Bəlli bir yaşa gəlmiş şəxslər həyatın hər zövqünü dadıblar.Ancaq soruşmaq istərdim: neçə nəfər çəhrayı topuqları öpüb?
Hər kəs öz ayağına,ya da həyat yoldaşının ayağına baxır.Zəhmət çəkib baxmayın. O çəhrayı ayaqlar nə sizdə var, nə də həyat yoldaşınızda.
Ancaq qucağınızda balaca varsa, qanadsız bir mələyiniz, baxın onun topuqlarına. Çəhrayı topuqlarına... Nə qədər yumşaq, nə qədər təzə, nə qədər öpülməyə dəyər...
Mən də o kiçik şirinin çəhrayı topuqlarından danışmaq istəyirəm...
Əlinizə aldığınızda qıdıqlandığından qəhqəhələri artır.Otağın hər tərəfini onun gülüşü bürüyür. Özü də daxil olmaqla, yanında olan hər kəs keyfin son zirvəsində olur.
Daha sonra bu balacanı nənəsinin yanına göndəririk. Qaldıq biz-bizə. Sanki evdə lal-karlar yaşayır. Bütün nəşəmiz, sən demə, bu balacaymış.1 həftədən sonra getdik gətirdik. Bu arada həsrəti tanıdım yaxından, həsrətin dayanılmazlığını öyrəndim.
Vüsalın xoşbəxtliyini xəyal edərək həsrətin acısını gözəlliyə dönüşdürdüm. Bəli,həsrət çəkmək də gözəldir, sonda qovuşmalar varsa...