Qadin.NET / Kiçiyin böyüyə dərsi

Kiçiyin böyüyə dərsi

 

Hər gün və hər saat dərs aldığım biri var. O , mənə öyüd- nəsihət verə biləcək dərəcədə dünyagörüşə malik olan kamil bir insan olmasa da yaxşı dərs verən bir müəllimdir. Ondan elə gözəl şeylər öyrənirəm ki... Onun dərslərinə çox diqqətlə yanaşıram. Bircə anına da laqeydlik göstərmirəm. Çox dəyərli müəllimdir, öyrətdiyi hər şeyi rüşvətsiz, minnətsiz öyrədir. Elə gözəl dərs verir ki, adamın bilmədiyi hər şeyə öyrənmə marağı artır. Mənim müəllimim altı yaşındadır. Onun balaca ürəyi və böyük hissləri var. Hamının evində var bu müəllimdən, ondan öyrənmək üçünsə sadəcə, onu müşahidə etmək və nəticəni dəyərləndirmək lazımdır. Bu müəllimlərin tənbehini qərəzsiz və kinsiz olduğu üçün əsl sağlam tənqid hesab etməliyik. Və biz onları öyrətməkdən çox onlardan öyrənməyə çalışmalıyıq.

Yaxşı işlər görmək və yaxşı tələbə olmaq istəyənlər zəhmət çəkib bu yazını oxusunlar. Bu yazını müəllimimi tərifləmək üçün yox, özümü pisləmək istədiyimdən yazıram.

Altı yaşlı müəllimimdən öyrəndiklərimi tam dərk edəndən sonra özümün kiçik, onun isə məndən nə qədər böyük olduğunu hiss etmişəm. Uşaqlar böyük insanlardır. Bu fikri “ Övlad tərbiyəsi “ adlı bir yazımda da bildirmişəm. “Altı yaş “ və “böyük insan“ kəlmələri arasında məna baxımından nə qədər təzad varsa, bir o qədər də, hətta ondan da çox eyniyyət var. Çox məsələlərdə uşaqları uşaq bildiyimizdən uduzmuşuq həmişə. “ Uşaqdır, qanmır“ deyə bir çox vacib şeylər haqqında onlara vaxtında bilgi vermirik. Sonradan bu itki özünü hər sahədə göstərməyə başlayır. Biz uşaqları elə vaxt öyrətməyə başlayırıq ki, artıq onlar bizi öyrətməli olurlar. Pis olan da odur ki, onlarla razılaşmaq və onlardan öyrənmək istəmirik. Sizi bilmirəm, amma mən öz xörəyini qarışqa yuvasının ağzına qoyan bir uşaqdan daima ibrət götürürəm.

Edilən məsləhətə məhəl qoymayan şəxslər haqqında qafiyələşdirilmiş bir atalar sözümüz var “Öyüd batmalı idi, söyüd batdı “Mənə elə gəlir ki, qulağa öyüd əvəzinə söyüd o vaxt batır ki, həmin öyüd düzgün qaydada verilmir. Necə? Bax belə.

Bütün günü bir – birilə savaşıb, bir – birini təhqir edən ər-arvad öz uşaqlarına “mehriban olun“ deyə nəsihət verir. Burada nəticə verməyən bir öyüd verilir. Çünki valideynlər özləri dediklərinə əməl etmirlər, çətin ki, buna uşaqlar əməl etsinlər. Təbii ki, onlar daha çox gördüklərini təqlid edəcəklər. Bu öyüd də yalnız söyüd olaraq qalacaq. Bu cür öyrətməkdənsə elə özümüz öyrənsək daha yaxşı olar.

Uşaqlardan öyrənməyi çox sevirəm. O saf ürəklərdən necə gözəl hisslər doğulur !

Bir gün oğlumdan aldığım yaxşı bir dərs haqqında yazmaq istəyirəm. Bu dərs üçün bizə geniş bir auditoriya lazım olmadı. Sadəcə küçədə gördüyümüz bir mənzərə kifayət etdi ki, oğlum öz “dərsini“ mənə izah etsin.

Onu bağçadan götürüb bağın içi ilə avtobusa tərəf gedirdik. Yol boyu “Turpun nağlı“-nı danışır, buradan çıxan nəticəni izah edirdim. Ürəyim soyumayıb xeyirxahlığın da faydalı iş olduğundan ağız dolusu danışdım. Oğluma elə yaxşı məsləhətlər verirdim ki. Hələ ki söz halında olan bu öyüdlər gözəl idi. Lakin bir az irəli dəqiqələrdə bu məsləhət əmələ çevrilməyəcək və eybəcər bir şəkil alacaqdı.

Hələ ki, bu məqamdan xəbərsizcə yolumuza davam edirdik. Biz soyuq qış axşamı ağacların arasında əlində salfet tutmuş bir qızcığaz gördük. Onun niyyətinin salfet satmaq yox, insanların mərhəmətini yoxlamaq olması bəlli idi. Mən də ürək ağrısı ilə ehtiyacım olmadığı halada bir ovuc qəpik verib salfet aldım. Bununla qızcığaza yaxşılıq, oğluma da xeyirxahlığımı nümayiş etdirdiyimi düşündüm və borcumu bitmiş hesab edib qızcığazdan uzaqlaşdım.

Biz üşüyürdük. Oğlumun əlindən tutub iti addımlarla avtobusa çatmağa can atırdım. Hava soyuq olduğundan avtobus insanların ümid yerinə çevrilmişdi. Hamı bir – birinin nəfəsinə qızınmağa çalışırdı.

Qapıdan içəri yenicə daxil olub rahatlanmaq istəyirdim ki, oğlum qəfildən həyəcanla qışqırdı:

- Ana, axı o uşaq küçədə qaldı!

Bu həyəcandan mən də həyəcənlandım. Doğrudan da uşaq qaranlıqda soyuq havada hələ də salfet satırdı. Adamlar isə buna sakit yanaşırlar. Heç mən də bunun fərqinə varmamışdım. Amma altı yaşlı bir uşaq üçün digər bir uşağın qaranlıqda çöldə qalması olduqca dəhşətli idi. Bunu o böyüklərdən fərqli olaraq sakit qarşılaya bilməmişdi. Bəlkə də, bu mənzərə oğlumun həyatda gördüyü ilk qəddarlıq nümunəsi idi. İnsanların uşaqlara biganəliyi. Bundan böyük qəddarlıqların da kökündə elə bu dayanır.

- Eşitmirsən, ana, o qızı niyə valideynləri təkcə küçəyə buraxıblar?

Mən cavab verməyə hələ ki, söz tapmırdım. Qayğısız böyüyən uşaqların gözü ilə bu zavallı qıza baxanda görünən həqiqətlər qəlbimi sıxırdı.

- Ana, qaranlıqda o evlərinin yerini tapacaq? Biz niyə onu küçədə qoyduq?

Oğlumun ilk sualına cavab tapa bilmirdim, o isə narahatçılıqdan doğan suallarını daş kimi atırdı mənə. Bu daşların altında özümü daş- qalaq olunan biri kimi hiss edirdim. Sanki ağır günah işlətmişdim. Oğlumun suallarına ətrafdakı sərnişinlərin reaksiyalarından yazmayacam. Çünki elə də ağlabatan söz eşitmədim. Ən yaxşı halda “Can, sən necə ağıllı uşaqsan“ deyənlər oldu.

- Gedəcək, oğlum- deyə onu sakitləşdirməyə çalışdım. Uşağın başa düşmədiyi gerçəkləri ona necə izah edəcəyimi bilmirdim. Məni məyus edən əslində başqa şey idi. Bayaq ona xeyirxahlıqdan danışmışdım. Başqalarına kömək etməyin yaxşı əməl olduğunu söyləmişdim. İndi isə dediklərimə özüm əməl etməmişdim. Beş- on qəpiklə yaxşılıq olarmı. Məsələnin həlli axı bu deyildi. Bəs mən bu anlarda nə etməli idim ki, bu zavallı qızcığaza kömək etmiş, oğluma yaxşı nümunə olmuş və mənə də vətəndaşlıq borcumu ödəmiş kimi olsun? Bir gün oğlum böyüyəcək və məni qınayacaq. “Öz övladını qoruduğun tək başqalarının da övladını qorumalıydın“ deyəcək. Bundan ağır qınaq varmı? Bəlkə də, onda bu günahdan xilas olmaq üçün mən də bu işin mümkünlüyünün başqalarından asılı olduğunu söyləyəcəm. Tək heç nə edə bilməyəcəyimi israrla bildirəcəm. Gələcəyi bilmirəm amma bu anlarda uşağın yanında çox xəcalətli idim. Əməlli- başlı kiçilmişdim onun qarşısında. Gücsüzlüyümü hiss edirdim. Amma oğlumun bu cür yanaşması bir yandan da məni sevindirirdi.

(Bu işdə hamımızı qınayan uşaqların gələcək həyatlarında bu kimi halların olmaması üçün bu gün onlar yaxşı yetişdirilməlidirlər.)

Az- çox mərhəməti olan insanların verdikləri o qəpik- quruşun dəyərindən qat- qat üstün gözəllikləri itirən o qızcığazın və onu kimi neşə - neçə uşaqların taleyi haqqında görəsən biz nə vaxt düşünəcəyik? Axı niyə yağışın , qarın yağması kimi bunu da təbiətdən gələn təbiiliklər kimi qəbul edib sakit olmalıyıq?

Oğluma verdiyim məsləhətlər beləcə öz gözəlliyini itirdi. Çünki özüm əməl etmədim dediklərimə. Lakin həmin gündən qazancım yaxşı bir dərs oldu. Hər şeyə uşaqların gözü ilə baxmaq və uşaqların qəlbi ilə yanaşmaq. Onda biz öz qüsurlarımızı da görəcəyik, bir çox problemlərin həlli yollarını da tapacağıq.

Evinizdəki müəllimlərinizi sevin, onlardan dərs alın. Uşaqların tənqidlərindən nəticə çıxarmağa çalışın, onların etiraz etmək hüquqlarını tərbiyəsizlik sanmayın. Bu etiraz səsini boğmayın. Onlar haqlıdırlar. Niyə hər kəs yalnız öz övladını sevməlidir? Uşaqlar hamının olmalıdır, uşaqlara bütün insanlar böyük olaraq borcludurlar.

( Bu da növbəti deyəcəklərim. Qəlbimdə qalsa bağrım partlayacaqdı.)

Pərvanə Bayramqızı 

23 iyul 2017
GO BACK