Qadin.NET / Geriyə baxma, mənimlə gedək

Geriyə baxma, mənimlə gedək

Geriyə baxma, mənimlə gedək

- Gəldin?... Xoş gəldin, uzun zamandır görüşmürdük, səndən ötrü darıxmışdım, əzizim! Hər an yolunu gözlədim, gecə-gündüz... Gecələr  daha  uzun  olurdu, sabahlar  açılmırdı  sənsiz. Sənsizliyim  ürəyimdə  bir  dərd  idi.

- Mənə də çətin idi, əzizim! Gəldim ki,  mənimlə gedəsən, axı illərdir sən də məni gözləyirsən! İllərdir qəlbim  səni düşünür. Heç kimi sevə bilmədim səndən sonra. Uzun zamandır məni yaşadan tək sənin sevgin, sənin məhəbbətindir. Hər an  mənə  bir il kimi gəlir. Birlikdə gedək. Uzun  bir səfərə çıxaq. Daha  sənsizliyə dözə  bilmirəm.  Hər şey  məni sıxır, hər yerdə, hər an  gözüm  səni  axtarır. Düşünürdüm ki, qəfildən qarşıma  çıxacaqsan. Səni görəcəyəm , deyə arxayın idim. Lakin, səni  heç yerdə  görə  bilmirdim. Sanki  sən yox olmuşdun. Dünya mənə  boş görünürdü. Axı , harda  idin? Hərdən mənə elə gəlirdi ki, səni  tamamilə itirəcəyəm. Çox  axtardım , səni,  lap  çox... Səni  tapmaq  mənə  çətin oldu. İndi sən mənimsən. Mənimlə gedək. 

Geriyə baxma, mənimlə gedək

- Hə, düz deyirsən, səndən ötrü  mən də yaman  darıxmışdım. Gözlərim yollara dikilmişdi, ürəyim bir söz deyirdi, dilim başqa söz. Ətrafdakılar da  məni sıxırdı sanki. Günlərim bitmək bilmirdi, hər şeydə bir əzab görürdüm. Həyatımı nəyinsə, kiminsə xatirinə dəyişdim, yox-yox, anamın  xatirinə dəyişdim. Axı mən anamı çox sevirdim. Onu  incitmək, ona əzab vermək istəmirdim. O xəstə idi, həm də  atamın  qəfil ölümü ona bir dərd olmuşdu. Eh, sənsiz illər məni qocaltdı. Anam da  xəstəliyindən  dünyasını dəyişdi. Bu illər ərzində sanki  içimdə  min sual  vardı. Axı sən hardasan? Niyə gəlmirsən? Elə mənimlə bir vətəndə olsaydın mənə bəs edərdi. Fikirləşərdim ki,  bir az yaxınıq. Nə vaxtsa  qarşılaşarıq. Onda  ürəklərimiz  özümüzdən gizlin məhəbbətdən  danışar. 

- Gedək mənimlə,  bizim üçün orda yaxşı  olacaq . Bir zamanlar xəyalımızda qurduğumuz  o xoşbəxt  həyatı orda  birlikdə  qura bilərik. Evimiz, ailəmiz , uşaqlarımız olar. Sonra  onları böyüdərik. Mən səndən  gözəl bir qızımın olmasını istərdim, elə sənin kimi gözəl! İkimiz  də  xoşbəxt olarıq. Gedək mənimlə,  sevgilim! Amma geriyə  baxma , sonra  gec olar.

Geriyə baxma, mənimlə gedək

- Hə, əzizim, hazırlşmaq lazımdır.

- Yox, hazırlaşma , elə buradan  gedək. Səni yenidən itirməyimdən qorxuram. Sənzisliyə dözmək mənə çox çətin oldu. Hər an arxanca  gəlməyi düşünürdüm.

- Mənə də çətin idi. Mən də darıxırdım. Eh,  artıq  saçlarına  da dən düşüb. Zaman  nə tez keçdi!

- Hə, zaman  sona  çatmasın  deyə, gedək. Birdən   zamanımız  qalmaz daha. Hər anın bir hökmü var. Dəqiqələr, saatlar  bizə  mane  ola  bilər.  Vaxtında yaşaya bilmədiyimiz xəyallarımızı  indi  gerçəkləşdirək. Sevgilim, gəl gedək, tez ol,  düşünmədən,  geriyə baxmadan, gedək!

- Hə, getmək lazımdır, artıq, gecdir. Yalnız  ikimiz  gedirik?

- Hə, mən və sən.

-  Axı...

- Yubanma,  sənə görə gəlmişəm, dözmədim, ürəyim dözmür  artıq, fikirlər yorur məni. Birlikdə olmağımız  daha gözəldir. Dedim axı, tez ol , əlini ver.

- Hə,  gedək.  Dayan, səs  gəlir...

  Geriyə  baxdı. Çox sonralar qurduğu evlilikdən  iki qızı vardı,  Aydanla , Fidan. Səs onların  səsi  idi. Leyla  illərdən bəri  sevdiyi  kəslə  uzun yola  çıxa bilmədi. 

 

20 aprel 2013
GO BACK