Əsrlər boyu hallanan, demək olar ki, hər kəsin işlətdiyi bir kəlmə! Niyə gəlin deyiləndə ilk ağıla gələn söz bu olur. Kimdir bunun günahkarı?Özünə yad qızı söylədən gəlinmi, yoxsa onu səbəbsiz yerə işlədən qarşı tərəf qayınana, baldızmı və s.?
Gəlin nə qədər də ağıllı, mehriban, səmimi olsa belə ona bu deyim ünvanlandırılır. Bir sözlə qaçılmaz məqamdır.
Bu deyim hər kəsin marağına səbəb olmuşdur. Hətta məşhur türk yazıçısı Orxan Kamal bu ağrılı məqamı qələmə aldığı “Yad qızı” romanında işıqlandırmışdır. Çox tükürpədici bir romandır. Romanın başlıca mövzusunu gəlin-qayınana münasibətləri təşkil edir. Qayınananın gəlininə qarşı vicdansız hərəkətlərindən, nankorluğundan danışılır. Məhz bu münasibət nəticəsində oğlunun ailəsini dağıdır. Gəlin-yad qızı pozğun həyata düçar olur. Sonda isə dünyasını dəyişir.
Günahkarının kim olduğu düşünüləndə ilk ağıla gələn şəxs qayınana olur. Əlbəttə ki, hər zaman belə olmur. Münasibətlər müxtəlifdir. Hər zaman qayınana pis ola bilməz. Ər evinə qərəzli münasibət bəsləyən gəlinlər də var. Nə qədər acı olsa belə. Ancaq necə deyərlər qurunun oduna yaş da yanır.
Ana öz oğlunu min bir əziyyətlə boya-başa çatdırır. Ən böyük arzusu isə oğlunun xoşbəxt günlərini görməkdir. Hərhalda oğlan sevdiyi insanla ailə qursa bu ananı da xoşbəxt edər. Ancaq danılmaz cəhətdir ki, bəzi analar oğlunu gəlininə qarşı qısqanır. Düşüncəli, dünyagörüşü olan ana bu hissi özündən ustalıqla dəf edə bilir. Kobud səslənsə belə cahil analar yersiz söz-söhbətə, incikliyə ən pisi isə boşanmalara səbəb olur. Burada ən məsuliyyətli tərəf oğlandır ki, o anası ilə həyat yoldaşı arasında düzgün münasibət qurmalıdır. Unutmamalıdır ki, ananın yeri başqa, bacının yeri başqa, həyat yoldaşının yeri isə bir başqadır. Gərək hər kəs öz yerini bilsin.
Bəs siz xanımlar bu mövzuda nə düşünürsünüz? Deyilməlimidir bu kəlimə yoxsa əksinə bu kəlimə unudulmalıdır?