Qadin.NET / Çöpçüyə inanırsınızmı?

Çöpçüyə inanırsınızmı?

 

Çöpçüyə inanırsınızmı?

 

Elə bilirəm ki, çöpçülər haqqında hamınızın məlumatı var. Bilməyənlər üçün deyim ki, çöpçü  burun boşluğuna düşən yad şeyləri üfləməklə oradan çıxarır. Mən heç vaxt çöpçüyə inanmırdım. Onlar haqqında eşitdiklərim mənə fantaziya kimi gəlirdi. Dörd uşaq böyütsəm də, heç vaxt yolum çöpçüyə düşməyib. Amma bu yaxınlarda üç yaşlı nəvəm bərk xəstələndi. Qızdırması 39-a qalxdı, həkimə apardıq. Həkim yoxladı və boğazından olduğunu söylədi. Müalicə üçün bir neçə dərman yazdı. Neçə gün versək də, dərmanların bir xeyri olmurdu, əksinə, getdikcə uşağın halı pisləşirdi. Gözünün, burnunun suyu  axmağa başladı. Qohumlardan biri "Uşağın burnunda nəsə qalıb, çöpçüyə aparın" - dedi. Əvvəl tərəddüd etsəm də, uşağı çöpçüyə apardıq. Biz həyətə girəndə çöpçü deyilən cavan gəlin elə həyətdəcə oturduğu yerdən qalxdı və məni oturtdu. Uşaq qucağımda idi, gözüm onun əlində qalmışdı. Fikirləşirdim ki, birdən əlində nəsə olar. O, uşağın boğazını bir az əllədikdən sonra ağzını uşağın burnuna toxundurmadan elə azca məsafədən üflədi. Gözümün qabağında bir parça alma qabığı əlinin içinə düşdü. İkinci  dəfə üfürəndə isə ondan bir az balaca qabıq düşdü. Bununla da hər şey bitdi. Evə qayıdanda artıq maşında uşaq danışıb gülürdü. Evə çatan kimi düşüb oynamağa başladı. Elə bil ki, heç bir saat bundan əvvəlki saralıb-solan uşaq deyildi.

Bu hadisə mənə çox maraqlı gəldi. Fikirləşdim ki, görəsən, Qadın.Net xanımları bu barədə nə düşünürlər? Heç onlardan kiminsə yolu çöpçüyə düşübmü? Həkim xanımlarımızın fikri lap maraqlı olar...

27 sentyabr 2011
GO BACK