrılmamış qonağın adı Həsrət idi. Ev yiyəsi Sevgini çox istəsə də, ondan uzaq düşmək istəməsə də bir evə iki qonaq artıq idi. Sevgi hər şeyi bilən biri idi. Anladı ki, bu evə daha əvvəl gəlib və onun getməsi lazımdır. Sevgi evdən üzgün çıxıdı. Amma ev yiyəsinə söylədi ki, araya həsrət girsə də o getdikdən sonra mütləq gələcək, çünki Sevgi ona çox öyrəşmişdir.

Biri vardı...

Sevgi bu vaxtlar özünü şanslı hiss edirdi. Nə qədər çox öyrəşdiyi birindən uzaq olsa da yeni qonaq olduğu ev yiyəsidə çox mehriban idi. Onunla saatlarca danışır, dərdləşir, bir-birlərinə isti baxışlarla baxırdılar. Sevgi yeni ev yiyəsinə çox öyrəşmişdi, onu tərk edəcəyini heç ağlına gətirmirdi. Amma bir gün ev yiyəsi başqa bir qonağı evə gətirdi. Sevgi baxışlarından nifrət yağan, insanda ikrah hiss oyandıran bu qonaqın adını tez öyrəndi. Xəyanətmiş, Sevgi bu qonaqla bir yerə qalmaq istəmədi. Çıxıb getməyi qərara aldı. Ev yiyəsi çox yalvardı ki, o çıxıb gedəcək, sənə ehtiyacım var. Amma Sevgi ev yiyəsilə barışmadı. Artıq olan-olmuşdu, bu evə Sevgidən də başqa bir qonaq gəlmişdir.

Sevgi az qala ümidsizliyə qapılmışdı. Olanlar onu çox üzürdü. Amma yenə də özündə o gücü toplayıb, başqa bir evə girdi. Ev yiyəsi onu illərin tanışı imiş kimi qarşıladı. Hal-əhval tutdu , kefini soruşdu. Sevgi bu münasibətdən xoşhal oldu, deyəsən axtardığını tapmışdır. İllərin dostu imişlər kimi birlikdə əylənir, bir yeyib bir içirdilər. Heç bir yerə ayrı-ayrı getmirdilər. Bir –birlərindən ayrı keçən bir dəqiqələri yox idi. Sevgi özünü buludların üstündəki diyarındakı kimi hiss edirdi. Amma bir gün bərk külək əsdi. Qapı-pəncərə nə varsa sındırıb məhv etdi. Sevgi toz-duman yatdıqdan sonra həmdəmini axtardı . Amma heç bir yerdə tapmadı. Gecə-gündüz yollarda gəzməkdən üstündəkilər də köhnəldi. Sevginin saçı dağınıq, gözü yaşlı halı hamını üzürdü. Sonra kim isə Sevgiyə dedi ki, həmdəmini güclü külək “ayrılıq” diyarına sovurub artıq onu görməyin mümkün deyil.

Sevgi öz diyarından da, ona yaxın olan insanlardan da uzaq düşdü. Artıq heç bir evə girməyi ağlına gətirmədi. Üz tutub başqa bir diyara səfər etdi. Bir daha kimsə ondan xəbər almadı. Sevginin gedişindən bir az sonra hamı onu unutdu, kimsə belə birinin olduğunu heç xatırlamadı. Amma Sevgi kimsəsiz bir diyarda bir ümidlə yaşayırdı. O düşünürdü ki, haradasa insanlar onu xatırlayır. O, ümid edirdi ki, insanların düşündüyü və evlərinə gəlməyini istədikləri bir Sevgi vardı ...

19 aprel 2015
GO BACK