Qadin.NET / 100 il əvvəl dünyasını dəyişmiş insanın kimi qalır ki, bu dünyada ona baş çəksin

100 il əvvəl dünyasını dəyişmiş insanın kimi qalır ki, bu dünyada ona baş çəksin

100 il əvvəl dünyasını dəyişmiş insanın kimi qalır ki, bu dünyada ona baş çəksin

Andrey Karlovun ölümü mənə Qriboyedevin ölümündən çox təsir etdi. Ən çox da ona görə ki, Qriboyedevin ölümün səbəbi çox iyrənc idi. Ən çox Andrey Karlovun ölümünün dəhşətlə nəticələnəcəyindən qorxmuşdum. Bu ölümün Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Frans Ferdinandın (Onun öldürülməsi Birinci Dünya müharibəsinə bəhanə olmuşdu) öldürülməsi ilə bənzərlik qurmuşdum ki, telefonuma gələn zənglə diksindim.

Zəng edən xalamqızı idi. Bütün tarixi və siyasi düşüncələrimi ürküdən xalamqızına acıq bir az “alo” sözünü gec dedim.

“Üliviyyə, mamam, keçindi. Mamam....” Xəttin o başında hönkürtü səsi gəldi.

“Gəlirəm”- deməyə gücüm çatdı ancaq.

Ölüm... Qriboyedevin ölümü, Karlovun ölümü... Frans Ferdinand... və bir də heç vaxt Suriyanın yerini xəritədə belə bilməyən və Frans Ferdinand haqqında eşitməmiş və eşitməyəcək xalam.

Görəsən hansı daha mənfəətli ölüm qazanıb? Andrey Karlov, Frans Ferdinand, yoxsa heç vaxt öz kəndindən kənara çıxmayan sadə kəndli bir qadın?...

Seneka ölümü cəza yox, qanun olaraq qəbul edilməsinin tərəfdarı idi. Qanun...

Eynilə doğum kimi bir qanun. Lakin hamımız onun qanun kimi qəbul etsək də, heç kəs öz ölümünə inanmır. Biz öz ölümümüzə inanmadığımız qədər Allaha inansaydıq bəlkə də həyat bizim üçün daha asan olardı.

Onu daha asan qəbul edərdik. Dünyanı möminin zindanı hesab edənlərə qoşulub, ondan qurtuluşumuzu bayram edərdik.

Lakin ölüm bəzən bu funksiyanı daşımır. Biz onu daha çox xatırlamamağa meyilliyik. Onun yada salınmasına etiraz edirik. “Allah uzaq etsin” sözləri dilimizin əzbəridir.

Əgər ölüm bütün bu əzablardan qurtuluşdursa...

Bütün bu ağrılardan, bütün mənalı və mənasız mübarizələrdən qurtuluşdursa...

Sartr həyat nə qədər absurddursa, ölüm o qədər ağır olur deyib... Absurd həyat necə olur? Absurd həyat bütün həqiqətlərə göz yummaqdır, özünü aldatmaqdır. Özünün əbədi olmağına inancdır. Halbuki nə əbədi qalıb ki?...

Dəfn günü gedə bilmədim... 3 gün sonra qəbirstanlıqda qəhqəhəsi ilə sevdiyimiz qadının qəbrinin üstünə nəvəsinin iki dənə qozu kövrələrək qoyduğunu gördüm və xitabını eşitdim.

“Nənə axı, sən söz vermişdi ki, qoy yastığımın yanına sabah duran kimi yeyəcəm”

Verdiyimiz sözləri və əhdləri pozan ölüm. Görəsən Karlov kimlərə nə söz vermişdi?! Onun verdiyi sözlər də bu qədər sadə və adi olub?!

Arada könlümə düşür qəbirstanlıqlar. Axı, orada əzizlərimiz yatır.Lakin əzizlərimiz biz onları axtardığımıza görə var. Sabah biz ora yolçu olacayıq və bizi axtaracaqlar. Qəbirlər itəcək, yox olacaq. 100 il əvvəl dünyasını dəyişmiş insanın kimi qalır ki, bu dünyada ona baş çəksin. Torpaq ayağımın altındadı,onun altında kimin sümükləri var bəlli deyil.

Hamı unudulacaq, hər kəs demək olar ki, hər kəs növbəti dirilişə qədər unudulacaq- deyə pıçıldayıram...

30 mart 2017
GO BACK