Qadin.NET / Bir damlaya sığan dünya...

Bir damlaya sığan dünya...

Bir damlaya sığan dünya...
Bir damlaya bir dünya sığa bilərmi? Sığarmış... Bax o irəlidəki uşağa gözlərini zilləmiş həmyaşıdının anasının əlindən tutaraq çəkişdirdiyini izləyir. Diqqətlə bax. İndi gülümsəyəcək xəfif. Sonra sağa qıvrılan dodaqları yavaşca aşağıya doğru büküləcək, həyəcanlı parıltıları gözyaşı parıltıları əvəz edəcək. Ürəyində özünü təlqin edib ağlamağa qoymayacaq, amma gözündən yanağına doğru süzülən o bir damlanı saxlaya bilməyəcək.. Bax, o bir damlada bir dünya yatır. Bir az  kədər, bir az həsrət.. Bolca xəyal, varla yox arası ümid... Körpə ağlıyla adlandıra bilmədiyi duyğular... Soruşsan, sol yanındakı küt ağrıdan bəhs edəcək daha ürəyinin yerini bilməyən körpə.
Bir damlaya sığan dünya...
Deyəcək dərman ver mənə. Susacaqsan, deyə bilməyəcəksən ona, o ağrının onu daim müşahidə edəcəyini. Tapa bilmədiyin sözlərin acizliyini yaşayacaqsan. Buna görə susacaqsan. Böyüyəndə özü adlandıracaq o ağrını. Bir az atasızlıq, bir az anasızlıq... Niyə axı? Ana şəfqətini hiss etməyibsə o məsum, heç vaxt  kürəyini söykəyə biləcəyi bir atası olmayıbsa, bütün xoş duyğulardan məhrum qalıbsa, bəs bu bilmədiyi duyğuların acısını niyə çəkir? Çiyinlərindəki yükün ona ağırlıq etdiyini bir tək mən mi görürəm?
Bir damlaya sığan dünya...
Niyə məhrum olmağı kifayət etmirmiş kimi, ona yad daha nə olduğunu bilmədiyi hisslərin,niyə duymadığı sevginin əzəbını çəkir? Niyə başını sığallayan bir əlin həsrətini çəkir? Niyə anasız atasız hər körpədən onları soruşanda bilmirəm deyə çiyinlərini çəkdikləri halda, bilmədikləri onlara əzab verir? Bax, o damlada bu suallar yatır... Dünya gözlə gördüklərimiz qədərdi. O uşağın göz yaşında isə görmədiklərindən yaranan bir dünya var. Əlimdən bir şey gəlmir. Sadəcə bütün sevgimlə saçlarını oxşayıb, buraxmayacaqmış kimi qucaqlamaq gəlir əlimdən... Halbuki bilirəm, qollarını mənə dolayanda içində daşıdığı “gedəcək mi” qorxusunu.. Bilirəm çünki tərk edilmiş  bütün insanlar belə edir.. Çünkü itirdikləri olan insanlar, yalnız həqiqi mənada sahib olduqlarının keçici olduğunu dərk edir.. Geri qalanlar isə sanki əbədiymiş kimi  bağlanırlar gördükləri hər şeyə və hər kəsə və o planlanmış gün gəlib çatdıqda hazırlıqsız tutulur insan. Və bu gözlənilməz itki sillə kimi dəyir üzə. Bu sillə böyüdür bizi...
Müəllif : Həsənova Aydan
6 may 2016
GO BACK