Qadin.NET / Deyl Karnegidən 12 məsləhət (2)

Deyl Karnegidən 12 məsləhət (2)

Deyl Karnegidən 12 məsləhət (2)

IV qayda: İnsan zəkasına doğru birbaşa yol

Dördüncü qayda çox sadədir. Xeyirxahlıq, dostluq və qarşındakını anlamaqla adamların fikrini dəyişdirməyə daha tez nail olacağınızı nəzərə alıb, bəri başdan mehribanlıq mövqeyində durun.

V qayda: Sokratın sirri

Deyl Karneginin fikrincə, Sokratın sirri bir kəlmədən ibarətdir. Nədir o kəlmə?  Əlbəttə ki, «bəli». Söhbət əsnasında tez-tez «bəli» deməyi unutmayın. Onu da bilin ki, bu sözü tək sizin işlətməyiniz kifayət deyil. Müsahibinizlə söhbəti elə aparın ki, o özü tez-tez «bəli» demək məcburiyyəti qarşısında qalsın. Məsələn, onun maraqlarından çıxış edərək, «Sən istəmirsən ki...?» sualı qoyun. Bu zaman o, sizinlə razılaşaraq «bəli» deyəcək. Bu, o deməkdir ki, siz öz istəyinizə nail olmusunuz, hər şey sizin ürəyinizcə olacaq.

VI qayda: Şikayətlərdən xilas olmağın yolu

Bu qayda, az qala, aforizmləşən «qulaq asmaq lazım gələndə birinci ol, danışmaq lazım gələndə sonuncu» məsləhətini xatırladır. Söhbət zamanı qarşınızdakının ürəyini boşaltmasına imkan yaradın. İmkan verin ki, daha çox o danışsın. Bu, nəinki şikayətləri dinləyərkən, ümumiyyətlə, istənilən söhbət zamanı ən münasib mövqedir. Eləcə də qarşınızdakının hirsini soyudar. Üstəlik o, sizi ən maraqlı həmsöhbət kimi xatırlayar.

Deyl Karnegidən 12 məsləhət (2)

VII qayda: Əməkdaşlığa necə nail olmalı?

Deyl Karnegiyə görə əməkdaşlığın ən asan yolu budur: qoy müsahibiniz elə hesab etsin ki, hansısa məşhur fikir onun özünə məxsusdur. Təbii ki, söhbət önəmli fikirlərdən gedir. Deyl Karnegi bu qayda barədə danışarkən, Amerika prezidenti Teodor Ruzveltin prinsipini xatırladırmış. Teodor Ruzvelt kimi isə vəzifəyə təyin edərkən, ilk növbədə komandasını masa arxasına dəvət edib, bu vəzifəyə layiqli bir namizəd tapmaqda ona köməklik göstərmələrini rica edirmiş. Və özünün nəzərdə tutduğu namizədin adı çəkilənə qədər T.Ruzvelt «Daha kimi məsləhət görərdiniz?» deyə soruşarmış. Beləliklə, komandası T.Ruzvelti son dərəcə demokratik və əvəzolunmaz bir rəhbər kimi dəyərləndirərdi.

VIII qayda: Sizin üçün möcüzə yaradacaq düstur

Həmişə hadisələrə müsahibinizin nəzərləri ilə baxmağa çalışın. Onun maraq və istəklərini əsas götürərək, istənilən məsələni götür-qoy edin. Deyl Karnegi bu qaydanı tövsiyə edərkən, onu ilk növbədə dəcəl uşaqlarla sınaqdan çıxarmağı məsləhət görüb.

IX qayda: O, nə istəyir?

Bu qaydaya riayət edərkən ilk növbədə qarşınızdakı adamın nə istədiyini özünüz üçün aydınlaşdırın. Və onun fikir və istəklərinə səmimi canıyananlıqla yanaşın.

X qayda: Hamının ürəyincə olan çağırış

Nədir bu çağırış? Əlbəttə ki, xeyirxah motivli çağırışlar hamının ürəyinə yatır. Hərdən hamının maraqlarına cavab verən, istirahət eləmək, şənlənmək üçün şərait yaradan ideyalarla çıxış etsəniz, pis olmaz. Axı niyə də yox?  Bu zaman siz özünüz də gözəl istirahət edə bilərsiniz.

Deyl Karnegidən 12 məsləhət (2)

XI qayda: Kinoda və radioda belədir. Bəs siz niyə belə etmirsiniz?

Yəqin ki, bu qaydanı oxuyarkən, görəsən, kinoda və radioda nə edirlər deyə fikirləşirsiniz. Deylin bu qaydası elə məhz buna xidmət edir. Müsahibdə maraq oyatmaq, ən yaxşı halda isə onu həyəcanlandırmaq lazımdır. Belə olan təqdirdə ideyalarınızı daha asanlıqla həyata keçirə bilərsiniz. Bu ideyaların səmərəsiz olmayacağına isə şübhə etməyin.

XII qayda: Digər heç nə təsir etmirsə, bunu yoxlayın

Deyl Karneginin adamların nöqteyi-nəzərinizə meylləndirməyə imkan verən 11 qaydası sizə kömək etmədisə, onda onların hamısının üstündən xətt çəkin və 12-ci qaydaya riayət edin. Qarşınızdakına meydan oxuyun və onun zəif damarını tutun. Yəni onun zəif cəhətlərini müəyyənləşdirərək, mübahisə zamanı bu cəhətlərdən yararlanmağa çalışın. Bu zaman nəyə qadir olduğunuzu göstərməkdən çəkinməyin. Üstünlüyə nail olmaq, qalib gəlmək istəyirsinizsə, 12-ci qayda sizin sonuncu şansınızdır.

27 sentyabr 2016
GO BACK