Qadin.NET / Xəyalımla yaşamaq istəyirəm

Xəyalımla yaşamaq istəyirəm

Xəyalımla yaşamaq istəyirəm

Yatıb qalmışdı. Səhər saat 8-də telefonun zənginə oyandı. Tələsik qalxaraq  geyindi. Saçlarına  daraq çəkib  əlini, üzünü  yudu. Bir -iki dəqiqəyə hazırlığını gördü. Qol çantasını  götürüb  evdən  çıxaraq  qapıya  açar vurdu. İşə tələsirdi, onsuz da gecikmişdi.

     Hə, Həqiqət ürəyində gecə gördüyü yuxunu  götür-qoy etməyə başladı. O, gecə yuxusunda  Xəyalı görmüşdü. İkisi də  xoşbəxt  idi.  Xoşbəxtlikdən  uçurdular.

     Əslində  Həqiqət  öz   Xəyalına  qovuşacaqdı. İllərdir  Xəyalı  sevirdi, lakin   valideynləri  bu  izdivaca  razı  deyildilər. Bütün  bunlara  baxmayaraq, Həqiqət   nə  vaxtsa Xəyala qovuşacağına əmin idi. Axı, Xəyal da onu sevirdi. O zamanlar necə  də  bəxtəvər idi. Çünki, sevgisi qarşılıqlı idi. Xəyalın ona məhəbbəti Həqiqəti bu dünyaya  sonsuz bir sevgi ilə bağlamışdı. Həqiqət bu həyata möhkəm bağlanmışdı, çünki  Xəyalı həyatda idi.

     Bəs indi, indi isə həyatı bir zülmətə dönmüşdü. Gedə-gedə gördüyü yuxunu   yozmağa çalışırdı. Amma, çaş-baş qalmışdı, fikirləşirdi, yəqin axşam Xəyalın şəklinə çox baxdığından, əksi ilə danışdığından gecə yuxusuna gəlmişdi. Bu, Həqiqətin   xoşuna gəlirdi. Kaş hər gecə Xəyalı yuxumda görəydim. Xəyallı günlər bir nağıl idi, sanki, nağıl olaraq da qalmışdı. İndi fikirləşirdi "bir möcüzə baş verəydi, Xəyal qarşımda olaydı, əvvəlki kimi". Əslində Xəyal onunla idi, bunu Həqiqət görmürdü.

     Xəyal bu gün də sevgilisinin evinə gəlmişdi. Səssiz otaqda durub buz kimi  divarlara baxırdı. Həqiqətin çarpayısının yanındakı dolabın üstündə qoyduğu ətiri, broşları, darağı ona o qədər əziz idi ki. Bu əşyalar ona çoxlu xatirələr deyirdi. Bir də ki, donub qalmış, ona baxan əksi. "Yəqin ki, Həqiqət hər gecə əksimlə danışır". Bu otaqda hər şey ona Həqiqətdən danışırdı. "Onunla ola bilsəydim, əlimi o incə tellərinə  toxundura bilsəydim, məni dinləyə bilsəydi, eh, hələ qarşıda görəcəyimiz çox şeylər  vardı. Olmadı, birlikdə  addımlaya  bilmədik. Mən  yenə  də  səninləyəm, gözəlim,  amma, bir xəyal  kimi. İndi səni həyatdakından daha çox, daha tez-tez görürəm, çünki, indi qarşımı heç nə kəsə bilmir. Heç səninkilər də. Bu halımdan məmnunam. İstədiyim zaman sənin evinə gələ bilirəm, hər zaman arxandayam, kölgən kimi, səni həyatın bütün pisliklərindən qorumağa çalışıram. Sən heç vaxt məni görməyəcəksən.  Mən isə hər zaman səni görəcəyəm, sevgilim".

       Həqiqət  işdə  qərar  tuta  bilməyib , evə dönmüşdü. İçəri girən kimi Xəyalın şəklini əlinə almış, o ki var ağlamışdı. Xəyal bunları görürdü, amma ona toxuna bilmirdi. Xəyalın şəklinə baxırdı,nə isə hiss etmişdi, hiss etmişdi ki,  Xəyalı gəlib, hardasa yanındadır, sanki, onun qoxusunu duymuşdu. Amma, yox idi. O, özünü inandırmağa çalışırdı ki, otaqda təkdir, O, yoxdur. Xəyal arxasında idi, Həqiqət  bunu görmürdü, görə də bilməzdi. "Mən səni heç vaxt görə bilmərəm ki, sevgilim, səni yalnız yuxularımda görə bilərəm" fikirləşirdi. 

     Həqiqət bir daha anladı, bir daha anladı ki, bu lənətə gəlmiş avtomobil qəzası onu öz Xəyalını şirin yuxularında görməyə məcbur etdi, bu bir acı həqiqət idi.

     Xəyal isə halından məmnun idi, hər gün Həqiqəti görməyə gəlirdi, səhər-axşam  onunla idi. Bu onun şirin xəyalı idi.

19 may 2013
GO BACK