Qadin.NET / Ya ümidsizsiniz, ya ümid sizsiniz...

Ya ümidsizsiniz, ya ümid sizsiniz...

Ya ümidsizsiniz, ya ümid sizsiniz...

Səhər gün doğmamış ayağa qalxıb soyuq su ilə dəstəmaz alıb səccadəni yerə sərib qaranlıqda pıçıltı ilə dua etmək dünyanın ən xoş, ən rahatlıq verən ibadət forması idi. Namazdan sonra məni incidən hadisələri xatırlamaq, bəzən isə dünyada ac, susuz, evsiz-eşiksiz qalan insanlar haqqında düşünüb səmimi şəkildə göz yaşı tökmək... Bunlar bəlkə də hər insanın anlayacağı hisslər deyildi. Görəsən nəyə görə insanların taleyi məni bu qədər maraqlandırırdı?

Həyatım sanki yarım qalmış, bəlkə də heç başlamamış bir hekayə idi. Əslində uşaqlığım haqqında yaza biləcəyim mənalı heç nə yoxdur. Mən gününü pəncərə önündə keçirən kiçik bir qız idim. Həyətdə oynayan uşaqların gülüşləri, bəzən ağlamaq səsləri, bəzən isə həyəcanla qışqırmaqları hələ də yaddaşımdadır.

Mən fərqli idim. Elə o vaxt da, məktəbə gedəndə də, o məktəbi bitirəndə də... Mən ciddi olmağı, susmağı, bəzən gözlərimi qaçırmağı vərdiş etmişdim. Birinci sinfin ilk günü bütün uşaqlar birinci partada əyləşmək üçün sinif otağına tərəf sürətlə qaçarkən mən çox rahat şəkildə gedib axırıncı partada oturmuşdum. Mən bəzən ev tapşırığımı yerinə yetirmədiyim üçün danlanan, lakin heç vaxt səbəb gətirrməyən,evə gəlib ağlayan günahsız bir uşaq idim. Çünki həyat mənim çiyinlərimə özümdən də böyük bir yük qoymuşdu. Mən həyatın nə qədər çətin olduğunu elə o vaxtdan anlamışdım. Məndən yaşca böyük isanların bəlkə də heç görmədiyi ağrılarla uşaqlıqdan tanış idim mən. İllər ötdükcə, mən böyüdükcə ağrılarım da böyüyürdü. Beynimin içində olan bu ağrı məni heç vaxt tək buraxmırdı. Amma mən bu ağrılarla barışmışdım. Bəlkə də bu mənim imtahanım idi.  Bəlkə də həyat məni illər sonra yaşayacağım xoşbəxtliyə hazırlayırdı.

Mən uşaqlıqdan bəri psixoloq olmağı arzu edirdim. Hər gecə gözlərimi yumub bunu xəyal edərək yuxuya gedirdim. Ümid edirdim ki, bir gün xəyalım gerçək olacaq. Böyüdükcə həyatı daha yaxşı dərk edirdim. İnsanların bir birinə qarşı etdiyi haqsızlıqlar, paxıllıqlar, pula görə düşmən olan doğmalar və s. Bunlar məni çox incidirdi. Mən tamamilə başqa dünyada yaşamaq istəyirdim. Uşaqların atılmadığı, xəstələrin ac qalmadığı bir dünyada. Mən bilirdim ki, dünyanı dəyişdirə bilmərəm. Amma çətin vəziyyətdə olan insanlara yardım edə bilərdim.

Aylar, illər keçdi. Mən arzuladığım ixtisasa qəbul oldum. Arzularımın reallaşmasına çox az qalmışdı. Universitetə hazırlıq dövründə qəbul etdiyim ağrıkəsici dərmanlar mədəmi məhv etmişdi.

Həyatım heç gözləmədiyim anda birdən birə alt-üst oldu. Ağrılarım o həddə çatdı ki, bir müddət universitetə gedə bilmədim. Artıq çox az yatırdım. Bir müddət sonra isə tamamilə yatmamağa başladım. Həkimə getmək şərt olmuşdu. Özümü toplayıb ayağa qalxdım. Addımlarımı çox yavaş atırdım. Nə vaxtsa bu hala düşəcəyimi desəydilər heç vaxt inanmazdım. Etiraf edim ki, çox qorxurdum. Amma yenə də özümü ələ alırdım. Həyatımın sonrakı vəziyyətinin necə olacağı həkimin deyəcəklərindən asılı idi. 

Ya ümidsizsiniz, ya ümid sizsiniz...

Müayinədən sonra həkim vəziyyətimin heç də yaxşı olmadığını amma xəstəliyim üçün gecikmədiyimi, hələ də şansım olduğunu dedi. Bu xəstəliyin inkişaf etməsi mənim xərçəng xəstəsi olmağım demək idi. Bunun baş verməməsi üçün məni illərlə davam edən çox ciddi bir müalicə dövrü gözləyirdi. Amma müalicə kömək etməyə də bilərdi. Həmin an donub qaldım. Beynim mənfi fikirlərlə dolmuşdu. Xərçəngin bir addımlığında olan adam nə düşünə bilərdi ki? Bir anlıq hər şeyin bitdiyini düşündüm. Amma yox. Mən ümidimi itirə bilməzdim. O mənim sahib olduğum bəlkə də tək şey idi. Mən təslim ola bilməzdim.

Həyatım əks istiqamətdə hərəkət edən eskalatora bənzəyirdi. Mən nə qədər yuxarıya doğru hərəkət etsəm də o məni yenə də aşağı çəkməyə çalışırdı. Çox cəhd edirdim amma yenə də yerimdə qalırdım.

Evə gələrkən bütün yolu düşündüm. Həmin an sevinəcək heç nəyim yox idi. Amma yenə də hər şeyin düzələcəyini bilirdim. Bəlkə də inanmaq istəyirdim. Bilmirəm...

Bu bəlkə də həyatın mənə qarşı oynadığı bir oyun idi. Amma mən bu oyunda təslim olmamalı  idim. Mən həmin günü həyatımın dönüş nöqtəsi hesab edirəm. Həmin gün mən yenidən doğuldum. Yenidən. Bəlkə də ilk dəfə...

Ümid... Bu necə də gözəl bir kəlimədi. Əgər həyatdasansa hələ də yaşayırsansa deməli ümid etmək üçün mütləq bir səbəbin var. Mən indi bu hekayəni yaza bilirəmsə bu mənim ümidimi heç vaxt itirməməyimin nəticəsidir. Həmin gün müalicəmin necə uzun və çətin olacağını da bilirdim. Mən həyat tərzimi, vərdişlərimi dəyişməli idim. Düzünü desəm yeni vəziyyətə adaptasiya olmaq çox çətin oldu. Üstəlik bir müddət dərsə gedə bilmədiyimdən universitetdə bir sıra problemlərlə qarşılaşmışdım. İlk vaxtlar dərsdə oturmaq belə çətin gəlirdi. Səhərlər tez durduğum üçün ağrılarım da çox olurdu. Dərsdə dəfələrlə icazə alıb bayıra çıxırdım. Tənəffüs fasilələrində dərmanlarımı içib evdən gətirdiyim yeməkləri yeyirdim. Dərsdən sonra isə qrup yoldaşlarımdan ayrılıb tələsik evə gəlirdim. Onlar çox vaxt harasa gəzməyə gedirdilər. Amma mənə hər şey qadağan idi. Əslində heç də pis olmurdum. Çünki mənim məqsədim vardı. Sağalmalı idim. Mən ümidimi heç vaxt itirmirdim.

Mən çox çətin günlər yaşadım. Amma nə yaxşı ki yaşadım. Xəstəliklərim mənə həyatı daha çox sevdirdi. Neçə insan səhər oyanarkən gecə yata bildiyi üçün xoşbəxt ola bilər? Axı neçə insan ayağa qalxıb saçını darayarkən Allaha şükr edər? 

Bir il... Tam bir ilimi müalicəmə həsr etdim. Halbuki bu cür problemləri olan insanlar illərlə müalicə alsalar da ağrılardan yaxa qurtara bilmirlər. Mən isə düz bir il sonra əvvəlki həyatıma geri dönmüşdüm.

Bilirsiniz, ovqat yaxşı olanda çətin olan hər şey çox asan görünür. Axı deyirlər ki, gülüş mənfi emosiyaları beyindən sıxışdırıb çıxarır. Məhz buna görə də ovqatı yaxşı olan insan daim uğur qazanıır.

Həmin vaxtlar beynim suallarla dolu idi. Mən hər zaman başımıza gələn pis hadisələrin bir açıqlaması, bir mənası olduğuna və bunun Allah qatında böyük bir mükafatı olacağına inanmışam. Bəs görəsən ard arda yaşadığım bu hadisələrin nə anlamı vardı? Və nəyə görə bu hadisələr elə mənim başıma gəlirdi? Bu suallara cavab tapmaq üçün kiçik araşdırmalar aparırdım. İxtisasımı o qədər sevirdim ki, universitetdə öyrəndiyimiz məlumatlarla kifayətlənməyib başqa məlumatlar əldə edirdim. İnternet bunun üçün əvəzsiz vasitə idi. Mən bir çox psixoloqların araşdırmaları ilə maraqlanmışdım. Hələ Psixologiya elminin yeni inkişaf etməyə başladığı dövrlərdə  bir çox psixoloqlar insanları daha yaxşı anlaya bilmək üçün müxtəlif təcrübələr aparmışlar. Bəs fiziki cəhətdən problemli olan  insanların psixoloji vəziyyəti??? Məsələn xərçənglə mübarizə aparan insanın ruh halı haqqında düşünək. Düşünə bilirsinizmi? Məncə yox. İnsanda empatiya hissi nə qədər güclü olsa da, o özündə hiss etmədiyi ağrıların əslində nə qədər böyük psixoloji sarsıntı yaratdığını anlaya bilməz. Bəlkə də xəstə insanlara psixoloji cəhətdən yardım edə bilməyim üçün mən də bu hissləri yaşamalı idim? Axı hər insanın həyatda müəyyən bir missiyası var.

   Son olaraq problemlər arasında itib batmış insanlara məsləhət vermək istərdim. Əsl xoşbəxtliyi dadmaq istəyirsinizsə insanlara yaxşılıq edin. Həyat heç nəyi cavabsız qoymur. Diqqətinizi yalnız pozitiv hadisələrə kökləyin. Ümidinizi itirməyin. Güclü olun. Problemlər haqqında daha az düşünün. Bu sizi uğura aparacaq. Çünki Həyat kədərlənməyə vaxt xərcləməyəcək qədər gözəldir.  

Nigar Rəhimli

8 may 2016
GO BACK