Taleyi dəyişdirmək olar. Tale həyatımıza təsir edir və hər gün bizə doğru yolu göstərən işarələr göndərir. Yalnız bunları oxumağı bacarmalısınız. Bunun da bir neçə yolu var.
Əlamətləri görmək lazımdır. Onlar bizi əhatə edən kiçik hadisələrdən doğur. Taleyin işarələri, xüsusilə, sehrbazlar, görücülər və şamanlara daha yaxşı məlumdur. Onlar yalnız məşhur hikmət və yaxud bir çox şəxsin bildiyi unikal məlumatlar deyil, həm də effektiv əlamətlər adlandırıla bilər.
Şamanların əksəriyyəti bədbəxtlik və ya problem kimi tale əlamətlərinə diqqət yetirir. Əgər həyatınızda bir çox problem və ya bədbəxtlik yaransa, bilin ki, tale bu hadisələrin aqibətini başqa səmtə çevirmək istəyir. Problem bilavasitə sizə aiddirsə, onda istiqaməti dəyişib başqa yol seçməlisiniz.
Şamanlar, adətən, problemləri taleyin bir hədiyyəsi kimi qəbul edir. Onların ən təcrübəliləri hesab edirlər ki, problemlər daha da böyük problemlərin qarşısını alır. Əksinə, həyatın səssizliyindən daha çox narahat olmaq lazımdır. Necə deyərlər, fırtınadan əvvəlki səssizlik yaxşı heç nə vəd etmir.
Uğursuz olmusunuzsa, taleyə qəzəblənməyin. Məsələ onda deyil ki, nisbətən xırda bədbəxtliklərin arxasında həmişə uğur və ya pis şans dayanır. Taleyin sirri ondadır ki, kiçik problemlər bizi böyük uğursuzluqlardan xilas edir. Hansısa bir işiniz alınmayıbsa, yaxud yoldan sürətlə keçən bir maşın üstünüzü palçıqla bulaşdırıbsa, həyata və kainata qarşı çıxmayın. Deməli, belə olmalı idi.
Şamanların diqqət yetirdiyi daha bir məsələ var: çətinliklər. Bir çox insan çətinlik və problemlər arasındakı fərqi görmür. Əslində, fərq böyükdür. Qarşıya qoyulan məqsədə daha çox səy göstərməklə çatmaq normaldır. Bu, o deməkdir ki, tale sizə yardım edib və şans sizin tərəfinizdədir. Onu da Uunutmayın ki, heç bir şey etməyənlərin işi asanlıqla həll olunur.
Narahatlıq duyğusu problem qrupunun ən sıxıcı hissəsidir. Narahatlıqlar taleyin mesajları deyil, bizim şəxsi problemlərimizdir. Bunlar şüurda yaranır və zehnimiz zəiflədikcə ortaya çıxır. Belə vəziyyətdə enerjini artırmaq üçün daha çox meditasiya ilə məşğul olmaq və istirahət etmək lazımdır. Özlüyündə narahatlıq heç nə ifadə etmir, lakin şüura hopduqca onların nəticələri də çox mənfi ola bilər. Odur ki, mümkün qədər tez-tez daxili aləminizlə əlaqə qurmağa çalışın. Xəyal edin, gözəl bir film izləyin, kitab oxuyun və hobbilərinizə daha çox vaxt ayırın.
Şaman məsləhətləri
Başqalarına kömək edin. Karmanı təmizləmək və taleyi dəyişdirmək üçün bunu təmənnasız və ürəkdən edin. Həqiqi yaxşılıq izah edilə bilməz və inanılmaz gücə malikdir. Yalnız xeyirxah insan hər kəsdən daha çoxuna və yaxşısına layiqdir. Şər sizə pul, şöhrət və ad-san qazandıra bilər, ancaq xoşbəxtlik gətirməyəcək. Şöhrət bitəcək, pul da gedəcək. Yalnız boşluq qalacaq. Beləliklə, həmişə qəlbinizdəki yaxşılıqlar axtarışında olun.
Heç kimə zərər verməyin. Bu, təkcə insanlara deyil, heyvanlara da aiddir. Hətta ətraf mühitin çirklənməsinə də aiddir. Yadda saxlayın ki, təbiət lənətləri dünyada ən güclüsüdür. Zibilləri suya və ya torpağa atmayın. Su həyat və enerji mənbəyidir. Dağıdıcı deyil, yaradıcı yol ilə gedin. Ətrafınızdakı dünyaya zərər verməklə taleyinizi məhv edirsiniz.
Sevin. Aşiq olun və nə isə alınmırsa, ruhdan düşməyin. Ayrılıq həyatımızın ayrılmaz hissəsidir. Onlar bizə öyrədir ki, bəzən xoşbəxtliyi gözləməyi bacarmaq lazımdır. Bütün ürəyinizlə sevin və nifrətdən qaçın. Bu, insanda bütün yaxşılıqları məhv edən əks hissdir.
Nə isə xoşunuza gəlmirsə, əvvəlcə özünüzü dəyişdirin, onda dünya da gözünüzdə dəyişəcək. Həmişə özünüzdən başlayın. Kədərlisinizsə, səbəbini özünüzdən soruşun ki, niyə belə olur. Bəlkə layiq olmayan bir şeyə çox əhəmiyyət və dəyər verirsiniz. Əgər çox pul istəyirsinizsə, elə düşünün ki, pul özü sizə tərəf gələcək. Onu əldə etməyin yollarını öyrənin. Düşüncələrin maddi olduğunu unutmayın.
Səhhətinizin qeydinə qalın. Şamanlar deyirlər ki, sağlam bir vücud həmişə uğur və şans cəlb edir, çünki sağlam bədənin enerjisi həmişə yüksək səviyyədədir. İdmanla məşğul olan insanların taleyi yanlış həyat tərzi, yağlı qidalar, siqaret və alkoqol istifadə edənlərin taleyindən həmişə daha gözəldir. Sağlam bədəndə sağlam ruh olur.
Şübhələnməyin, onları bir kənara qovun. Şübhələr taleyin sizi doğru yola yönəltməsini çətinləşdirir. Yuxarıda artıq qeyd etdik ki, hər hansı bir düşüncə reallığa çevrilə bilər. Şübhələr xəyalları məhv edir, uğuru qorxudur. Problemlərdən şikayət edən insanlar sonra taleyi günahlandırır, halbuki, bütün problemlər düşüncələrdən başlayır.
Qısqanc və paxıl olmayın. Paxıllıqdan ən pisi yalnız nifrətdir. Hər kəsin layiq olduqları bir həyatı var. Əgər taleyin sizə ədalətli olmadığını görürsünüzsə, onu dəyişdirmək üçün bir şey etməyə başlayın. Dinamik və dəyişkən bir dünyada yaşayırıq. Odur ki, özünüzü düz bir xəttlə məhdudlaşdırmayın. Tale bizə kəsişmələrdə dönmək şansı verir.
Aytən Məftun (publika.az)