Bu əsəri çoxları oxuyub, çoxları onda bir məna tapıb. Ekzüperinin kiçik bir əsərə bu qədər mənanı necə sığışdırdığına çoxunuzun heyrətləndiyinə də əminəm.. Məni əsərdə şahla, əyyaşla, şöhrətpərəstlə olan dialoqlardan çox Balaca Şahzadənin Qızılgülünə olan sevgisi təsirləndirdi.. Bu sevgi adi sevgi deyil, əmək verilmiş, narahat gecələr keçirmiş, yuxusuz qalmış sevgidir. Şahzadə öz nazlı və gözəl Gülünün zəifliklərini də qəbul edir, çünki onu sevir, onun Gülünün tayı-bərabəri yoxdur, çünki bu Gül onun sevgisindən yaranıb, onun qayğısından, verdiyi dəyərindən yaranıb… O bu Gülə başqa güllərlə xəyanət də edə bilməz, onları sevə də bilməz.. Çünki başqa gülləri böyütsə, Şahzadə artıq həmin Şahzadə olmayacaq. Çünki təkcə o Gülünü yox, gülü də onu yaradıb. Onlar bir-birinin varlığından doğublar.. Başqa planetlər kəşf edə bilərlər, başqa yerlərdə rahatlıq da tapa bilərlər.. amma sonda, Şahzadəsi yenə o qüsurunu örtmək və Şahzadəsini günahkar çıxarmaq üçün dəridən qabıqdan çıxan nazlı Gülünü istəyəcək.. Çünki, o Güldən yox, həmin o sevgidən bir də olmayacağını bilir…..
Bu sözlərlə Şahzadə Gülünü başqa qısqanc güllərin yanında öyür:
“Siz gözəlsiniz, amma içiniz boşdur, Sizə görə adam özünü fəda vermək istəməz. Əlbəttə, adi bir yolçu mənim gülümə baxıb fikirləşə bilər ki, o da eynilə sizlərə oxşayır. Ancaq, bu gül sizin hamınızdan mənə daha əzizdir. Bir halda ki, məhz onu mən sulamışam. Sizləri yox, məhz onu şüşə örtüklə örtmüşəm. Məhz onu mən arakəsmə ilə küləkdən qorumuşam. Məhz onun xatirinə kəpənək qurdlarını qırmışam. Məhz onun şikayətlənməsinə, özünü öyməsinə və hətta bəzən susmasına da mən qulaq asmışam. Çünki, o, mənim qızılgülümdür!“
Əsas məsələ son cümlədədir. Çünki o mənim qızılgülümdür… Bəli, çünki onu mən yaratmışam.. Bunlar açar sözlərdir.. Bu əsərin üstündən “Beautiful Mind” filminə də baxıb, “Dünyanı ancaq şüurlu məhəbbət və qəlbimizdəki uşaqlar xilas edəcək..” fikrimi möhkəmləndirdim.. Sevin, sevilin, kəşf edin bir-birinizi.
Ülviyyə...